Azərbaycan-Ermənistan danışıqlarında ABŞ-ı aktivləşdirən SƏBƏB

11-02-2023, 17:13   


Azərbaycan-Ermənistan danışıqlarında ABŞ-ı aktivləşdirən SƏBƏB


Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi ilə bağlı son günlər ABŞ-ın diplomatik fəallığı artıb.

Bu aktivlik Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması ilə bağlı real addımların atılmasından daha çox danışıqların bərpasına yönəlik səylərlə müşahidə olunur. 

Ümumiyyətlə, Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasında Rusiya və Avropa İttifaqı ilə müqayisədə ABŞ-ın diplomatik səylərinin artması diqqəti cəlb edir. 

Fevaralın 9-da ABŞ Dövlət katibinin köməkçisi Karen Donfrid Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və fevralın 10-da isə Ermənistan XİN rəhbəri Ararat Mirzoyan arasında telefon söhbəti olub. Hər iki danışıqlar zamanı tərəflər Azərbaycan və Ermənistan arasında sülh prosesi barədə müzakirə aparıb.

Qeyd edək ki, Ermənistan sülh prosesindən daha çox ABŞ rəsmilərinin diqqətini Laçın-Xankəndi yolunun bağlanmasına yönəltməyə çalışır. Məqsəd isə guya Qarabağdakı ermənilərin blokadaya düşməsi və humanitar fəlakətin yarandığı barədə rəy yaratmaqla Qərbin Azərbaycana təzyiqlərinə nail olmaqdır.

Ermənistan eyni zamanda, danışıqlarda manipulyasiya etmək üçün məsuliyyəti Azərbaycanın üzərinə atmağa çalışır. 

Lakin Ceyhun Bayramov Laçın yolunda etiraz aksiyasının legitim olduğunu və aksiyanı həyata keçirən şəxslərin tələblərinin yerinə yetirilməsinin zəruri olduğunu vurğulayıb.

Azərbaycan XİN rəhbəri telefon söhbətində Karen Donfridə bölgədə guya “blokada” və “çətin humanitar vəziyyət” barədə heç bir dəlillərin olmadığını deyib.  

Ceyhun Bayramov Ermənistanın sülh sazişi üzrə danışıqlara manelər törətdiyini, silahlı qüvvələrini Azərbaycan ərazisindən tam çıxarmadığını, hərbi təxribatları və qeyri-qanuni iqtisadi fəaliyyəti davam etdirdiyini bildirib. Nazir Ermənistanın sülh sazişi üzrə danışıqlar prosesi üzrə manipulyasiyalara yol vermək və təxribatçı bəyanatlar səsləndirmək əvəzinə, qısa müddətdə danışıqlar masası arxasında əyləşməsinin vacib olduğunu söyləyib.

Fevralın 11-də ABŞ-ın Dövlət katibi Entoni Blinkenlə Fransanın xarici işlər naziri Katerina Kolonna Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi ilə bağlı məsələni müzakirə edib. 

Bu fonda ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patelin açıqlaması diqqəti cəlb edir. “Cənubi Qafqazda sülhün təşviqi təkcə ABŞ administrasiyası üçün deyil, xüsusən də dövlət katibi Entoni Blinken üçün davamlı prioritet olaraq qalır. Bunu Blinkenin Ermənistan və Azərbaycan liderləri ilə birbaşa qarşılıqlı əlaqəsi sübut edir”.

Onun sözlərinə görə, Amerika Birləşmiş Ştatları sülhün inkişafı üçün bütün istiqamətlərdə əməkdaşlığa qətiyyətlə sadiqdir: “Dediyim kimi, Cənubi Qafqazda sülhün təşviqi bizim üçün daimi prioritet olaraq qalır”, - deyə Patel brifinqdə bildirib.

Politoloq Yeganə Hacıyeva Cebhe.info-ya açıqlamasında Azərbaycan-Ermənistan sülh prosesində ABŞ-ın diplomatik fəallığının artmasını Cənubi Qafqazda geosiyasi balansın dəyişməsi ilə izah edib:

"44 günlük müharibədən sonra Cənubi Qafqazda güclər balansı dəyişib. İlk vaxtlar bölgədə qüvvələr nisbətinin Rusiyanın xeyrinə dəyişdiyinə dair fikirlər üstünlük təşkil edirdi. Hesab edilirdi ki, rəsmi Moskva İrandan və Rusiyadan kənar keçən, Avropanın ehtiyacı olan kommunikasiyalara nəzarət imkanı əldə edib.

Əslində, 44 günlük müharibənin səbəbi güclər balansında iştirakçı olan tərəflərin regionun sülh və sabitliyi üçün legitim olan addımları atmaq istəməməsi, əksinə, status-kvonu qəbul etdirmək cəhdi və bunun üzərindən siyasətini ortaya qoymaq idi. Ona görə də həm ABŞ, həm də Fransa 44 günlük müharibədən sonra Cənubi Qafqazda mövqelərinin zəifləməsini ATƏT-in Minsk qrupundakı fəaliyyətsizliyinə borcludur. Çünki beynəlxalq hüquqla həllini tapmalı olan məsələlərə əməl edilməyib, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası istiqamətində atılmalı olan addımlara göz yumulub. İstər ABŞ, istər Avropa İttifaqı İkinci Qarabağ müharibəsindən sonrakı mərhələdə yaranmış yeni balansda öz mövqelərini qorumağa çalışır.

Fransa Avropa İttifaqının maraqlarının təmsilçisi və BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi hazırda Cənubi Qafqazda öz mövqelərini möhkəmlətməyə çalışır. Lakin Fransa bu məqsədə çatmaq üçün beynəlxalq hüquqla qəbul edilməyən və regionun təhlükəsizliyini nəzərə almadan addımlar atır. Rəsmi Paris özünü Avropa İttifaqının maraqlarının müdafiəçisi qismində təqdim edir. ABŞ da bu mərhələdə Cənubi Qafqazda sülhü və sabitliyi təmin etmək üçün birbaşa mexanizmləri olmadığına görə mövcud şərtləri inkişaf etdirməklə və kənar təsir elementləri ilə vəziyyəti yaxşılaşdırmağa, beləliklə mövqelərini gücləndirməyə can atır. 

Bu səbəbdən biz ABŞ Prezident Administrasiyası və Dövlət Departamenti rəsmilərinin Cənubi Qafqazda sülhü və sabitliyi təşviq edən addımlarını izləyirik.

Sülhə nail olmaq üçün rəsmi Vaşinqton kənar alətlərə əl atıb. Məsələn, 1990-cı illərin sonunda Azərbaycan-Ermənistan danışıqlarının gedişi prosesində İrəvanın davranışları ilə bağlı məxfi məlumatları paylaşdılar. Burada Nikol Paşinyana dəstək məqsədilə paylaşılmış elementlər olsa da, məqsəd həm də danışıqlarda Ermənistana təsir göstərməkdir.

Bu həm də, Rusiyanın mövcud boşluqdan istifadə edərək hakimiyyət dəyişikliyi etmək niyyətinə və paralel olaraq Ermənistan cəmiyyətinə hesablanmış mesaj idi. Yəni 1990-cı illərdə Ermənistan üçün daha əlverişli şərait olduğu halda sülhə razılaşmadınız və məğlub oldunuz. İndiki halda da Zəngəzur dəhlizi və digər kommunikasiyalara razılaşmasanız növbəti məğlubiyyətiniz daha ağır olacaq. ABŞ-ın mövqeyi bundan ibarətdir".

Müşfiq Abdulla    
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.