Türkiyədə 14 maya planlaşdırılan prezident seçkilərinin təxirə salınması çağırışları və təşəbbüsləri getdikcə artır. Hətta nüfuzlu "Röyters" agentliyi belə, Türkiyə hökumətinin buna hazırlaşdığını yayıb.
Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şükürlü Türkiyədə seçkilərin ertələnməsi barədə ehtimallar haqda qeyd edib.
Onun fikrincə, seçkilərin təxirə salınması qaçılmaz olacaqsa, Ərdoğan hökuməti üçün ən yaxşı variant seçkilərin gələn ilə - 2024-ə keçirilməsidir:
“Çünki 2024-cü ildə həm Rusiyada, həm ABŞ-da, həm də Rusiya və ABŞ-dakı seçkilərin taleyini müəyyənləşdirəcək Ukraynada prezident seçkiləri olmalıdır. Bu isə o deməkdir ki, qarşıdakı seçkilərdən yararlanaraq, Türkiyəni qarışdırmağa və öz cinahına çəkməyə çalışan güclərin əsas diqqəti öz daxillərinə yönələcək.
Əgər Türkiyə Böyük Millət Məclisi ölkəyə bir müharibədən daha çox ziyan vurmuş zəlzələni əsas götürərək, seçkiləri iyuna deyil, 1 il sonraya ertələyərsə, bu, Ərdoğana da zəlzələnin vurduğu ziyanı aradan qaldırmaq və faciədən yararlanaraq, onu yıxmağa çalışan rəqiblərini seytnota salmaq üçün kifayət qədər geniş zaman qazandırmış olacaq.
Əks halda, arxasında xarici güclərin durduğu müxalifət zəlzələnin vurduğu zərəri bütövlükdə Ərdoğan komandasının ayağına yazmaqla, ictimai etirazları körükləyəcək, onun hakimiyyətdən getməsi üçün hər şeyə əl atacaq. Bu isə Türkiyəni, eləcə də onun rəhbərliyi ilə qurulan Türk Dövlətləri Təşkilatlarında birləşmiş ölkələri uzun illər geriyə atacaq, türk-müsəlman coğrafiyasını yeni geopolitik toqquşma meydanlarına çevirəcək”.