Xankəndidən çıxarılan “Vaqner”çilərdir? - sensasion iddia, baş tutmayan plan...

22-02-2023, 10:14   


2015-ci ildə son siyahıyaalmada Qarabağda 238 rus yaşayırdı,  müharibədən sonra 5 min rusun “blokadada” qalması ağlasığmazdır; “Ola bilsin ki, Rusiya pasportu daşıyan ermənilər Qarabağda çoxdur, amma 5 mindən çox milliyyətcə rusun olması inandırıcı deyil” - hərbi şərhçi

Əldə edilmiş razılaşmalar çərçivəsində fevralın 15-də əvvəllər Qarabağa gəlmiş Rusiya vətəndaşlarının təxliyəsi həyata keçirilib.

“Yeni Müsavat” yazır ki, ümumilikdə 47 nəfər, o cümlədən 8 uşaq çıxarılıb. Rusiya sülhməramlı kontingentinin Telegram kanalındakı məlumatda deyilir ki, bu günə qədər Qarabağdan 150-dən çox Rusiya vətəndaşı çıxarılıb. Rusiya vətəndaşlarından müraciətlərin qəbulu davam edir, məlumatda belə qeyd olunub. Yada salaq ki, ötən ay özünü “Dağlıq Qarabağdakı rus icmasının hüquq mərkəzi” adlanıran “Qrajdanin” Rusiya Prezident Administrasiyasına müraciət etmişdi. Müraciətdə deyilirdi ki, Qarabağın 120 min erməni sakini blokadadadır və onların arasında 5 mindən çox Rusiya vətəndaşı var. Elə həmin müraciətə əlavə olunan sənədlərdən isə məlum olurdu ki, “icma” mənsublarının tam əksəriyyəti hələ də SSRİ pasportunu daşıyır, hətta onlardan birinin 100-dən artıq yaşı var. Digərinə isə sovet pasportu 1998-ci ildə, SSRİ dağılandan 8 il sonra verilib.

Üstəlik, hüquqi olaraq Ermənistan və ya Rusiya pasportlu şəxslər heç bir halda Azərbaycan ərazisində qanunsuz məskunlaşa bilməzlər. 2015-ci ildə keçirilmiş son siyahıyaalmada Qarabağda cəmi 238 rus yaşadığı halda, Azərbaycanın qələbəsi ilə bitən müharibədən sonra 5 min rusun Qarabağda “blokadada” qalması məntiqəuyğun deyildi. Məlumdur ki, ekofəalların aksiyası davam etsə də, yoldan humanitar yükləri aparan sülhməramlıların və  “Qırmızı Xaç”ın avtomobilləri ilk gündən sərbəst şəkildə hərəkət edə bilir. Bu o deməkdir ki, Ermənistanda bəzilərinin haray-qışqırıq saldığı kimi, Azərbaycanın yolu bağladığı barədə deyilənlər yalandır və bu sübut olunur. İstisna deyil ki, Rusiya kəşfiyyatına bağlı şəxslər ora köçürülüb, indi isə bir sıra planları yolunda getmədiyi üçün onlar oradan çıxarılır. Çünki Rusiyanın emissarı olan Ruben Vardanyanın planları elə də işə yaramır. Hətta bəzi yerli saytlar onların diversant və yaxud da “Vaqner” qrupunun üzvləri ola biləcəyini də istisna etməyib. Maraqlıdır, Xankəndidən çıxarılan Rusiya vətəndaşları kimlərdir və kimlər ola bilər?

Onu da deyək ki, 1989-cu il siyahıyaalmasında keçmiş DQMV-də cəmi 1922 nəfər rus yaşayırmış, onun da 800 nəfərini Xocavəndin Kuropatkino kəndində yaşayan malakanlar təşkil edib, qalanları da ezam olunmuş partiya işçiləri olublar. 1990-cı illərin əvvəlində həmin kəndin sakinlərinin bir hissəsi Azərbaycanın başqa rayonlarında yaşayan malakanların yanına köçüb, bir hissəsi də Rusiyaya. Faktiki bu günlərdə Qarabağ sakini sayıla biləcək rusların mövcudluğu barədə heç bir informasiya yoxdu, əgər varsa da, bu, erməniyə ərə getmiş rus qadınlar ola bilər ki, onların da sayı 5-10 nəfər ola-olmaya. Və o qadınların içərisindən Qalina Somova deyilən “Rusiya diasporası”nın Qarabağdakı təmsilçisi 44 günlük müharibə başlayanda Rusiya Prezidentinə teleqram vuraraq kömək istəmişdi.

Azad İsazadə: “Uşaqların internetdən istifadəsi nəzarət altında olmalıdır”

Azad İsazadə

Hərbi ekspert Azad İsazadə “Yeni Müsavat”a bildirdi ki, Qarabağda ruslar əvvəl var idi, burada hətta yunanlar da yaşayıb. “Birinci müharibə zamanı onlar Yunanıstana köçürüldü. "Rus Parisi" adlanan kəndi var idi, oradakı ruslar da getdilər. İnanmıram ki, indi 5 mindən çox miliyyətcə rus orada yaşasın. Bəli, rus hərbçilərin ailə üzvləri ola bilər, amma onlar da sayca azdır. Ümumiyyətlə, Qarabağda 120 min erməni olduğuna da inanmıram", - deyə hərbi şərhçi vurğuladı. Amma ekspert hesab edir ki, burada bir nüans nəzərdən qaçırılmamalıdır: “Mümkündür ki, Rusiya pasportu daşıyan ermənilər Qarabağda çoxdur. Bax, onların sayı 5 mindən də çox ola bilər, yəni ikili vətəndaşlıq daşıyırlar, yaxud arvadı rusdur, sonra gəlib bura köçüb. Belə hallar mümkündür, amma 5 mindən çox milliyyətcə rusun olması inandırıcı deyil”.

Fuad Əliyev seçkilərdən DANIŞDI

Fuad Əliyev 

ALDP sədri Fuad Əliyev inanmır ki, Qarabağda 5 mindən çox rus var. Partiya sədrinin fikrincə, rəqəmlər şişirdilib: “Ola bilsin ki, onlar hərbçilərin ailə üzvləridir. Sənəddə 1960 rus hərbçisinin olması göstərilib. Amma reallıqda sayca artıqdırlar. Çünki Rusiyanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, tibbi personal və digər təyinatlarla ora aparılan hərbçiləri var. Bu mənada həmin rusların yaxınları da Xankəndinə yerləşdirilə bilər. Ancaq onların sayının 5 mindən çox olması mümkün deyil. Sovet dövründə isə Qarabağda malakanlar yaşayıblar, onlar da çoxdan köçüblər. Yəni sayca az rus ola bilər. Onlar da yəqin ki, erməni ilə ailə qurmuş şəxslərdir”. Partiya sədrinin sözlərinə görə, bir müddət əvvəl Araikin Rusiya dövlətinə müraciəti olmuşdu: “Separatçıların lideri çağırış etmişdi ki, Rusiya Qarabağda sülhməramlılar üçün yeni binalar tiksin, hərbçilərin ailələri də bölgəyə köçürülsünlər. O, təklif edirdi ki, rus hərbi kontigenti bölgədə uzunmüddətli, hətta əbədi qalmalıdır. Bu çağırışdan sonra rusların Qarabağa köçürülməsi planı da mümkündür. Üstəlik, bölgədə "rus icması", "rus mərkəzi" adı ilə fəaliyyət göstərən qurumlar yaradılıb. Bunlar gələcək üçün hesablanmış hiylələr ola bilər, amma Azərbaycan kontur siyasətini yürütməlidir ki, erməni separatçıların arzusu ürəyində qalsın. Heç bir halda imkan verməz olmaz ki, Qarabağın dağlıq ərazisini anklava çevirib istədikləri kimi idarə etsinlər. Məncə, indi erməni separatçılarının işi dolaşıqdır. Rusların təxliyəsi də ondan xəbər verir ki, Moskva Araikin arzuları ilə hərəkət etmir".

Siyasi analitik Elxan Şahinoğlu isə deyir ki, bundan əlavə, Ruben Vardanyanın ardınca erməni separatçılarının “xarici işlər naziri” Sergey Kazaryanı da Moskvaya çağırıbmışlar: “Kazaryan 12-16 fevral tarixləri arasında Moskvada olub. Erməni separatçının hansı məqsədlə Moskvaya çağırıldığı, kimlərlə görüşdüyü və nələri müzakirə etdiyi barədə məlumat yoxdur. Yolun "blokadada" olduğunu iddia etdikləri halda Rusiyanın nəqliyyat vasitələrində buradan ora, oradan bura şütüyürlər. Rusiya nəqliyyat vasitələri erməni separatçıları üçün taksi funksiyasını həyata keçirir. Kefdədirlər. Benzinə pul vermək lazım deyil, rusiyalı hərbçilər onların bütün problemlərini həll edirlər".

Asif Nərimanlı: "O başqa məsələ ki, İran Azərbaycanı yox, Ermənistanı sevir"

Asif Nərimanlı

Siyasi təhlilçi Asif Nərimanlı isə məsələyə fərqli aspektdən yanaşır. Onun sözlərinə görə, işğal dövründə Ermənistan tərəfindən demoqrafik vəziyyətə təsir etmək məqsədilə Qarabağa bölgədə doğulmamış ermənilərin köçü həyata keçirilib: “Müharibədən sonra belə ermənilərin hələ də Qarabağda olduğu istisna deyil. O cümlədən Rusiyanın əhalinin sayını artırmaq üçün Qarabağa daşıdığı ermənilər arasında bölgədə doğulmayanları, ümumiyyətlə, burada yaşamamış şəxsləri gətirdiyi də bəllidir. Hərçənd arxivdə işğal dövrünə qədər Azərbaycan vətəndaşı olmuş ermənilərin siyahısının olduğu istisna deyil. Üzərindən 30 il keçsə də, həmin şəxsləri və onların övladlarını müəyyənləşdirmək mümkündür. Qarabağda məhz bu ermənilərin yaşamaq hüququ olmalıdır. Söhbət həm də təkcə Qarabağda doğulanlardan yox, doğulduqdan sonra ömrü boyu burada yaşamış ermənilərdən gedir. Gözləniləndir ki, Bakının Qarabağa dair demoqrafik siyasətində bu prinsip tətbiq ediləcək”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.