Türkiyənin Hatay vilayətinin İskəndərun şəhərindəki Dövlət Xəstəxanasının A blokunun zəlzələyə davamlı olmadığı üzə çıxıb.
Bu barədə xəstəxananın rəsmi internet səhifəsinə məlumat yerləşdirilib.
1962-ci ildə inşa edilən xəstəxananın saytına yerləşdirilən məlumatda qeyd olunur ki, 2012-ci ildə A Bloku üçün zəlzələyə davamlılıq testinin nəticəsi mənfi olub.
Qeyd edək ki, bir neçə reanimasiya şöbəsinin yerləşdiyi blokda onlarla xəstə və tibb işçisi dağıntılar altında qalıb. Zəlzələnin 7-ci günündə axtarış-xilasetmə işləri davam edir.
Həyat yoldaşı dağıntılar altında qalan Nafi Sertkol DHA-ya açıqlamasında bildirib ki, Sevda Sertkol zəlzələ günü ürək-damar cərrahiyyəsində növbətçi tibb bacısı olub:
"Zəlzələ baş verərkən 3 övladımla evdə idik. Biz sağ qurtulduq. Həyat yoldaşımla danışa bilməmişəm. Xəstəxanaya çatanda hər yerin dağıldığını gördük. Biz gələndə xəstələr aşağı mərtəbədə idilər.
Bu bina çox köhnə idi. İskəndərunda ilk xəstəxanalardan biri idi. Sənədlər var ki, zəlzələyə davamlı olmayıb. Niyə bu günə kimi qarşısı alınmayıb? Bu cinayətə təşəbbüsdür".
BAKU.WS