Ukrayna savaşında daha təhlükəli inkişaf istiqamətləri ön plana keçməyə başlayıb. Belə ki, yaxın günlərdə həlledici hərbi əməliyyatların başlanma ehtimalı tamamilə real görünür. Üstəlik, həm ABŞ və Qərb, həm də Rusiya daha dağıdıcı savaş mərhələsinə hazırlaşdıqlarını qətiyyən gizlətmirlər. Və bu indiki situasiyada bütün dünya üçün narahatlıq doğuracaq əsas məqam hesab oluna bilər.
Bu baxımdan, ABŞ prezidenti Co Baydenin Ukrayna paytaxtı Kiyevə və Polşaya səfərləri zamanı verdiyi bəyanatlar böyük maraq doğurur. Belə ki, həmin bəyanatlarda vurğulandı ki, Ukrayna ordusu əks hücum əməliyyatına başlayacaq, qarşıda dünyanı olduqca ağır günlər, aylar, hətta illər gözləyir. Yəni, Ağ Ev sahibi Ukrayna savaşının hələ uzun müddət davam edəcəyinin anonsunu verdi. Eyni zamanda, prezident Co Bayden onu da bildirdi ki, yaxın beş il ərzində yeni dünya düzəni qurulacaq və bəşəriyyətin növbəti onilliklər üçün gələcək taleyi dəqiqləşməyə başlayacaq.
Bütün bunlar onu göstərir ki, ABŞ və Qərb bütün dünya üzərində genişmiqyaslı hərbi-siyasi əməliyyat aparır. Üstəlik, yeni dünya düzənində indiki Rusiyaya hər hansı önəmli rol ayırmaq niyyəti də nəzərə çarpmır. Hadisələrin belə inkişafı isə istənilən halda, Ukrayna savaşının indiki əhatə dairəsini ciddi şəkildə aşma təhlükəsi doğurur.
Belə vəziyyətdə isə Rusiyanın gələcək taleyi ilə bağlı əsasən iki variantın ön plana çıxa biləcəyi ehtimal olunur. Qərb siyasi dairələrində birinci variantın tərəfdarları hesab edirlər ki, Rusiyanın dünyadan təcrid edilib, öz sərhədləri içərisinə sıxışdırılması NATO-nun strateji maraqları üçün tamamilə yetərlidir. Digərləri isə Rusiyanın ümumiyyətlə parçalanaraq, dünya xəritəsindən silinməsinin vacibliyində israr edirlər.
Təbii ki, Qərb siyasi dairələrində hazırda intensiv şəkildə müzakirə olunan bu variantlardan ikincisi həm radikal, həm də bütün dünya üçün daha təhlükəli strateji hədəfdir. Çünki parçalanmış Rusiya böyük bir coğrafiyada xaos və uzunmüddətli humanitar fəlakət təhlükəsi vəd edir. Üstəlik, Rusiya coğrafiyası ümumiyyətlə, nəhəng silahlı münaqişə məkanına da çevrilə bilər. Nəhayət, onu da nəzərə almaq lazımdır ki, Rusiyanın parçalanması minlərlə nüvə başlığına nəzarətin itirilməsi təhlükəsini də aktuallaşdırır.
Bütün bunları nəzərə aldıqda, Ukrayna savaşının bəşəriyyət üçün real fəlakət təhlükəsi mənbəyinə çevrilmə ehtimalı da artıq tamamilə inandırıcı görünür. Hər halda, Kreml də Rusiyaya münasibətdə nəzərdə tutulan bu iki variantın heç birisi ilə barışmaq niyyətində deyil. Əksinə, Kremlin son davranışları və prezident Vladimir Putinin açıqlamaları Rusiyanın ən radikal müqavimət variantlarına əl ata biləcəyini göstərir.
Məsələ ondadır ki, Rusiya nüvə silahı ilə bağlı bütün beynəlxalq konvensiyalardan çıxdığını artıq rəsmən bəyan edib. Digər tərəfdən, prezident Vladimir Putinin nüvə silahına malik olan bir dövlətin savaşda məğlubiyyətinin mümkün olmadığını vurğulaması da açıq təhdiddir. Yəni, Kreml sahibi Rusiyanın Ukrayna savaşında məğlub edilməsinə yönəlik cəhdlər real nəticəyə yaxınlaşarsa, son anda nüvə müharibəsinin qaçılmaz olacağını qabardır. Belə anlaşılır ki, Kreml Rusiyanı xilas etmək üçün bütün dünyanı “batırmağa” belə, hazırdır.
Eyni zamanda, hazırda Rusiya Ukrayna savaşını qlobal müharibəyə çevirmək istiqamətində də müəyyən cəhdlər etməyə çalışır. Kremldə ümid bəsləyirlər ki, əgər, Ukraynaya hərbi dəstək verən ölkələr özləri birbaşa müharibəyə cəlb edilsələr, üzləşəcəkləri fəlakətli situasiyanın qarşısında mütləq geri çəkilməyə məcbur olacaqlar. Və bu, Rusiyanın Ukrayna savaşını qlobal müharibəyə çevirmə planından xəbər verir.
Ona görə də, Ukrayna savaşının daha geniş coğrafiyaya, xüsusilə də, Avropaya sıçrama ehtimalını heç bir halda, istisna etmək olmaz. ABŞ siyasi dairələri də bu reallığı artıq nəzərə almağa başlayıblar. Hər halda, prezident Co Baydenin dağıdıcı Ukrayna savaşını başlatdıqlarına görə Kremi sahibi Vladimir Putini və Rusiyanın hərbi-siyasi elitasını beynəlxalq məhkəmə ilə hədələməsi də qətiyyən təsadüfi deyil.
Məsələ ondadır ki, bu hədələmədə Rusiya hərbi-siyasi elitasında daha dərin daxili ziddiyyətlərə və parçalanmalara yol açmaq niyyəti də açıq-aşkar nəzərə çarpır. Əslində, yaxın vaxtlarda belə bir parçalanmanın qaçılmaz ola biləcəyi ilə bağlı ehtimallara inandırıcı görüntülər verən məqamlar da olmamış deyil. Bəzi iddialara görə, Ukrayna savaşında yaranmış vəziyyət Rusiya hərbi dairələrində çəkişmələri dərinləşdirib. Hətta Rusiya siyasi dairələrində və generalitetində prezident V.Putinə qarşı narazılığın artmaqda olduğu da bildirilir.
Qərb kəşfiyyatının mətbuata ötürdüyü məlumata görə, Rusiyada ultrasağçı millətçilər Ukraynanın işğalının ilk və əsas tərəfdarları kimi çıxış etsələr də, indi onlar fərqli mövqeyə meyillənməyə başlayıblar. İndi rus ultrasağçı millətçilər Kremlin Ukrayna savaşı ilə bağlı qərarlarını və davranışlarını sərt şəkildə tənqid edirlər. Bunun əsas səbəbləri sırasındasa, rus ultrasağçı millətçilərin artıq güc mərkəzlərinin ələ keçirilməsi və hakimiyyət uğrunda mübarizəyə başlamaları göstərilir.
Onu da qeyd etmək lazımdır ki, hazırda ultrasağçıların həm Kremlə təsir imkanları, həm də Rusiya cəmiyyətində ictimai nüfuzları ölkənin kələcək taleyini müəyyən edə biləcək səviyyədə ciddidir. Belə vəziyyətdə isə prezident V.Putini hakimiyyətdən uzaqlaşdırmaq, Rusiyanı NATO ilə genişmiqyaslı müharibəyə sürükləmək və ya hətta ölkənin nüvə ehtiyatının kilidini açmaq niyyətinə düşən daha amansız, militarist siyasi liderin peyda olma ehtimalı da qətiyyən istisna deyil. Və bütün bunlar proseslərin nəzarətdən çıxa biləcəyini, Rusiyada daxili xaosun yarana biləcəyini sezdirir.
Belə anlaşılır ki, Ukrayna savaşında Rusiya daha çox məğlub duruma düşdükcə, Kemlin aqressivləşməsi də qaçılmaz ola bilər. Bu ölkənin keçmiş prezidenti və hazırda Təhlükəsizlik Şurası rəhbərinin müavini olan Dmitri Medvedevin “Rusiya Ukrayna savaşında məğlub olarsa, parçalana bilər” deməsi də qətiyyən təsadüfi deyil. Yəni, Kreml Rusiyanın məğlub olma ehtimalı ilə barışmaq niyyətindən uzaqdır.
Bütün bunları nəzərə aldıqda, yaxın günlərdə Ukrayna savaşı ətrafında yaranmış vəziyyətin bütün dünya üçün daha təhlükəli mərhələyə keçə biləcəyi tamamilə inandırıcı görünür. Böyük ehtimalla Kreml belə vəziyyətdə Rusiyanın mövcudluğunu qorumaq üçün Ukrayna savaşını daha geniş coğrafiyaya yaymaq variantını sınaqdan keçirtməyə çalışacaq. Əgər, bu, gözlənilən nəticəni verməzsə, onda, Rusiyanın NATO ölkələri ilə nüvə savaşına başlaya biləcəyi də qətiyyən istisna deyil.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu