Hollandiyaya zəlzələyə dözümlü evlər tikməyi öyrədən Türkiyədə niyə bu qədər dağıntı oldu?

11-02-2023, 22:43   


Türkiyədə zəlzələ hollandiya

“Hollandiyanın Qroningen bölgəsində - davamlı silkələnmələrin olduğu yerdə zəlzələyə dözümlü binalar tikməyi bizə Türkiyədən gələn mütəxəssislər öyrədiblər”, - Hollandiya İnşaatçılar Assosiasiyasının üzvü Rudi Roijakkers deyir.

Uzun müddətdir təbii qaz axtarışlarına görə ərazisinin şimalında davamlı zəlzələlərə məruz qalan Hollandiya Türkiyədən çağırılan mütəxəssislər sayəsində dayanıqlı binalar problemini həll edib.

Bütün Avropa ölkələrində olduğu kimi, bazar ertəsindən etibarən Hollandiyada da jurnalistlər və ekspertlər Kahramanmaraş zəlzələsinin niyə bu qədər dağıntıya səbəb olduğunu müzakirə edirlər.


Onlar Hollandiyaya yol göstərən Türkiyənin bunları öz ərazisində tətbiq etməməsindən danışırlar.

"Kahramanmaraş zəlzələsinin yaratdığı dağıntıların qarşısı alına bilərdimi?" Hollandiyalı mütəxəssislər bu suala müsbət cavab verirlər.



Delft Texniki Universitetinin İnşaat Mühəndisliyi Departamentinin professoru Sander Pastarkamp deyir ki, "hətta bu cür şiddətli zəlzələlərə də davam gətirən binalar tikmək mümkündür".

Hollandiyanın ictimai televiziyası NOS-a açıqlama verən Pastarkampın sözlərinə görə, hazırda Türkiyədə ən böyük problem binaların çoxunun kərpicdən tikilməsidir.

O, nəmə dözümlü və səs keçirməyən belə tikililərin zəlzələyə davamlı olmadığını vurğulayır, deyir ki, zəlzələ zonasında yüngül binalar tikilməlidir.

Binaların tərpənən torpaqla birlikdə hərəkət etdiyini bildirən Pasterkampın sözlərinə görə, bina nə qədər yüngül olursa, yırğalananda bir o qədər az enerji yaranır.

O, Türkiyədəki şəhərlərin yenidən inşasında beton və polad konstruksiyalardan istifadə etməyi məsləhət görür.

Hollandiyalı professorun sözlərinə görə, digər variant taxta konstruksiyalardır. Taxta evlərin zəlzələlərə son dərəcə davamlı olduğunu vurğulayan Pasterkamp deyir ki, “yüngül olduqları və bütün detallar bir-birinə mismarlandığı üçün belə binaların konstruksiyası möhkəm olur. Taxtalardan biri zədələnəndə ağırlıq o birinin üstünə düşür”.

Hollandiya İnşaatçılar Assosiasiyasının üzvü Rudi Roijakkers Yaponiyanın paytaxtı Tokionu və Yeni Zelandiyanı misal çəkərək deyir ki, hətta güclü zəlzələlər zamanı da dağılmayan binalar tikmək asandır.

O, sarsıntı zamanı torpaqla birlikdə hərəkət edən çevik binaların çox vacib olduğunu vurğulayır.

Roijakkers təkərli konkilərdə balanslaşdırma üsulunu nümunə göstərir:

Bu üsulun binalara da tətbiq etmək mümkün olduğunu və yer hərəkət edəndə evlərin salamat qala biləcəyini deyir.


Onun sözlərinə görə, Türkiyədəki mütəxəssislər sözügedən üsulu çox yaxşı bilirlər.

Son illərdə davamlı olaraq kiçik miqyaslı süni zəlzələlərə məruz qalan Hollandiyaya dayanıqlı bina tikməyi Türkiyə mütəxəssisləri öyrədiblər.

“Qroningendə zəlzələyə davamlı binalar tikməyi bizə Türkiyədən çağırılmış mütəxəssislər öyrətdilər”, - Roijakkers deyir.

Onun sözlərinə görə, Türkiyədə nəzarət zəif, bu üsulsa çox bahalı olduğu üçün yüksək intensivlikli zəlzələyə davamlı binalar tikilmir.

“University College London”un İnşaat mühəndisliyi fakültəsinin professoru Dina D'Ayala Türkiyədə binaların təftiş edilmədiyini vurğulayır.

Türkiyədəki tənzimləmənin Avropadakı tikinti qanunvericiliyilə, demək olar ki, eyni səviyyədə olduğuna diqqət çəkən D'ayala qanunların praktikada zəif tətbiq edildiyini qeyd edir.


“RTL News”-a müsahibə verən D'ayala-nın sözlərinə görə, Türkiyədə tikinti materiallarının daha ciddi təftişinə və podratçıların daha çox öyrənməsinə ehtiyac var.

Rudi Roijakkers də materiallarının keyfiyyətsizliyi probleminə diqqət çəkir, deyir ki, "İndi şəhərlər böyüyür. Bir çox yerdə hündürmərtəbəli binalara ehtiyac var və buna görə də insanlar ucuz materiallardan istifadə edirlər".


Hollandiya Avropada zəlzələ problemini ən çox hiss edən ölkələrdən biridir.

75 il əvvəl qurulan NAM şirkətinin Şimal dənizində təbii qaz yataqları axtarması ölkənin şimalındakı Qroningen şəhərində davamlı zəlzələlərə səbəb olur.

Bunlar Türkiyədəki kimi yüksək intensivlikli təkanlar deyil – 1,5 və 4 bal arasında dəyişir.

Ancaq torpağın xeyli yumşaq olduğu deltada hətta bu miqyasda zəlzələlər də ciddi fəsadlar törədə bilər.

2012-ci ildə bölgədə baş vermiş 3,6 ballıq zəlzələdən sonra İstanbul Texnologiya Universitetinin Zəlzələ Mühəndisliyi və Təbii Fəlakətləri İdarəetmə İnstitutunun professoru İhsan Engin Bal Qroningendəki Hanze Tətbiqi Elmlər Universitetinə dəvət edilib.


Bal və komandası Qroningendə zəlzələyə davamlı konstruksiyaların tətbiqini populyarlaşdırıblar.

Hollandiya hökuməti ordakı binaların və infrastrukturun təmirinə və əhaliyə dəyən ziyanın aradan qaldırılmasına 1,5 milyard avrodan çox vəsait ayırıb.

Zəlzələ nəticəsində evləri və ya iş yerləri zədələnənlərə 30 min avroya qədər təzminat ödənilir.

Zəlzələ stresindən səhhətində problemlər yaranan insanlara təzminatla yanaşı, psixoloji dəstək verilməsi də gündəmdədir.

BBC.com



Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.