Bakıya qarşı təhlükəli demarş - Rusiya “mehriban düşmən”ə çevrilir?

16-02-2023, 11:24   


 

Xovayevin səfərindən cəmi bir gün öncə Vardanyanın Azərbaycana qaytarılmasının səbəbi; Moskvada erməni oliqarx ölümlə hədələnib? Türkiyənin başının dağıdıcı zəlzələyə qarışmasını fürsət bilənlər yanılır...

Rusiya XİN-in Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev srağagün Bakıda səfərdə olub. Prezident İlham Əliyev tərəfindən qəbul edilib. Xarici işlər naziri Ceyhun Bayramovla bir araya gəlib.

Rəsmi məlumata görə, İlham Əliyevlə görüşdə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin hazırlanması üzrə danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparılıb. Xovayev Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması üzrə danışıqlar prosesini dəstəkləmək üçün Rusiyanın atdığı addımlar haqda məlumat verib.

Qeyd edək ki, ötən həftə İrəvanda olan İ. Xovayev nədənsə Azərbaycana birbaşa oradan gəlməyə lüzum görməmişdi. Diplomat Moskvaya qayıtdı, oradan isə Bakıya yola düşdü. Bu da maraqlıdır ki, xüsusi səfir paytaxtımızda olan gün Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı da olub.

*****

Putinin elçisi Bakıda - Xovayev nə gətirmişdi, nə ilə getdi?

Rusiya XİN-in xüsusi elçisinin regiona səfər kontekstində uzun “trayektoriya” cızması (İrəvan-Moskva-Bakı marşrutu), həmçinin iki ölkə liderləri arasında reallaşan telefon danışığı belə ehtimal yaradır ki, Moskva hansısa sənəd üzərində işləyir. Yəni ola bilsin, İrəvanın təklifləri “mərkəzdə” detallı müzakirə edildikdən sonra daha bitkin mövqe ilə paytaxtımıza getmək qərarı verilib. Hər halda, Xovayevin vəzifəsinin adı (“Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndə”) ən əvvəl bunu diktə edir.

Lakin Kremlin sülh təşəbbüsünün səmimiliyinə hələ də inanmaq çətindir. Birinci ona görə ki, o, Ukrayna “bataqlığı”ndan çıxmağa çalışdığı vaxtda İrəvanla Bakını barışdırmağa, tərəflər arasında sülh müqaviləsinin imzalanmasına nail olmağa həvəsi və marağı görünmür.

İkinci o səbəbə ki, Xovayevin Azərbaycan səfərindən cəmi bir gün qabaq erməni mənşəli rusiyalı oliqarx, Kremlin “desantı” Ruben Vardanyan Moskvadan Qarabağa qayıdıb. Qayıdan kimi də “müşavirə” keçirib. Bu isə o anlama gəlir ki, şimal qonşumuz Azərbaycana qarşı separatizm dalğasını qızışdırmaqda israrlıdır və Bakıya təzyiq taktikasından əl çəkməyib. Eyni zamanda Laçın yolundakı etiraz aksiyasının əsas tələbini qulaqardı eləməkdədir.

*****

Azərbaycan Prezidenti Rusiya XİN-in xüsusi nümayəndəsi İqor Xovayevi qəbul  edib - YENİLƏNİB

Yeri gəlmişkən, Moskvadakı mötəbər mənbələrdən alınan məlumata görə, Vardanyan orada Rusiya xüsusi xidmət və hüquq-mühafizə orqanlarının nümayəndələri ilə görüşüb, Kremldə prezident administrasiyasında olub. Danışıqların “asan olmadığı” deyilir (Haqqin.az).

Bəllidir ki, Vardanyanın Qarabağda qalmasına etiraz edən təkcə rəsmi Bakı deyil. Xankəndində o, separatçıbaşı Araik Arutyunyanın timsalında da özünə düşmən qazanıb. Həmçinin Qarabağ erməniləri “moskvalı qonağı” çox da isti qəbul eləmirlər. Erməni milyarderin, yumşaq desək, belə narahat şəraitdə öz missiyasını davam etdirmək istəyində olmaması təəccüblü deyil. Bu da Rusiyanın qane eləmir. O səbəbə Vardanyanın Moskvada təzyiqə məruz qaldığı və hətta ölümlə hədələndiyi bildirilir. Mənbələrin məlumatına görə, erməni oliqarx da zorən öz “missiya”sını davam etdirməyə razılaşıb və sülhməramlıların avtomobili ilə Xankəndinə qaytarılıb.

Deməli, həm bölgədə, həm də Rusiya-Azərbaycan münasibətlərində yeni gərginlik qaçılmazdır. İstisna deyil ki, rəsmi Moskva Türkiyənin başının 10 gündür dağıdıcı zəlzələnin nəticələrini aradan qaldırmağa qarışmasından da sui-istifadə eləməyə çalışır. O ümidlə ki, Azərbaycan mövcud vəziyyətdə guya Türkiyə ilə məsləhətləşmədən separatçılara qarşı hansısa hərbi xarakterli tədbirə əl atmaz.

Vardanyan Moskvadan Qarabağa qayıtdı

Ancaq bu hesablamalar yanlışdır. Azərbaycanın da, qardaş ölkənin də hərbi gücü yerindədir - azalıb eləməyib. 

Ən absurdu isə baş verənlər fonunda Moskvadan Bakıya ard-arda dostluq mesajlarının göndərilməsidir. Bu dəfə Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri, sabiq diplomat Qriqori Karasin fərqlənib. Fevralın 14-də Azərbaycan parlamentinin spikeri Sahibə Qafarova ilə görüşdə o deyib: “Rusiya-Azərbaycan münasibətlərinin tarixi əsrlərə gedib çıxır və rəsmi Moskva Azərbaycanı özünün dostu və strateji tərəfdaşı sayır. Biz hazırda çətin geosiyasi dövrdə yaşayırıq və Rusiya öz dostlarına və tərəfdaşlarına dəyər verir. Rusiya qonşu dövlətlərlə sabit münasibətlərin saxlanmasının tərəfdarıdır”.

Hanı bəs? Niyə bu dəyəri əməldə görə bilmirik? Bəlkə ona görə ki, Rusiya Azərbaycan üçün faktiki “mehriban düşmən”ə çevrilib?..

*****

“Erməni separatçılarının "dövlət naziri" Ruben Vardanyanın Moskvaya çağrılması və məsləhətləşmələrdən sonra onun eyni yolla geri qaytarılması Kremlin Azərbaycana qarşı təxribatçı siyasətini davam etdirməsindən xəbər verir".

Bunu isə politoloq Elxan Şahinoğlu söyləyib.

Onun sözlərinə görə, Moskva Vardanyandan Azərbaycana qarşı istifadə etmək istəyindən əl çəkməyib: “Rusiyalı rəsmilər Azərbaycanla "strateji tərəfdaşlıq"dan ağız dolusu danışsalar da, erməni separatizminə dəstək vasitəsilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizliklərini nümayiş etdirirlər. Bu suallar açıq qalır: Onunla Moskvada kim görüşüb və hansı məsələləri müzakirə edib? Moskvanın Vardanyanı yenidən Qarabağa göndərməkdə məqsədi nədir?"

Politoloq xatırladıb ki, erməni separatçılarının müxtəlif nümayəndələri keçmiş illərdə də Moskvaya səfərlər edib və bu səfərlərin məqsədi Azərbaycana izah edilmirdi. “Rusiyalı rəsmilər və diplomatlar heç vaxt suallara aydınlıq gətirmədilər. Vardanyanın Qarabağa qaytarılması xəbərinin yayılması ilə eyni gündə İqor Xovayev Bakıya gəlib və rəsmi görüşlər keçirib. Rusiya erməni separatçılarını idarə edirsə, nəqliyyat vasitələri ilə onları Laçın yolundan keçirirsə, Xovayevin "sülh" barədə fikirlərinin əhəmiyyəti olmayacaq. Rusiyaya sülh deyil, bölgə ölkələrinə nəzarət lazımdır ki, biz bununla heç vaxt razılaşa bilmərik", - deyə ekspert vurğulayıb.

*****

Ölkələrə nəzarəti isə Moskva məhz özünün qızışdırdığı etnik-ərazi konfliktləri hesabına həyata keçirməyə çalışır. Bu xüsusda Ermənistandakı səfir Sergey Kopırkinin bir neçə gün öncə yerli mediaya müsahibəsində söylədiyi “Rusiya Güney Qafqazdan heç vaxt çıxmayacaq” sözləri düşündürücüdür və region ölkələrinin suverenliyinə, ərazi bütövlüyünə hörmətsizlik olmaqla yanaşı, həm də açıq təhdiddir. Paralel surətdə rəsmi Kremlin Azərbaycan-Ermənistan barışığına hər hansı ciddi töhfə vermək niyyətinin olmadığının təzahürüdür.

O zaman Xovayev Bakıya niyə gəlmişdi, görəsən? Yaxud nə ilə göndərilmişdi, qovluğunda nə(lər) var idi?..

Analitik xidmət,
“Yeni Müsavat”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.