Putinin nüvə qərarı: Azərbaycana necə təsir edəcək?

22-02-2023, 18:16   


Putinin nüvə qərarı: Azərbaycana necə təsir edəcək?

Dövlət Duması fevralın 22-də keçirilən plenar iclasda Rusiyanın "Strateji Hücum Silahlarının azaldılması Müqaviləsi"ndə iştirakının dayandırılması haqqında Prezident Vladimir Putinin təqdim etdiyi qanun layihəsini yekdilliklə qəbul edib.

Bununla da rəsmi Moskva 2010-cu ildə Rusiya və ABŞ arasında imzalanmış SHS ilə bağlı üçüncü müqavilənin icrasına dair öhdəliklərindən yerinə yetirməkdən imtina edib.

Prosedur qaydalara görə, qanun Rusiya Federasiya Şurası və Prezident tərəfindən də təsdiqlənməlidir. Ancaq Vladimir Putin fevralın 21-də Rusiyanın "Strateji Hücum Silahlarına dair Müqavilə"dəki iştirakını dayandırdığını elan etməklə öz sözünü əvvəlcədən deyib. Qısa müddətdə sənədin parlamentin yuxarı palatası və dövlət başçısı səviyyəsində də qəbul ediləcəyi gözlənilir.

Qeyd edək ki, Rusiyanın adıçəkilən müqavilədə iştirakını bərpa etmək qərarı Prezidentə məxsusdur. Ancaq sənəd sazişdə iştirakın müvəqqəti dayandırılmasını nəzərdə tutmur. Yəni Rusiya sazişə qeyri-müəyyən müddətə əməl etməyəcək. Putinin bu addımı Rusiyanın sazişdən çıxmasını nəzərdə tutmasa da, nüvə arsenalını məhdudiyyətdsiz şəkildə artırması üçün öhdəliklərdən yayınmaq imkanı verir. 

Rusiyanın SHS-3 müqaviləsində iştirakını dayandırması nüvə silahı əldə etməyə çalışan İran üçün presedent yarada bilər. Çünki Rusiyanın Qərb qarşısında öhdəliklərini “dondurması”ndan İran özünün nüvə proqramını inkişaf etdirmək üçün istifadə etməyə çalışacaq. 

Yəni Rusiya və Qərb arasında strateji hücum silahlarına dair razılaşmanın pozulması İranın nüvə proqramının müzakirəsinə dair “Altılıq” formatına daxil olan ölkələrin, ilk növbədə isə Moskva ilə Vaşinqton arasında gərginliyi artıracaq. Bu isə İranın maraqlarına uyğundur. Üstəlik, İranın Ukraynaya qarşı müharibədə Rusiyaya satdığı zərbə dronlarının əvəzində nüvə proqramını inkişaf etdirmək və uranın zənginləşdirilməsi üçün Kremllə gizli anlaşmaya getdiyinə dair məlumatlar var. 

Bu baxımdan, İran Rusiyanın nüvə başlığı daşıyan strateji hücum silahlarının yayılmamasına dair öhdəliyini dayandırmasından faydalanmağa çalışacaq. Terrorçu İran rejiminin belə bir silaha malik olması qonşu olan bütün ölkələr, o cümlədən Azərbaycan üçün böyük təhlükə deməkdir. 

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan Cebhe.info-ya açıqlamasında bildirib ki, Rusiyanın məsuliyyətsiz addım atması bu ölkəyə qarşı beynəlxalq təzyiqlərin artmasına səbəb ola bilər:

"Dünya ictimaiyyəti heç bir halda İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək. "Strateji Hücum Silahlarının azaldılmasına dair Müqavilə"ni ilk dəfə 1991-ci ildə SSRİ və ABŞ prezidentləri Qorbaçovla, Buş imzalayıb. Sonra bu müqavilə iki dəfə yenilənib.
Sonuncu üçüncü saziş 2010-cu ildə Prezident Medvedyev və Barak Obama tərəfindən imzalanıb. Yəni bu müqavilə Rusiya və ABŞ arasında olan məsələdir. 

Putin Rusiyanın bu sazişdə iştirakını dayandırdığını elan etməklə və Dövlət Duması da bu təklifi təsdiqləməklə beynəlxalq ictimaiyyəti hərbi qüdrəti ilə şantaj edir. Əslində, Rusiyanın bu qərarı nüvə silahlarına dair müqavilədən çıxmaq deməkdir. Həmin sazişə uyğun olaraq, Rusiya və ABŞ nüvə silahlarının ixtisar edilməsi və ləğvinə dair öhdəlik götürmüşdü. Lakin Rusiya indi bu razılaşmadan imtina etməklə həm ABŞ-ı, həm dünyanı şantaj edir.

İranın isə bu presedentdən sui-istifadı etməsi çətin olacaq. Çünki İranın nüvə silahına malik olmasını Rusiyanın müttəfiqi Çin də təsdiqləməlidir. Dünyada nüvə proqramının inkişafına 5 ölkə icazə verir. Söhbət BMT Təhlükəsilik Şurasının 5 daimi üzvü olan ABŞ, Böyük Britaniya, Fransa, Rusiya və Çindən gedir. Dünyada nüvə obyektlərinin fəaliyyətinə nəzarəti, eyni zamanda, BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (MAQATE) həyata keçirir. Ona görə də İranın Rusiyanın şantajından yararlanması çətindir. İranın nüvə proqramı ilə bağlı beynəlxalq tələblərə əməl etməsinə dair ciddi şübhələr var.

Yəni İran hakimiyyəti bu məsələdə şəffaflığa əməl etmir. Üstəlik, Rusiyanın şantajından istifadə etməklə İran özünə başağrısı yaratmış olar. İranın bu məsələdən sui-istifadə edəcəyi inandırıcı görünmür. Əgər İran belə bir addım atsa, özünün nüvə proqramının şübhəli olduğunu və hərbi mahiyyət daşıdığını təsdiqləmiş olar. Ancaq bu sahədə kimsə özbaşınalıq edə bilməz. Bu, nüvə silahından istifadə ilə bağlı özbaşınalıq etmək istəyənlərə baha başa gələ bilər. MAQATE-nin nümayəndəsi bu gün İrana səfər edib. Deməli, İranın nüvə proqramı ilə bağlı fəaliyyəti nəzarətsiz deyil. İran isə bu məsələdən beynəlxalq ictimaiyyətə təzyiq vasitəsi kimi istifadə edir.

MAQATE nümayəndəsinin səfəri də İranın yarıgerçək, yarı avantürist bəyanatları ilə bağlıdır. Ona görə də İranın nüvə proqramının təftişinə ehtiyac var. İran belə bəyanatlar verməklə beynəlxalq ictimaiyyətin münasibətini yumşaltmaq istəyir. Çünki İrana yalnız şübhəli nüvə proqramı ilə bağlı sanksiyalar tətbiq olunmur. Ukraynadakı müharibədə Rusiyaya hərbi yardım göstərdiyinə görə də İran sanksiyalara məruz qalıb. İran bu cür təzyiqlərdən xilas olmaq üçün atom-nüvə şantajından istifadə edir. Əgər İran nüvə silahı əldə edərsə, buna görə məsuliyyət daşıyanlardan biri Rusiya, digəri Çindir. 

İranın qeyri-şəffaf nüvə proqramını dəstəklədiyinə görə Rusiyaya və Çinə bu istiqamətdə əlavə sanksiyalar tətbiq oluna bilər. BMT Təhlükəsizlik Şurasında İranın nüvə proqramı ilə bağlı üç qətnamə qəbul edilib. Həmin sənədə Təhlükəsizlik Şurasının daimi üzvləri kimi Rusiya və Çin də üç dəfə səs verib. Deməli, İranın nüvə proqramının hazırlanmasına görə Rusiya və Çin də məsuliyyət daşıyır”.

Sədrəddin Soltan hesab edir ki, hər bir dövlətin nüvə silahına malik olması və ondan istifadə ilə bağlı bəyanatlar daha çox çəkindirici xarakter daşıyır:

"Rusiya hakimiyyəti Ukraynada taktiki nüvə silahlarını tətbiq edəcəyinə dair dəfələrlə açıqlama versə də, bu addımı atmayıb. Çünki Rusiyanın bu təhdidləri qarşı tərəfi çəkindirmək məqsədi daşıyır.

İran da nüvə silahını əldə etsə belə, ondan istifadə edə bilməyəcək. Əgər İran rejimi belə bir riskə getsə öz ölkəsi və hakimiyyəti hansı vəziyyətə düşə bilər? İrana nüvə silahı əldə etməyə yardım edən dövlətlərin və hakimiyyətlərin özünün gələcək taleyi sual altına düşə bilər. Yəni dünya bir quldur dəstəsinin nə istəsə edə biləcəyi yer deyil”. 

Müşfiq Abdulla
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.