Münxen Təhlükəsizlik Konfransı çərçivəsində fevralın 18-də "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda keçirilən plenar iclasda Prezident İlham Əliyevin Ermənistan baş naziri Nikol Paşinyana və iclasın moderatoruna verdiyi tutarlı cavablar dünya mediasının gündəmindədir.
Doğrudur, Paşinyan budəfəki konfransda "kokeyşn büro" demədi, ancaq bundan geri qalmayan sərsəmləmələri ilə bu dəfə də medianın gündəminə düşdü.
Musavat.com budəfəki iclasla bağlı yeni bir məlumat əldə edib. Həmin məlumata əsasən, Paşinyan əvvəlcə qəti şəkildə Münxen Təhlükəsizlik Konfransında iştirakdan imtina edib. Çünki 2020-ci ildə Münhendə Əliyevlə debatda necə biabırçı və gülünc hala düşdüyünü unutmayıb, yenidən eyni fiasko yaşayacağından ehtiyat etdiyindən qoşulmaq istəməyib. Hətta adı da panel iştirakçıları siyahısına salınmayıb.
Lakin sonradan isə Makron qarışıb. Fransa prezidenti Paşinyanı demək olar ki, yalvararaq yola gətirib, ona bunun qorxaqlıq, zəiflik olacağını başa salıb, ürək-dirək verib və yalnız paneldən bir gün əvvəl günün sonuna yaxın, axşam axır ki, Paşinyan iclasa çıxmağa razı olub.
Onu da bildirək ki, erməni teleqram kanalları konfransdan bir gün əvvəl Paşinyan-Əliyev görüşünün olmayacağını bəyan edirdilər. Hətta bu barədə məlumatlar Ermənistanın nazirlər kabineti adından da yayılmışdı. Makaron Paşinyanı inandırıb ki, moderatorlar ona sərf edən formada suallar verəcək.
Sosial Tədqiqatlar Mərkəzinin (STM) Mətbuat Xidmətinin rəhbəri, siyasi şərhçi Əziz Əlibəyli Musavat.com-a bildirib ki, Paşinyanın Konfransda iştirak etməyəcəyi ilə bağlı iddialar yayılanda dərhal müxalifət tərəfindən böyük bir basqı yarandı:
"Nikol Paşinyan bir neçə il əvvəl səsləndirdiyi "kokeyşn büro" ifadəsi ilə yadda qalmışdı. Yanlış ifadə etsə də, əslində həqiqəti ifadə etmişdi ki, Qarabağ Azərbaycanın tərkib hissəsidir. Onun ardınca debatlarda İlham Əliyevin üstünlüyü Paşinyanla bağlı ciddi problemlər yaratmışdı. Sonradan Nikolun əleyhdarları da bundan istifadə etdi.
Bu, elə bir dönəmə təsadüf edir ki, bir tərəfdən də Rusiyanın Ermənistan üzərində böyük təzyiqi var. Açıq mətnlə Ermənistanı dövlət müstəqilliyini itirəcəyi ilə hədələyirlər ki, Qərb texnoloqları Ermənistanı qorumaq məcburiyyətindədirlər. Bunun da vasitələrindən biri kimi Azərbaycanla Ermənistan arasında müharibəyə yönəlik hər hansı bir prosesin baş verməməsi üçün öncədən Azərbaycanı qarantiyaya almaq istəyirlər. Bizim də Rusiya ilə hazırkı münasibətlərimiz tarixin ən yüksək dönəmini yaşayır. Əslində, Qərbin Azərbaycan Prezidentini dəvət etməsi də bununla əlaqədar idi. Belə bir təşkilatçılığı və görüşü Paşinyanın yaramazlığı ucbatından yarımçıq qoymaq Qərb üçün mümkün deyildi. Bu mənada yayılan videolarda da göründü ki, görüş boyu Nikol Paşinyan Makronu axtarır. Biz dərhal başa düşdük ki, Paşinyanın qaçmaq istədiyi və debata çıxmaq istəmədiyi mövzu onun dövlətinin müstəqilliyinin itirilməsinə gətirib çıxaracaq məsələlərin bir hissəsidir. Müxtəlif güclərin, o cümlədən də Fransanın Paşinyanı sığortalamaq və ona dəstək durmaq, ona güclü olması ilə bağlı ürək-dirək vermək prizmasına gəldikdə, bunu Fransa vasitəsilə ediblər. Biz də prosesin həmin hissəsinə inanırıq. Ölkə başçısının debatdan dərhal sonra "kokeyşn büro" ifadəsini işlətməsi pərdə arxasında yaşanan tragikomik bir davranışın - Paşinyanvari davranışın ən yaxşı qiymətidir".
Aytən Novruz
Musavat.com