Bir müddət öncə Türkiyə mediası İranın Azərbaycandakı casus şəbəkəsi barədə yeni detalları üzə çıxarıb. "Türkiyə" qəzetindən jurnalist Yılmaz Bilgenin araşdırmasına görə, İran 1996-cı ildə “Azərbaycan masası” adlı xüsusi bölmə yaradıb və ölkəmizə 3500 casus göndərib. Qəzetin yazdığına görə, İran xüsusi xidmət orqanları ETTELAT və SEPAH üzvlərindən Azərbaycan dilini, mədəniyyətini və coğrafiyasını bilən 4 min kəşfiyyatçı seçiblər. Sonra İranın Bakıdakı səfirliyi Azərbaycanda dini meylli ailələr haqqında araşdırma apararaq, hesabat hazırlayıb. İran casusları ilə bu ailələrin qohumluğu həyata keçirilib. Ailə həyatı quraraq, Azərbaycanda yaşamağa başlayan İran casusları topladıqları gizli məlumatları Tehrana ötürüblər. İran casuslarının bəziləri siyasət, mədəniyyət, biznes sahəsindən tutmuş, mülki və hərbi sektorda da vəzifələrə yüksələ biliblər.
Qəzet yazıb ki, Azərbaycan xüsusi xidmət orqanları 1997-2011-ci illərdə İran casuslarının böyük qismini ifşa ediblər:
“Ələ keçirilən casuslardan əldə olunan məlumatlara görə, onlar casusluq fəaliyyətinə başlamaq məqsədilə ailə həyatı qurduqları azərbaycanlı xanımları xüsusi hazırlanan kataloqdan seçiblər. Lakin vurğulanıb ki, İranın Azərbaycana göndərdiyi 3500 casusdan 700-ü hələ də gizlənməyə nail olub. Vurğulayaq ki, İranın casus şəbəkəsi xüsusilə 2015-ci ildə Nardaran hadisələrindən sonra gizlənməyə başlayıb və zaman-zaman dövlət təhlükəsizliyinə ciddi təhdidlər yaradıblar.(mənbə)
Bu xəbər qardaş ölkə ictimaiyyətində cidd rezonans doğurub və hər kəs mövzu ilə bağlı “molla rejimi”nə öz nifrətini bildirib. Amma təbii ki, iranyönümlü bir çox hesablar öz səhifələrində hadisəni gizlətməyə, hədəfi maksimum dərəcədə İran rejimindən uzaq tutmağa çalışıblar. Bunların arasında ən çox canfəşanlıq edənlərdən biri də hüquq elmləri üzrə fəlsəfə doktoru, vəkil Gürkan Biçendir.
O, tvitter hesabında qeyd edilən məqalənin linkini paylaşaraq, bu sözləri yazıb:
“Kəşfiyyat əməliyyatından bəhs edən bu xəbərin özü bir kəşfiyyat əməliyyatıdır. Çox güman ki, tezliklə İlham Əliyev Azərbaycanın anti-sionist fiqurlarına qarşı geniş həbs kampaniyasına başlayacaq. Türkiyə ictimai rəyini buna hazırlayırlar.
Publika.az xəbər verir ki, Faktyoxla Lab. İrana tez – tez səfərlər edən, imzasına daha çox İran xüsusi xidmət orqanlarına yaxın medialarda rast gəlinən Gürkan Biçenin kim olduğunu araşdırıb.
Araşdırmalarımız zamanı məlum oldu ki, sözü gedən şəxs Mərmərə Universitetinin hüquq fakültəsini bitirib. Kocaeli Universiteti Sosial Elmlər İnstitutunda İctimai Hüquq üzrə magistr təhsili alıb. Sakarya Universiteti Orta Şərq İnstitutunun doktorantı olub, ötən ilin dekabrında namizədlik dissertasiyasını müdafiə edib. Dissertasiya işinin adı isə yaddaqalan və maraqlıdır: “Bir siyasi fəlsəfi nəzəriyyə kimi vəlayəti – fəqih nəzəriyəsi: İmam Xumeyni nümunəsi”(mənbə). Cedit Mah. Sıra Kavaklar Sok4. İzmit, Kocaeli ünvanında yerləşən “Aksa Hüquq Bürosu”nun və həmçinin Karabaş məhəlləsi, Şəhid Musa Sok. 6 Tezcan Apt. no 2 İzmit/ Kocaeli ünvanında yerləşən “Rehber (-?) Hüquq Bürosu”nun vəkili olan Gürkan Biçen özəlliklə, “vilayəti-fəqih doktrinası”nı hüquqi aspketdən araşdırıb.
Bu şəxs, ata-babalarının 100 il əvvəl Albaniyadan Türkiyəyə gəldiyini deyir və Albaniyada İran lobbisinin formalaşması üçün əlindən gələni edir. Bəlli olur ki, İrana yaxınlığı ilə bilinən Nurəddin Şirinin baş redaktoru olduğu “Selam” qəzetində çalışdığı dönəmlərdən bu ölkənin köləsinə çevrilib. Gürkan Biçen ilə yanaşı, Albaniyada İran xüsusi xidmət orqanlarının muzdlularının səyi ilə bu ölkənin agentinə çevrilənlərdən biri də tədqiqatçı və tarixçi kimi təqdim olunan Olsi Jazexhi adlı şəxs də var.
Olsi Jazexhi bloqunda etiraf edir ki, 2009-cu ildə İranın Qum şəhərindəki Əl-Mustafa Dini Universitetində təlim kurslarında iştirak edib. 2007-ci ildə onunla Tiranada görüşən Gürkan Biçən isə Olsi Jazexhi haqqında öz şəxsi bloqunda bu sözləri yazır: “Mən Tiranada “Alban Müsəlman Forumu”nun üzvü Olsi Jazexhi ilə görüşürəm. Olsi Jazexhi, İtaliyanın Firenze (Florensiya) şəhərində tarix üzrə fəlsəfə doktoru təhsili alan, vaxtının çox hissəsini müsəlman alban kimliyinin yenidən qurulması üçün aparılan işlərə həsr edən ziyalı müsəlmandır. O, alban ziyalıları arasında tanınan, türk və osmanlıyönümlü olduğuna Avropa və xristian dünyasının çoxunda hərəkət edən ziyalı albanlar tərəfindən bəzən tənqid edilən bir şəxsdir”.( isrtinad)
İran rejiminin Kəşfiyyat Nazirliyinin Albaniyadakı keçmiş əməkdaşı, Jazexhi ilə yaxın əlaqələri olan, lakin indi Kəşfiyyat Nazirliyindən ayrılan və İran rejiminin muzdlularının Albaniyadakı fəaliyyətini ifşa edən Hadi Sani Xani adlı şəxs Birləşmiş Millətlər Təşkilatının Baş katibinə yazdığı açıq məktubda bəzi məsələlərə aydınlıq gətirib: “Albaniyada olan şəbəkənin rəhbəri Həsən Heyrani mənə özəl olaraq belə dedi: “Gjergji Thanasi və Olsi Jazexhi hər ay rejimdən 1000 avrodan çox pul alır və mən dəfələrlə bu pulu zərfin içinə qoyub evlərinə göndərmişəm”. (istinad)
Yəni, Olsi Jazexhi 2007-ci ilə qədər türkçü və osmançı idisə, 2009-cu ildə İranın Qum şəhərindəki Əl-Mustafa Dini Universitetində təlim kurslarında iştirak edəndən sonra “irançıya" çevrilibsə, deməli burda İranın xüsusi xidmət orqanlarının agenti Gürkan Biçenin mütləq şəkildə rolu vardır. Bu iki şəxsin birgə fəaliyyət göstərdikləri sahələrdən biri də heç şübhəsiz albanca “molla rejimi”ni təbliğ edən “Media e Lire” adlı xəbər portalını yaratmaları olub.
Bu saytda öncə İranın IQNA xəbər agentliyi, (oxuculara bu mənbəyə daxil olarkən VPN-dən istifadə etmələri tövsiyyə olunur, qarşı tərəf informasiyalarınızı çəkə bilər-red.), daha sonra isə intizar.web.tr saytında dərc edilən Dr.Gürkan Biçenin müsahibəsinin albanca versiyasına rast gəlmək olar. Mövzu isə İranın bütün müsəlman aləminə “qəhrəman” və “şəhid” kimi təqdim etmək istədiyi Qasim Süleymaniyə həsr olunan “I Beynəlxalq Qasim Süleymani məktəbi” konfransı haqqında Gürkan Biçenin düşüncələridir. Müsahibə boyunca Qasim Süleymani haqqında ən “ali” fikirlərini dilə gətirən Biçen düşüncəsini belə tamamlayır: “Bütün bunların üzərinə belə bir sual vermək lazımdır: Şəhid Süleymani əfsanədir, yoxsa super qəhrəman? Xeyr, qətiyyən belə deyil. Şəhid Süleymani, İmam Xamenei, İmam Xomeyni, İmam Hüseyn, İmam Əli vasitəsilə Hz. Peyğəmbərə bağlı pak, ağıllı, çalışqan, qətiyyətli, əzmli bir məktəbin sadiq şagirdidir. Bu məktəb Şəhid Süleymani ilə birlikdə xalqın içindən bir kəsi götürüb iman əhlinə və xalqa çevirmək gücünü təcəssüm etdirirdi.”( http://mediaelire.net/lajm/12282/njerez-nga-shume-vende-te-botes-mbeshtesin-deshmorin-sylejmani/)
Araşdırmalar zamanı onu da bəlli etdik ki, Gürkan Bicen İranın Azərbaycana qarşı informasiya hücumlarına hər zaman haqq qazandırır, daha doğrusu Türkiyədən idarə olunan anti-Azərbaycan şəbəkənin əsas fiqurlarından biridir. Hətta bəzən Azərbaycanı hədələməkdən belə çəkinmir.
Məsələn, ötən ilin 31 yanvarında paylaşdığı tvitində belə deyir: “Belə başa düşülür ki, ABŞ, sionist rejim və Türkiyə İlham Əliyev rejimini İranla döyüşmək yumurta sındırmağa bənzədiyinə inandırıb. Dostlarını fırıldaqçılardan seçən Əliyev, deyəsən, yumurta sandığı İranın mərmər olduğunu unudub.”
7 dekabr 2022-ci il tarixli tvitində isə Gürkan Biçen yazırdı: “Bütün azad ruhlu insanları Azərbaycanın ədalətsiz məhkəmə təcrübəsinə, xüsusən də Taleh Bağırov nümunəsinə qarşı öz etiraz səslərini ucaltmağa dəvət edirəm. Taleh Bağırov həbsxanadadır və rejimin ədalətsiz əməllərinə qarşı aclıq aksiyasına başlayıb.
Gürkan Biçen başqa bir tvitində molla rejiminin Azərbaycandakı ruporlarından Mövsüm Səmədovu tərifləyir, Azərbaycana qarşı isə hədyanlar yağdırır.
Bir paylaşımında isə Gürkan Biçen Türkiyə cəfərilərinin lideri Səlahəddin Özgündüzü açıqca hədəf göstərir. Çünki Səlahəddin Özgündüz İlham Əliyevi “baş komandan” adlandırıb.
Bu şəxs əslində məsələnin mahiyyətini çox gözəl anlasa da, sadəcə özünü anlamazlığa vurur və guya Səlahəddin Özgündüzün Türkiyə sərhədləri daxilində seperatçılıq fəaliyyətləri ilə məşğul olduğuna işarə edir. Halbuki, seperatçılarla oturub duran elə Gürkan Biçənin özüdür. Belə ki, HDP-nin keçmiş “Kocaeli millət vəkili Ömer Faruk Gergerlioğlunun vəkili” deyə internetdə axtartış verdiyiniz zaman qarşımıza Kocaeli Vəkillər Birliyinin üzvü Dr.Gürkan Biçen çıxır. Maraqlıdır, elə deyil?! Bəs, Ömer Faruk Gergerlioğlu niyə öz vəzifəsindən uzaqlaşdırılmışdı?! Cavab çox sadədir: PKK-ya dəstək verən düşüncə və fikirlərinə görə!
Ömer Faruk Gergerlioğlu bütün paylaşımlarında PKK-lı terrorçuların fotoşəkillərindən istifadə edir və heç bir paylaşımında PKK-nı terror təşkilatı adlandırmır. Onun məqalələrindən biri də Türkiyəni Kolumbiyada 52 ildir davam edən vətəndaş müharibəsi ilə müqayisə etməsi olub. Keçmiş HDP millət vəkili “T24”-də dərc olunan bu yazısında PKK terrorçularının fotoşəkillərindən də istifadə edib və Türkiyəyə daha çox ölüm hallarının olacağı ilə bağlı hədə-qorxu gəlib.( istinad)
Belə düşüncələri olan separatçının vəkilinin Səlahəddin Özgündüz kimi vətənpərvər, imanlı şəxsi separatçı adlandırması əslində Gürkan Biçenin əsl mahiyyətini, hansı qüvvələrin əlaltısı olmasını və Azərbaycana qarşı aqressiyasının səbəblərini bəlli edir.
Göründüyü kimi,
-İranyönümlü, təxribatçı vəkil Gürkan Biçen Azərbaycana qarşı aqressivliyinin səbəbi İran xüsusi xidmət orqanlarının illərdir beyninə yeritmiş olduğu yalanlardır,
-Azərbaycan və region haqqında danışarkən hər zaman İrana ön plana çıxarması və eyni zamanda digər ölkələrdə adı çəkilən ölkənin xeyrinə təbliğat aparması onu göstərir ki, Gürkan Biçənin nəzərində anadan olduğu və yaşadığı Türkiyə Cümhuriyyəti belə onun üçün son pillələrdədir.\\publika.az