Nə Rusiyanı seçirik, nə İranı – Qafqaz azad olanda abad olacaq

20-02-2023, 11:14   


 

Müasir dünyada qonşularının, eləcə də uzaq-uzaq ölkələrin sevmədiyi, “şər ocağı”, “qan çanağı” hesab etdiyi 3-4 dövlət var, ikisi bizim bəxtimizə və sərhədimizə düşüb: Rusiya və İran.

200 ildir çoxmilyonlu xalqımız bu iki aqressiv dövlətin arasında qalıb. Xalqımızın Araz çayının o tayında yaşayan hissəsi nəinki müstəqil dövlət qurmaq imkanından məhrumdur, hətta Çində yaşayan uyğurlar qədər muxtariyyata malik deyil.

Bu tayda yaşayan xalqın müstəqil dövlətçiliyinin ömrü 30 ili aşsa da, Kreml hökmdarlarının buralardan əl çəkmək fikri yoxdur, Bakıdan çıxırlar, Qəbələdə bənd alırlar, oranı tərk edirlər, Nargin tərəfdə lövbər salırlar, Xəzəri su yoluna döndərirlər, Yaxın Şərqə, eləcə də yaxın qərbə raket atan gəmiləri çəkir, sülhməramlı adıyla Qarabağa girirlər.

Bir biz deyilik, Rusiya Cənubi Qafqazın hər üç ölkəsinə 200 il əvvəlki imperatorların düşüncəsi ilə yanaşır. Qafqaza diş qıcayan çarların adı yenidir, niyyətləri köhnədir. Canişinlərin, generalların da eləcə soyadı dəyişib, missiyaları eynidir. Ha Paskeviç, ha Volkov, fərq etməz. Onlar üçün əsas olan şey Lermontovun misrasıdır: “Qafqaz altımdadır, ən uca zirvədə mən”.

Sadəcə, Qafqaz ölkələri həminki, 200 il, 100 il əvvəlki kimi deyil. Hərəsinin öz burjuaziyası, intellektual, hərbi, siyasi, diplomatik elitası var. Bu ölkələr çoxdan dünyaya açılıblar, beynəlxalq aləmdə tanınırlar, başqa ölkələrlə hərtərəfli əlaqələrə malikdirlər.

200 il əvvəl heç nəyi, nə düz-əməlli silahı, nə də nizami ordusu olmayan kiçik xanlıqları, knyazlıqları, məliklikləri əsarət altına almaq asan idi. İndi onların yerində 3 dövlət var və onlar Rusiyanın “məxməri işğalçılığı”ın müqavimət göstərirlər, yenidən əsarət altına düşmək, Moskvanın ağzına, əlinə baxmaq, Sankt-Peterburq əhlinin qarnını doyurmaq, Rusiyanın Uzaq Şərqə doğru uzanan intəhasız çöllərini, əsasən də Sibiri məskunlaşdırmaq istəmirlər.

Əslində bu proses 30 il əvvəldən başlamalı idi. Fəqət, ermənilərin 30 il ərzində özlərini “rus maşası” kimi aparması Cənubi Qafqazın “Rusiyadan qopma” tendensiyasını zəiflətdi. İndi Ermənistan bu istiqamətdə təşəbbüslər göstərir, amma öz daxilində də müqavimətlə üzləşir, xaricində də.

İran da Cənubi Qafqaza iştahla baxır, amma hələlik bizimlə uğraşır, hesab edir ki, gücü yalnız bizə çatar, nə Gürcüstanla, nə Ermənistanla işi yoxdur. Hətta əksinə, İranda hakim mövqedə olan şiə fundamentalistlər hesab edirlər ki, xristianlığa etiqad edən Gürcüstan və Ermənistan hər halda müsəlman Azərbaycandan daha yaxşıdır.

Son illərdə bu daha bariz şəkildə ortaya çıxıb. 2020-ci ilin sentyabrına qədər Azərbaycanın güdül (qolu-qıçı kəsik) durumuna baxan və onu ciddiyə almayan İran bu ölkənin öz tarixi ərazilərini, 28 ildən çox işğal altında qalan Qarabağı özünə qaytarmasından sonra gücləndiyini görərək əndişə duymağa başlayıb. Tehranın son iki ildə Azərbaycana qarşı şiddətlənmiş aqressiyasının əsas səbəbi 44 günlük müharibədəki qələbədir. Qalan hər şey təfərrüatdır.

Beləcə, biz indi iki od və ya iki su arasında qalmışıq. Hətta bu dövlətlərin (Rusiya və İranın) birini od, birini su hesab etsək də, fərqi yoxdur, biri vulkan lavasının odu kimidir, yandırıcıdır, o biri musson yağışının seli kimidir, batırıcıdır.

Amma biz onlardan birini seçmək zorunda deyilik. Xalqımız uzun illərdir ki, qərarını verib, heç birini seçmir: nə İranı, nə də Rusiyanı.

Ölkəmizdə bu ölkələrə siyasi rəğbət bəsləyənlər, 100 il əvvəlki kimi “ölkənin əbədi səadətini Rusiyaya bağlılıqda” görənlər və “din-iman bizə cənubdan gəlir” düşüncəsində olanlar var, amma onlar mütləq azlıqdadırlar. Son illər həm cənubdan, həm də şimaldan əsən siyasi yellər, ölkəmizə və xalqımıza qarşı xain davranışlar, xorgörmələr “yadellilərə sığınan kollaborasionistlər”in sırasını seyrəldib və proses davam edir.

Bizim əbədi səadətimiz dövlət müstəqilliyimizi dönməz və sarsılmaz etməkdə, ölkədə qanunçuluq və ədalətiin tam bərqərar olunmasındadır.

Qoy məkrli və aqressiv qonşular öz böyük ərazilərinə qane olsunlar və öz çoxmilyonlu əhalilərini xoşbəxt etməyə çalışsınlar. Özü zəlil gündə, səfalət içində olan ölkə başqa ölkələri firavan edə bilməz.

Qafqaz ölkələri tam azad olanda abad olacaqlar.

musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.