Putinin xüsusi elçisi İrəvanda - Xovayev Bakıya yenə “15-ci bənd”lə gəlir?

11-02-2023, 11:25   


2023 təkcə Ermənistan üçün deyil, Rusiya üçün də son şans olacaq; Moskva sülh sənədi layihəsini təzələməsə...

Ermənistan bir-birinə düşmən olan geosiyasi qütblərlə riskli oyunlarını davam etdirir. Kapitulyant ölkə həm Rusiyanın müttəfiqi və İranın dostu kimi qalmaq, həm də Qərbin - ABŞ və Avropanın yanında yer almaq istəyir. Biri ilə yaxınlıq edirkən, digərinə də “göz vurur”. Hamının eyni vaxtda dost-müttəfiqi olmaq isə hələ heç bir ölkəyə və ya liderə nəsib olmayıb. Ermənistana da çətin ki, müyəssər ola.

Nikol Paşinyan hökumətinin Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağla bağlı mövqeyi də sürüşkən və qeyri-müəyyəndir. Bir yandan bəyan edir ki, dünyada elə bir dövlət yoxdur ki, Qarabağı Azərbaycanın tərkib hissəsi saymasın, “biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq”, o biri yandan isə Qarabağın ölkəmizin tərkib hissəsi olduğunu təsdiqləyən sülh müqaviləsini imzalamaqdan 3 ildir yayınır. Sülh sazişinin mətninə “artsax”la bağlı bənd əlavə edilməsinə və bu yolla vaxtı uzatmağa çalışır. Ancaq hara qədər?

Bundan əlavə, Azərbaycanı Laçın yolunu bağlamaqda ittiham edən rəsmi İrəvan nədənsə Zəngəzur dəhlizini açmağa tələsmir. Halbuki hər iki dəhlizlə bağlı 10 noyabr üçtərəfli sənəddə konkret bəndlər var. Laçın yolu 3 ildir fəaliyyət göstərir, digərindən isə xəbər yoxdur. Görəsən niyə? Bakı nə vaxtadək birtərəfli güzəştlərə gedib qarşı tərəfin siyasi şıltaqlıqlarına dözəcək? Azərbaycanın gözləmək limiti sonsuz deyil. Prezident İlham Əliyevin keçən ay yerli telekanallara müsahibəsində söylədiyi kimi, 2023-cü il bu xüsusda Ermənistan üçün son şans olacaq.

İqor Xovayevin Bakı səfəri nə ilə nəticələndi? - 30.04.2022, Sputnik  Azərbaycan

Əfsus ki, kapitulyant tərəf addımbaşı Azərbaycanın yaxşılığına pisliklə cavab verir. Laçın yolunda heç bir blokada rejimi olmadığı halda (əsl blokada Naxçıvana qarşıdır!), ölkəmizi qaralamaq, gözdən salmaq üçün döymədiyi “qapı” qalmayıb. Təbii ki, bu işdə beynəlxalq erməni lobbisi ən çox canfəşanlıq edir. Belə görünür ki, Azərbaycanla sülh müqaviləsinə, iki xalqın barışığına var gücü ilə əngəl olan erməni lobbisinə qarşı bu il böyük resurslar xərcləməli olacağıq. Daha bir səbəbə: Qarabağdakı separatçı-kriminal ünsürlərin Qərb ölkələrinə səfərlərini məhz beynəlxalq erməni lobbisi təşkil edir, düzüb-qoşur.    

Yeri gəlmişkən, Amerika Erməni Milli Komitəsi (ANCA) xəbər verib ki, ABŞ Konqresinin Nümayəndələr Palatasına Laçın dəhlizinin Azərbaycan tərəfindən “blokada”ya alınması ilə bağlı qətnamə layihəsi təqdim edilib.

“Konqresmenlər Frenk Pallon və Bred Şermanın təklif etdiyi sənədin qəbulunu dəstəkləyənlərin sayı artıq həm respublikaçılar, həm də demokratlar olmaqla 65 nəfərə çatıb. Sənədin məqsədi Dağlıq Qarabağ və Ermənistanı birləşdirən yolun bağlanması üçün Bakıya təzyiq göstərməkdir”, - deyə qeyd edilir.

Qətnamədə “Azərbaycanın məsuliyyətə cəlb edilməsinin zəruriliyi” də vurğulanıb. Sənəd həmçinin müəlliflərin öz həmkarlarına müraciət etdiyi məktubla müşayiət olunur.

Ermənistan: Laçın yolu bağlıdır, yeganə yol… – SumqayitXeber.Com

“Qətnamə qəbul olunarsa, Nümayəndələr Palatası Baydenin administrasiyasına Dağlıq Qarabağda humanitar vəziyyətin pisləşməsinin qarşısını almaq üçün 5 təklif təqdim edəcək. 1. Azərbaycanın hərbi cinayətlərini (?! - red.) araşdırmaq üçün beynəlxalq məhkəmələrə müraciət etmək; 2. Laçın dəhlizində beynəlxalq müşahidəçilərin yerləşdirilməsi üçün danışıqlar aparmaq; 3. ABŞ-ın Azərbaycana bütün hərbi yardımını dərhal dayandırmaq və Azadlığa Dəstək Aktının 907-ci maddəsini tətbiq etmək; 4. Dağlıq Qarabağın blokadasına və digər insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan Azərbaycan rəsmilərinə qarşı sanksiyalar tətbiq etmək; 5. ABŞ-ın Dağlıq Qarabağın uzunmüddətli inkişafına kömək və humanitar yardım üzrə mükəmməl proqram hazırlamaq”, - məlumatda vurğulanır.

Aydındır ki, erməni diasporun bu qəbildən davam edən canfəşanlığı əsla tərəflər arasında sülh müqaviləsini yaxınlaşdırmır. İrəvan rəsmiləri də erməni lobbisindən geri qalmır. Bu da növbəti fakt.

Srağagün Rusiyanın Azərbaycan-Ermənistan danışıqları üzrə xüsusi nümayəndəsi İqor Xovayev (Ermənistan onu hələ də həyasızcasına ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri kimi təqdim edir!) İrəvanda səfərdə olub. Xovayev baş nazir Nikol Paşinyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb. Gələn məlumata görə, erməni tərəfi yenə köhnə havanı çalıb, rus diplomata Laçın yolu ilə bağlı şikayət edib.

Xovayevin səfəri Bakının İrəvana sülh sazişinin yeni mətnini təqdim eləməsindən az sonraya təsadüf edib. Eyni zamanda, erməni oliqarx-dələduz, Moskvanın adamı Ruben Vardanyanın Qarabağdan yoxa çıxması fonunda reallaşıb. Bəllidir ki, Vardanyanın Qarabağdan getməsi Bakının əsas tələblərindən idi. İstisna deyil ki, Kreml özünün sülh təşəbbüskarlığı üçün daha əlverişli fon yaratmaq, o sırada Laçın yolundakı aksiya ilə bağlı hansısa konsensusa nail olmaqla danışıqları da təşəbbüsü ələ alıb önə çıxmağı hədəfləyib. Hər halda fakt budur ki, qeyri-müəyyənlik davam etdikcə forpost Ermənistan Avropaya, Fransaya daha da yaxınlaşır. Artıq sərhədə fransız jandarmlarının gətirilməsi barədə razılıq da var.

Rusiyanın cəhdləri alınacaqmı? Bunu bir azdan görəcəyik. Əgər Moskva köhnə mövqeyində qalacaqsa, yəni özünün sülh sazişi variantında yenə də “Qarabağ məsələsinin sonraya saxlanması” barədə bəndin olmasında israr edəcəksə, o zaman danışıqları bəri başdan uğursuz hesab eləmək olar. Necə ki, ötən yay məhz İqor Xovayevin vasitəçiliyi ilə Azərbaycana belə bir sülh sazişi mətnini (“15-ci bənd”) sırımaq mümkün olmamışdı. 

Bu mənada Xovayevin Bakıya nə ilə gələcəyi və ya nə gətirəcəyi maraq doğurur. Rusiya həm də tələsməlidir. Çünki Qərb, özəlliklə ABŞ daha məqbul sülh variantı masaya qoymaqla onu qabaqlaya bilər. Odur ki, 2023 təkcə Ermənistan üçün yox, əslində Rusiya üçün də həlledici il  olacaq...  

Siyasət şöbəsi,
“Yeni Müsavat”

 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.