Rusiya öz taleyini seçib: "Hədəfə doğru “dörd nala” çapır”

21-02-2023, 19:04   


Rusiya öz taleyini seçib: "Hədəfə doğru “dörd nala” çapır”


Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciətində Ukraynanı dəstəkləyən Qərb koalsiyasına ünvanlanmış ciddi mesajlar verib.

Onun Rusiyanın Nüvə Silahlarının Qarşısının Alınması Müqavilədəki fəaliyyətini dondurduğunu bəyan etməsi siyasi rezonansa səbəb olub. 

ABŞ nüvə sınaqları keçirsə, Rusiya da onları keçirəcək” - deyən Vladimir Putin əlavə edib ki, Müdafiə Nazirliyi və “Rosatom” zərurət yaranarsa, nüvə sınaqları keçirməyə hazırlaşmalıdır: “Lakin Rusiya onları ilk keçirən ölkə olmayacaq”.

Bundan başqa, Putin Rusiyanın nüvə sazişində iştirakını dayandırdığını deyib və vurğulayıb ki, Moskva müqavilədən çıxmır, lakin iştirakı dayandırır.

Bununla bağlı o xatırladıb ki, fevralın əvvəlində NATO Rusiyadan hərbi obyektlərimizə yoxlamalara icazə verməklə, strateji silahlar üzrə müqavilələrin icrasına qayıtmağı tələb edən bəyanatla çıxış edib:

“İndiki qarşıdurma şəraitində bu, bir növ cəfəngiyyat kimi səslənir. ABŞ və NATO birbaşa deyirlər ki, onların məqsədləri Rusiyanı strateji məğlubiyyətə uğratmaqdır”.

Qeyd edək ki, Nüvə Silahlarının Qarşısının Alınması Müqaviləsinə 191 ölkə qoşulub. Bu sənəd 1969-cu il noyabrın 24-də SSRİ tərəfindən imzalanıb. Rusiya Sovet İttifaqının siyasi varisi kimi bu saziş üzrə öhdəliyin daşıyıcısıdır.

Prezident Putin həmçinin bəyan edib ki, Ukraynada münaqişənin alovlanması və qurbanlar üçün məsuliyyət Qərbin və Ukrayna xalqının yad olduğu Kiyev rejiminin üzərinə düşür.

“Qərb Kiyevə nə qədər çox uzaq məsafəli vasitələr versə, Rusiya Federasiyası təhlükəni bir o qədər öz üzərindən atmağa məcbur olacaq. Qərb elitaları Rusiyaya strateji məğlubiyyət yaşatmaq, ona birdəfəlik son qoymaq məqsədini gizlətmirlər, münaqişəni qlobal miqyasa çıxarmaq istəyirlər. Rusiyanı döyüş meydanında məğlub etmək mümkün deyil”, - deyə dövlət başçısı bildirib. 

Politoloq Qabil Hüseynli Cebhe.info-ya açıqlamasında bildirib ki, Rusiya Prezidentinin açıqlamaları, o cümlədən nüvə sazişində fəaliyyətini dayandırmaq qərarı rəqiblərini qorxutmaq məqsədi daşıyır:

"Lakin bunun ciddi təsiri olmayacaq. Putinin bu sözləri normal düşünmə qabiliyyətini itirmiş, reallığı düzgün qiymətləndirə bilməyən bir adamın fikirləridir. Döyüş meydanında Rusiya azmı məğlub olub? Nə üçün Rusiya məğlub olmamalıdır? Nüvə sazişində fəaliyyətini dayandırmağın özü məğlubiyyətin göstəricisidir. 

Ancaq Putin hakimiyyətinin bu qərarında daha çox şantaj, qorxutma elementləri var. Onun ciddi təsirləri olmayacaq. Rusiya öz taleyini seçib və bu hədəfə doğru “dörd nala” çapır”. 

Lakin Qabil Hüseynli hesab edir ki, Rusiyanın bu addımı ABŞ, Böyük Britaniya kimi nəhəng dövlətləri Nüvə Silahlarının Qarşısının Alınması Müqaviləsindəki fəaliyyətini dondurmağa təhrik etməyəcək:

“Rusiya bu qərarı verməklə həmin sazişin əhəmiyyətini daha da artıracaq. Ona görə də Rusiyanın nüvə sazişində fəaliyyətini dondurması dünyada elə də rezonans doğurmayacaq. Putinin bu mövqeyinin beynəlxalq siyasi proseslərə təsir göstərəcəyi inandırıcı görünmür”.

Müşfiq Abdulla
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.