Rusiya və satelliti Ermənistan arasında münasibətlər sonuncunun tərkibində Fransa jandarmaları da olacaq Avropa İttifaqının uzunmüddətli missiyasını öz ərazisinə çağırmasının ardınca daha da gərginləşib. Moskva forpostundan açıq-aşkar və bərk narazıdır.
Srağagün bu narazılıq Dövlət Dumasının sədri Vyaçeslav Volodinin dilindən səslənib. Spiker Avropa qurumlarını regiondakı vəziyyətin həllinə cəlb etmək cəhdləri ilə bağlı İrəvana sərt xəbərdarlıq edib, hətta onu hədələyib.
Belə ki, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə srağagünkü görüşdə Volodin deyib: “Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı bəyanatlara əsaslanmalıdır. Gəlin ondan çıxış edək ki, Azərbaycan, Ermənistan və Rusiyanın dövlət başçıları səviyyəsində qəbul edilmiş qərarları var. Biz bunu rəhbər tutacaq və öz tərəfimizdən bu bəyanatların həyata keçirilməsi üçün hər şey edəcəyik. Avropa institutları istiqamətində bəyanatlar verənlər isə sadəcə, öz ölkəsini itirə bilərlər”.
Spikerin sözlərinə görə, Avropa Parlamentinə müraciət etməmişdən və bəzi məsələlərin həllinə bu qurumu cəlb etməmişdən əvvəl bir suala cavab tapılmalıdır: “Avropa Parlamentinin, AŞ PA-nın iştirakı ilə hansısa ciddi məsələ və ya münaqişəli vəziyyət həll olunubmu? Belə bir nümunə yoxdur”.
****
Ancaq belə bir nümunə heç Rusiyanın timsalında da yoxdur. Gerçək belədir ki, Kreml postsovet məkanındakı etnik-ərazi konfliktlərinin heç birinin həllinə səmimi şəkildə kömək eləməyib. İstəməyib. Əksinə, onları öz maraqları naminə zaman-zaman körükləyib, ən yaxşı halda dondurub. Ya da ki, Abxaziya və Cənubi Osetiya timsalında separatçı qurumların “müstəqilliyini” tanımaqla vəziyyəti daha da qəlizə salıb.
Volodin Qafarova ilə görüşdə onu da vurğulayıb ki, Avropa Parlamentini və AŞPA-nı prosesə cəlb etmək istəyənlər 10 dəfə düşünməli və bunun necə bitəcəyini ölçüb-biçməlidirlər. Əlbəttə ki, özündə hədə tonu daşıyan və ümumən rəsmi Moskvanın mövqeyini ifadə edən bu mesaj dolayısıyla Azərbaycana da ünvanlanıb.
Sirr deyil ki, Rusiya Azərbaycan və Ermənistan arasında danışıq platforması kimi Avropanın (Brüsselin) seçilməsini, yumşaq desək, “həzm edə” bilmir. Çünki bunu özünün Cənubi Qafqaz maraqlarına real təhlükə sayır. Ehtiyat edir ki, Bakı və İrəvan Moskvanın iştirakı olmadan həqiqətən günün birində barışıq əldə edər, sülh sazişi imzalayar və nəticə etibarilə bölgədə Rusiyanın hərbi mövcudluğuna lüzum qalmaz. O səbəbə Qərbin (ABŞ və Avropa Birliyinin) moderatorluğunu bütün mümkün vasitələr, təzyiq-şantaj üsulları ilə gözdən salmağa çalışır.
Ancaq paradoks ondadır ki, Moskva özü də Azərbaycan və Ermənistan arasında real sülh sazişinin imzalanmasına həvəs göstərmir. Yaxud masaya Qərbdən daha məqbul bir anlaşma layihəsi qoymur. Əksinə, sülh müqaviləsinin mətninə qəsdən Azərbaycanın heç vaxt qəbul etməyəcəyi bənd (statusun sonraya saxlanması) əlavə eləməklə, barışıq prosesini pozur, ləngidir. Bu isə bölgədə yeni müharibə riskini artırır.
Odur ki, bir sual öz aktuallığını saxlayır: Rusiya gerçəkdənmi regionda müharibə istəmir? İstəmirsə, o zaman nədən Qərbə sarı getmək istəyən İrəvanın əsas arqumentini əlindən almır: onun Bakı ilə sülh sazişi imzalamasına nail olmur? Buna qat-qat imkan və resursları ola-ola!..
***
Məsələ də ondadır ki, Rusiya bölgədə daimi sabitlikdə maraqlı görünmür. Daha dəqiqi, verdiyi bəyanatlarla əməli arasında kəskin ziddiyyət var. Bunun bariz sübutu Kremlin hələ də Qarabağdakı separatçı ünsürlərdən, özəlliklə “Vardanyan layihəsi”ndən Azərbaycana təzyiq kimi istifadə etməsidir.
Yeri gəlmişkən, Rusiyanın adamı olduğu şəkk-şübhə doğurmayan erməni oliqarx-dələduz Ruben Vardanyan srağagün Moskvadan Qarabağa qayıdıb və qayıdan kimi də qondarma “dövlət naziri” Xankəndidə bandasını başına yığaraq “müşavirə” keçirib. Hərçənd belə fikirlər var idi ki, o, Rusiyadan geri dönməyəcək, yaxud dönsə də, gəlib “istefa” verib gedəcək. Hələ ki bunların heç biri öz təsdiqini tapmayıb. Görək o, Rusiyadan konkret hansı təlimatları alıb. Lakin Vardanyana verilən göstəriş-təlimatlardan asılı olmayaraq, bir şey dəqiqdir: Bakı onun Qarabağda hər hansı statusda varlığını qəbul etməyəcək! Laçın yolunda üçüncü aydır davam edən etiraz aksiyasının bir tələbi də məhz Vardanyanla, onun ərazimizdə sərvətlərimizi qanunsuz istismar eləməsi, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə meydan oxuması ilə bağlıdır. Halbuki bu əməllər hər şey qırağa, Prezidentlər - İlham Əliyev və Vladimir Putinin imzaladığı 22 fevral 2022-ci il Moskva Bəyannaməsinin müvafiq bəndlərinə, xüsusən də 1, 6, 7, 11 və 18-ci bəndlərinə daban-dabana ziddir.
O səbəbə daha bir sual bütün ciddiliyi ilə ortaya çıxır: Moskva Qarabağda təbii sərvətlərimizin monitorinqinin keçirilməsi zəruriliyi ilə bağlı Vardanyanın başına ağıl qoya bilibmi? Bunu yaxın günlərdə görəcəyik.
***
O ki qaldı rus spiker Volodinin istinad elədiyi, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanatlara (10 noyabr 2020 kapitulyasiya sənədi, 11 yanvar 2021-ci il Moskva, 26 noyabr 2021 və 31 oktyabr 2022-ci il Soçi bəyanatları), onlara tam əməl etməyən yenə də əsasən Ermənistan və Rusiyadır. Qarabağdan hələ də qanunsuz silahlı dəstələrin tam çıxarılmamasını, Zəngəzur dəhlizinin indiyədək açılmamasını yada salmaq yetər.
Bu mənada Moskva hədələməkdən öncə öz gözündəki “tir”ləri görsə, yaxşı olar. Eyni zamanda onun Azərbaycanla Ermənistan arasında sülh müqaviləsində maraqlı olduğuna inam artar...
Siyasət şöbəsi,
“Yeni Müsavat”