Türkiyədə çoxsaylı insan itkiləri ilə nəticələnmiş dəhşətli zəlzələdən sonra cəmiyyəti narahat edən məsələlərdən biri də prezident və parlament seçkilərinin təxirə salınmasıdır. Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hələ yanvarın 22-də ölkədə keçiriləcək prezident və parlament seçkilərinin vaxtını rəsmən elan edib. O, həmin gün Bursada gənclərlə görüşdə seçkilərin mayın 14-də olacağını bəyan edib. Hazırda Türkiyədə prezident və parlament seçkilərinin iyunun 18-dən gec bir müddətə təxirə salınması üçün qanunvericilik imkanları mövcud deyil.
Məlumata görə, seçkilərin qanunla ciddi şəkildə müəyyən edilmiş iyunun 18-dən daha gec tarixə təxirə salınması üçün konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi zəruridir. Türkiyə Mərkəzi Seçki Komissiyası hazırkı vəziyyətdə səsvermənin daha sonrakı tarixə təxirə salınmasına qərar verə bilməz. Bundan başqa, hakim partiya ilə ittifaqda olan Milliyyətçi Hərəkat Partiyası seçkilərin iyunun 18-dən sonra keçirilməsinə mənfi yanaşır. Müxalif İyi Partiya da bu variantı məqbul hesab etmir.
Bildirilir ki, əsas partiyaların liderləri, eləcə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, əksər nazirlər tədricən zəlzələ bölgəsindən Ankaraya qayıdırlar və orada seçki təqvimini müzakirə etməyə davam edəcəklər. Qeyd olunur ki, hazırda gündəmdə iki tarix qalıb - 18 iyun və 14 may.
Digər tərəfdən, “TGRT” kanalının bugünlərdə yaydığı məlumata görə, müxalif Cümhuriyyət Xalq Partiyasının dəhlizlərində söz-söhbətlər dolaşır ki, guya Prezident Tayyib Ərdoğan seçkiləri ən azı 1 il təxirə salacaq. Onu da nəzərə alaq ki, zəlzələ baş vermiş Türkiyə ərazisində seçici sayı kifayət qədərdir. Bu say təxminən ölkə seçicilərinin altıda birini təşkil edir.
Türkiyə Respublikası Konstitusiyasının 78-ci maddəsinə görə, seçkilərin təxirə salınması üçün yeganə istisna müharibə vəziyyətidir. Seçkilərin təxirə salınması mümkün variantlardan biridir. Ancaq iqtidarın bunun qanuni tərəfini necə sənədləşdirməsi məsələsi problem olaraq qalır...
Hakim Ədalət və İnkişaf Partiyasının və Milliyyətçi Hərəkat Partiyasının birgə yaratdığı “Cümhur İttifaqı”nın prezidentliyə vahid namizədi hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğandır. “Millət İttifaqı”nın vahid namizədinin fevralın 13-də elan ediləcəyi gözlənilirdi, amma zəlzələ səbəbindən bu qərar ertələnib. Azərbaycanda Ərdoğanın hakimiyyətdə qalmasının həm Türkiyə, həm ölkəmiz üçün xeyirli olacağını düşünənlər daha çoxdur. Bəzi qüvvələr isə əksinə, Ərdoğan əleyhinə çıxışlar edirlər.
Məlumdur ki, yanvarın 30-da Ankarada “Millət İttifaqı” “Ümumi Siyasət üzrə Anlaşma Mətni”nin təqdimatını keçirib. Sənəddə Azərbaycanla münasibətlərə dair xüsusi bölmə də var.
Orada bildirilir ki, Azərbaycanla qardaşlıq əlaqələri qarşılıqlı güvənə əsaslanaraq daha da gücləndiriləcək. Sənəddə Türkiyə ilə Ermənistan arasındakı problemlərin həllinə yönəlmiş addımların qərarlılıqla davam etdiriləcəyi, Azərbaycan və Ermənistan arasındakı atəşkəsin qalıcı sülhə çevrilməsinə Türkiyənin töhfə verəcəyi qeyd olunur. Bununla da “Millət İttifaqı” Azərbaycanla bağlı Türkiyənin dövlət siyasətinin dəyişməyəcəyini, təxminən indiki hökumətin siyasətinin davam etdiriləcəyini bildirib. “Millət İttifaqı” Türk Dövlətləri Təşkilatını gücləndirəcəyini də vəd edib. Bu vədi inandırıcı saymaq olarmı və müxalifətin istənilən liderinin Ərdoğan qədər bu məsələlərdə qətiyyətli olması mümkünmü?
Tural Abbaslı
AĞ Partiyanın sədri Tural Abbaslı “Yeni Müsavat”a bildirdi ki, Rəcəb Tayyib Ərdoğanın növbəti dönəmdə Türkiyə hakimiyyətində olmağı həm Türkiyə, həm də Azərbaycan üçün çox önəmlidir: “Ən xeyirlisi budur və bu vacibdir. Bu, bizim üçün xüsusi taleyüklü məsələdir. Çünki Ərdoğanın Azərbaycan siyasətini həyata keçirmək qüdrətində olan siyasətçi bu gün yoxdur. Bu siyasəti onun müəllifi olan Ərdoğan həyata keçirir və keçirə bilər. Ərdoğan Türkiy-Azərbaycan münasibətlərini ən üst səviyyəyə çıxardı və heç bir kənar güc buna təsir edə bilmir. Məsələn, Şuşa Bəyannaməsi kimi misilsiz əhəmiyyəti olan sənəd imzalandı. Bu gün Ərdoğanın yox, "Millət İttifaqı"nın hakimiyyətdə olması istər-istəməz müəyyən risklər gətirəcək. Çünki onların Ərdoğan kimi qətiyyətli siyasət yürüdə bilməsi ehtimalı uzağı 50 faizdir. İkincisi, “Millət İttifaqı”nda vahid mövqe yoxdur. Bu ittifaq 6 nəfərdən, 6 siyasi təşkilatdan ibarət koalisiyadır. Təsəvvür edin, bu koalisiya hakimiyyətə gəlsə, sabah Azərbaycanın müdafiəsi, Azərbaycan siyasəti məsələsində həmin koalisiyanın üzvlərindən kimlərsə fərqli mövqe ortaya qoya bilər və o zaman necə olacaq? Əli Babacanın xarici işlər naziri olduğu dövrdə münasibətlərin necə olduğunu yada salın. İndi təsəvvür edirsinizmi, Əli Babacanın, Əhməd Davudoğlunun söz sahibi olduğu hakimiyyətin Azərbaycan siyasəti necə ola bilər?! Həmin koalisiyadakıların çoxu Ərdoğandan fərqli olaraq Qərbdən gələn tapşırıqlara müntəzir olacaqlar. Türk Dövlətləri Təşkilatının memarı Ərdoğandır və inanmıram ki, “Millət İttifaqı” Türk Dövlətləri Təşkilatını qarşıya qoyulan hədəflərə çatdıra bilsin. Onlar Türkiyəni bir zamanlar olduğu kimi, Amerikanın ştatı kimi idarə edəcəklər. Odur ki, biz hazırda real olanı qoyub, niyə mücərrədliyə inanmalıyıq?! İndi altılıq masada olanların sırasında elələri var ki, 2020-ci ildə Vətən müharibəsində Türkiyənin Azərbaycana dəstəyinə qarşı çıxırdılar. Hətta deyirdilər ki, Türkiyənin Qafqazda nə işi var. Belə bir zehniyyətin hakimiyyətə gəlib Ərdoğanın Azərbaycan siyasətini davam etdirəcəyinə inanmaq mümkün deyil. Siyasətdən anlayışı olan hər kəs Ərdoğanın hakimiyyətdə qalması üçün çalışmalıdər".
Abutalıb Səmədov
Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov bildirdi ki, “Millət İttifaqı”nın Azərbaycanla bağlı Türkiyənin dövlət siyasətinin dəyişməyəcəyini, təxminən indiki hökumətin siyasətinin davam etdiriləcəyini bəyan etməsində qeyri-adi heç nə yoxdur: "İttifaqda toplananlar ağıllı və təcrübəli insanlardır. Onlar Türkiyə əhalisinin mütləq əksəriyyətinin istəyini ifadə ediblər və əmindirlər ki, yalnız bu halda seçkini udma şansları arta bilər. Ancaq müxalifət liderlərinin Ərdoğan qədər bu məsələdə qətiyyətli olması qətiyyən mümkün deyil. Birincisi, ona görə ki, müxalifətdə Ərdoğan miqyasında nəhəng natiq, xarizmatik lider yoxdur. Son 20 ildə bütün seçkiləri udması onun nə qədər bacarıqlı və müdrik olmasını göstərir. Türkiyə tarixində belə bir fenomen olmayıb və yaxın illərdə çox güman ki, olmayacaq. Ərdoğan Azərbaycanın maraqlarına xidmət edən addımlar atarkən nə ABŞ-dan, nə də Rusiyadan icazə almaq ehtiyacı hiss etmirdi. Seçkilərdə həm də Qərbin yardımına ümid edən müxalifət isə hakimiyyətə gələcəyi təqdirdə mütləq belə bir ehtiyac hiss edəcək. Çünki iqtisadiyyatı dərindən bilən savadlı insanlar kimi onlar yaxşı anlayırlar ki, Qərblə hesablaşmadan iqtisadi inkişafa nail olmaq mümkün deyil. Qərb Türkiyənin Azərbaycana yönəlik birmənalı dəstək siyasətini dəstəkləyəcəkmi? Hər halda, İkinci Qarabağ müharibəsi dövründə və sonrakı iki ildə ABŞ və müttəfiqləri israrla Türkiyənin regiondan çıxmasını, münaqişəyə müdaxilə etməməsini tələb edirdilər. Rəcəb Tayyib Ərdoğan bu tələblərə qarşı nəinki dayana bildi, yeri gələndə onlara qarşı çox kəskin bəyanatlar verməkdən də çəkinmədi. Bu addımları bir başqası ata bilərdimi?”
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”