AB Praqada Azərbaycanın ərazi bütövlüyünü hansı sərhədlər çərçivəsində tanıyıb? İlham Əliyevin dediyi 8 kənd bura daxildirmi?
Axar.az xəbər verir ki, bunu erməni politoloq Benyamin Matevosyan deyib.
“Paşinyan parlamentdə bəyan etdi ki, 2022-ci ilin oktyabrında Praqada keçirilən dördtərəfli görüşdə AB Ermənistanın sərhədlərini aydın şəkildə müəyyən edib və bu sərhədə nəzarət etmək üçün müşahidəçilərini göndərəcək. Paşinyanın bəyanatının mənfi tərəfi var: əgər AB Ermənistanın sərhədlərini müəyyən edibsə, başqa sözlə, “X” sərhədləri daxilində onun ərazi bütövlüyünü tanıyıbsa, bu o deməkdir ki, “Y” sərhədləri daxilində də Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Bakıda ərazi bütövlüyü anlayışı isə yalnız Qarabağın Azərbaycanın tərkibinə daxil edilməsi ilə qəbul edilir. Ancaq indiki vəziyyətdə mən Qarabağla deyil, Ermənistanla bağlı reallıqlara aydınlıq gətirmək istərdim. Çünki rəsmi Bakının mövqeyinə görə, Ermənistan daha 8 kəndi qaytarmalıdır. İlham Əliyev Fransa prezidenti ilə söhbətində birbaşa deyib ki, Ermənistan Azərbaycana məxsus 8 kəndi işğal altında saxlayır. Əgər Praqada Paşinyan təkcə Qarabağın deyil, 8 kəndin üzərində də Azərbaycanın suverenliyini tanıyıbsa, eyni zamanda, AB də Azərbaycanın ərazi bütövlüyünü göstərilən 8 kəndlə də tanıyıbsa, bu gün açıq şəkildə demək lazımdır ki, biz itirdik. Nə itirdik? Bu kəndlərə nəzarət etməmək təkcə Zəngəzur və Qarabağ üçün deyil, bütün Ermənistan üçün enerji və nəqliyyat təcridinə gətirib çıxarır”, - o bildirib.
Matevosyan qeyd edib ki, ən mühüm dövlətlərarası magistral Ermənistanın mərkəzi hissəsini Zəngəzur, Qarabağ və İranla birləşdirən Kərki kəndindən keçir:
“Əgər Kərki əldən getsə, o zaman Ermənistanın Qarabağda və İranda yalnız bir çıxış yolu olacaq - Vedi yolu. Aşağı Əskiparaya (Voskepara - red.) gəlincə, Gürcüstana dövlətlərarası yol oradan keçir. Bu əraziyə nəzarətin itirilməsi Gürcüstandan Ermənistana (Qırmızı Körpü - Sevkar - Berd xətti ilə keçən) qaz kəmərinin fiziki mövcudluğunu da “təhlükə” altına qoyur. Bu ərazilərin itirilməsi böyük risklər daşıyır. Əgər AB Praqada Ermənistanın ərazi bütövlüyünü tanıyıbsa və bunun nəticəsində Bakı Laçın yolunun “bağlayıbsa”, onda AB Azərbaycanın ərazi bütövlüyünü hansı konkret sərhədlər çərçivəsində tanıyıb. Göstərilən yaşayış məntəqələri və onlardan keçən kommunikasiyalar ora daxil olurmu? Sual həyati əhəmiyyət kəsb edir, çünki heç kim təminat verə bilməz ki, Qarabağdan sonra Qərbi Azərbaycan icması öz tarixi torpaqlarına, yəni Ermənistanın şəhər və kəndlərinə geri qayıtmağı tələb etməyəcək”.