Mirzoyan Türkiyədədir. Bakıdan reaksiya: Ermənistan üçün "gözəl imkandır"

15-02-2023, 23:33   



Ararat Mirzoyan Mevlüt Çavuşoğlu Türkiyə-Ermənistan əraziləri

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Bu gün Ermənistan xarici işlər naziri ilə görüşən Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu qonşu ölkənin zəlzələyə görə yardım göndərməsini təqdir edib.

O, görüşdən sonra keçirilən mətbuat konfransında bildirib ki, “bu çətin günümüzdə Ermənistan insanımıza dostluq əlini uzatdı, həmrəylik və əməkdaşlıq nümayiş etdirdi “, - Anadolu agentliyi yazıb.

Ararat Mirzoyan isə deyib ki, "bu çətin anda Türkiyədə olaraq bir daha bölgədə sülh qurmaq məsələsində və Türkiyə ilə münasibətlərin tam normallaşması, diplomatik əlaqələrin qurulması və sərhədin tam açılması ilə bağlı Ermənistan Respublikasının hazır olduğunu və istəyini bir daha təsdiqləmək istəyirəm".

Mevlüt Çavuşoğlu erməni axtarış-xilasetmə dəstəsinin kiçik bir qızı və qadını xilas etdiyini qeyd edərək, onlara təşəkkür edib.

O deyib ki, həmkarı Ararat Mirzoyan yenə də yardım göndərəcəklərini söyləyib.








Türkiyədə fevralın 6-da baş vermiş dağıdıcı zəlzələdən sonra Ermənistan bölgəyə xilasedicilər və humanitar yardım göndərmişdi.

Humanitar yardımın quru yolla çatdırılması üçün 30 ildir bağlı olan Ermənistan-Türkiyə sərhədi açılıb.

Mevlüt Çavuşoğlu əlavə edib ki, Ermənistan tez-tez onlardan əlavə istəklərinin olub-olmadığını soruşub, Anadolu agentliyinin xəbərində vurğulanır.

Ermənistan xarici işlər naziri Mirzoyanın sözlərinə görə, “bu çətin anlarda” Türkiyəyə səfəri “sülhü bərqərar etməklə” bağlı istəklərini bir daha göstərməkdir, xəbərdə deyilir.

Ermənistan nümayəndə heyəti Adıyaman şəhərində zəlzələdən sonra axtarış-xilasetmə işlərində iştirak edən Ermənistan xilasediciləri ilə görüşəcək, Ermənistan XİN bildirib.

Türkiyə xarici işlər naziri Melüt Çavuşoğlunun sözlərinə görə, çərşənbə günü ermənistanlı həmkarı Ararat Mirzoyanla iki ölkə arasında yerüstü əlaqələr üçün infrastrukturun açılması üçün hazırlıq prosesinin sürətləndirilməsi haqqında razılığa gəliblər.

Mirzoyan, çavuşoğlu, türkiyə, ermənistan

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Ermənistanın gələcəyi “Azərbaycan və Türkiyə ilə bağlıdır”



Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov BBC-yə deyib ki, Azərbaycan-Türkiyə-Ermənistan arasında olan danışıqların inkişaf etdirilməsində Azərbaycan maraqlıdır.

“Biz maraqlıyıq ki, Ermənistan, həm Türkiyə ilə, həm də Azərbaycanla konstruktiv, substantiv real, sülh prosesinin konkret olaraq gündəmə gətirən və regionda birdəfəlik, dayanıqlı sülhün bərqərar olmasına xidmət edən siyasət aparsın. Bununla əlaqədar olaraq, Azərbaycan dəfələrlə öz bəyanatını verib”, - cənab Seyidov vurğulayır.

“Ermənistan və Türkiyə arasında hər bir ünsiyyət, o cümlədən, Azərbaycan siyasətinin, Azərbaycan və Türkiyənin birgə apardığı siyasətin çərçivəsində aparılan söhbətlərdir. Burada bir düstur artıq özünü sübut edib - biz bir millət iki dövlətik və bəzi hallarda xarici siyasətdə bir istiqamətdə fəaliyyət göstəririk”, - o, əlavə edib.

Deputat “xüsusilə zəlzələdən sonra Ermənistanın bu məsələyə bu cür münasibətini gözəl bir şans, gözəl bir imkan” kimi dəyərləndirib.

Səməd Seyidov deyir ki, Ermənistan XİN başçısının Türkiyəyə getməsi və orada belə yüksək səviyyədə söhbətlər aparmasının məhz Azərbaycan-Ermənistan münasibətlərinə müsbət təsir göstərməsi arzuolunandır.

Ararat Mirzoyan ölkəsinin xarici siyasət idarəsinin rəhbəri kimi ikinci dəfədir ki, Türkiyəyə rəsmi səfər edir.

Daha əvvəl, o, 2022-ci ilin martında, Ankaranın dəvəti ilə Antalya diplomatik forumunda iştirak edib və türkiyəli həmkarı ilə qapalı danışıqlar keçirib.

Ermənistanla Türkiyə arasında diplomatik münasibətlər yoxdur, iki ölkə arasında sərhəd isə Türkiyənin təşəbbüsü ilə 1993-cü ildən bağlıdır.

Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesi çərçivəsində ölkələrin xüsusi nümayəndələri 2022-ci il yanvar ayından bəri dörd dəfə görüşüblər.

BBC.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.