Özünü Qarabağın “dövlət naziri” kimi təqdim edən Ruben Vardanyan Xankəndinə qayıdıb.
Bu barədə “Hraparak” nəşri məlumat yayıb. Onun ötən gün tabeliyindəki “rəhbər heyətin” iştirakı ilə işçi məsləhətləşmə keçirdiyi bildirilib.
Vardanyanın separatçıların rəhbər heyətində təmsil olunan şəxslərə müxtəlif tapşırıqlar verdiyi qeyd olunub. Görünən odur ki, Ermənistan və Rusiya tərəfi hələ də rəsmi Bakının tələblərini yerinə yetirməməkdə israr edir. Əks təqdirdə, Moskva Ruben Vardanyanın geri qayıtmasına icazə verməzdi.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə Cebhe.info-ya açıqlamasında bildirib ki, Vardanyan Qarabağı gizli surətdə tərk edərək, onu Xankəndiyə xüsusi missiya ilə göndərən “ağa”larının yanına getmişdi:
“Görünür, yeni vəziyyətə uyğun olaraq hansı addımların atılması ilə bağlı Moskvada növbəti tapşırıqları alıb. Əslində onun gizli surətdə Qarabağdan gedib, sonra qayıtması onların guya Xankəndidəki ermənilərin blokadada olduğu iddiasını darmadağın edir. Bu, bir daha təsdiq edir ki, onların istənilən vaxt gedib-qayıtmaq imkanları var. Bu imkanı isə onlara yaradan sülhməramlı adlandırılan rus hərbçiləridir. Rus hərbi kontingenti qeyri-qanuni olaraq ölkəmizdə məskunlaşan, Azərbaycana təhdidlər yağdıran və müharibə ritorikasını sərgiləyən terrorçunu himayə edir.
Vardanyana növbəti tapşırıqlar verib Xankəndiyə göndərməklə Rusiyanın siyasi-hərbi rəhbərliyinin yeni planlar üzərində işləmək istədiyini göstərir. Çünki Vardanyanın üzərinə götürdüyü missiyanın Azərbaycan tərəfindən qarşısının alınması onu növbəti mərhələdə fərqli missiya yerinə yetirməsinə rəvac verəcək. Təbii ki, qarşıdakı günlərdə hansı addımların atacağını görəcəyik”.
Partiya sədri vurğulayıb ki, Laçın-Xankəndi yolundakı aksiya davam etdirilməlidir:
“Düşünürəm ki, aksiya öz məntiqi nəticəsinə çatana qədər davam etməlidir. Hesab edirəm ki, Azərbaycan öz mövqeyini bir qədər də sərhədləşdirməlidir. Artıq birmənalı olaraq Xankəndiyə, Xocalıya və Xocavəndə daxil olmaq missiyası yerinə yetirməliyik. Azərbaycan həmin ərazilərdə öz qanunvericiliyini tətbiq etməlidir. Rəsmi Bakı öz ərazilərindəki bütün prosesləri nəzarətə götürməkdə haqlıdır və bunu etməlidir. Əks halda, kənarda dayanaraq Azərbaycan dövlətinin əleyhinə həyata keçirilən prosesləri önləmək mümkün deyil. Birmənalı olaraq antiterror əməliyyatı keçirilməlidir. Bu əməliyyatlar sayəsində separatçıların rəhbərləri olan terrorçular ələ keçirilməli və Azərbaycan qanunları ilə mühakimə olunmalıdırlar.
Rusiya tərəfinə də bu məsələrlə bağlı çox ciddi surətdə xəbərdarlıq edilməlidir ki, öz üzərinə götürdükləri öhdəlikləri yerinə yetirsinlər. Üstəlik, Azərbaycan və Rusiya arasındakı strateji mütəffiqlik haqqında müqavilənin də müvafiq bəndləri pozulur. Həmin sazişdə tərəflərin öz ərazilərində terrorçulara və separatçılara qarşı birgə mübarizə öhdəliyi də Rusiya tərəfindən yerinə yetirilmir. Bütün bunlar Rusiya rəhbərliyinin diqqətinə çatdırılmalıdır”.
Elmir Mustafa
Cebhe.info