Uzun illərdir ki, Rusiyanın, daha dəqiq desək, Rusiya Prezidenti Vladimir Putinin “yeni SSRİ” yaratmaq planı olması haqda danışılırdı. Bir neçə dəfə o, SSRİ-nin xiffətini çəkən açıqlamalar da verib. Ötən müddətdən “Putin NATO”su, “Avrasiya İttifaqı” kimi təkliflər səslənib və bunların da məhz həmin plandan ibarət olduğu bildirilib.
Ukrayna müharibəsinin gedişində Putinin sələfi, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev də bir neçə ay öncə SSRİ tipində bir qurum yaratmaq niyyətinin mövcudluğunu etiraf etmişdi.
Bu planlarda daha çox Belarusun, Ukraynanın, Moldovanın, Qazaxıstanın, Tacikistanın üzərinə nəzərlər cəlb olunurdu.
Artıq Ukrayna və Qazaxıstanla bağlı bu planları bəlli səbəblərdən heç nəzəri də olsa “icra etmək” mümkün deyil. Hazırda ortaya belə bir məlumat çıxıb ki, Kreml Belarusun 2030-cu ilə qədər Rusiyaya tam ilhaq edilməsinə çalışır və belə bir planı var.
Musavat.com xəbər verir ki, bu barədə “Dosye” mərkəzi xüsusi sənədi ortaya çıxarıb.
Sənəd “Rusiya Federasiyasının Belarus istiqamətində strateji məqsədləri” adlanır. Onun Rusiya Prezidentinin administrasiyası Xarici Kəşfiyyat Xidməti, Federal Təhlükəsizlik Xidməti və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı ilə birgə hazırlandığı iddia edilir. “Dosye”nin təsbitlərinə görə, Belarusla bağlı planlar 2021-ci ildə hazırlanıb və Rusiyanın Ukraynanı işğalından sonra uzunmüddətli perspektivdə dəyişməyib. Strategiyaya əsasən, Kreml 2030-cu ilə qədər Rusiyanın maraqlarını nəzərə alaraq Belarus Konstitusiyasında islahatları başa çatdırmaq, ölkədə rus dilinin Belarus dili üzərində üstünlüyünə nail olmaq və belaruslara Rusiya pasportlarının verilməsində sadələşdirilmiş prosedur tətbiq etmək niyyətindədir.
Bundan əlavə, Kreml Belarusun informasiya məkanına nəzarət etmək, ölkədə elmi və mədəniyyət mərkəzləri açmaq istəyir. Ehtimal olunur ki, bunlar Rusiya kəşfiyyatçılarının çalışdığı “Rossotrudneçestvo” federal xidmətinin (Müstəqil Dövlətlər Birliyi, Xaricdə Yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentlik - red.) filialları olacaq.
Qeyd edək ki, 2022-ci ilin noyabrında Rusiya-Belarus ittifaq dövlətinin inteqrasiya layihəsi çərçivəsində ölkələrin ticarət-iqtisadi inteqrasiyası üçün 28 proqram qəbul edilib. Bunlar ümumi enerji və maliyyə bazarlarına, vergi və gömrük siyasətlərinin sinxronlaşdırılmasına aiddir. Bununla bərabər, birgə hərbi doktrina da təsdiq edilib. Bu proqramların əlaqələndirilməsi mərhələsində Lukaşenko Rusiya ilə iqtisadi inteqrasiyanın Belarusun suverenliyinə təhlükə yaratmadığına inandırılıb. Putin daha sonra bildirib ki, iqtisadi baza yaradıldıqdan sonra iki ölkə arasında siyasi yaxınlaşma da başlaya bilər.
Rusiyanın Ukraynaya müdaxiləsi onun Belarusla bağlı planlarını dəyişməyib. “Belarus üzərində tam nəzarətə nail olmaq kimi uzunmüddətli məqsəd hələ də qüvvədədir”, - deyə Kremldəki anonim mənbə bildirib.
Bu plan üzrə Rusiya irəliləyə bilərmi? Lukaşenko bu cür projenin baş tutmasında Rusiyaya zəmin yarada bilərmi? Əgər Lukaşenko devrilərsə, hakimiyyətdən gedərsə, Rusiyanın məlum plan üzrə bu ölkəyə də hücumu perspektivdə mümkündürmü?
Burada onu da qeyd edək ki, bu yaxınlarda Moldovada Rusiyanın müəyyən təxribatlara başlaya biləcəyi, siyasi təlatümlər yarada biləcəyinə dair də ittihamlar səslənmişdi. Nəzərə çatdıraq ki, Rusiya Moldovada separatçı rejim bəsləyir və bu təsadüfi deyil.
Fevralın 22-də isə Moldovanın xarici işlər naziri Nikolay Popesku Avropa İttifaqını “Şor” partiyasının lideri İlan Şora qarşı sanksiya tətbiq etməyə çağırıb. O, Şoru Moskvanın dəstəyi ilə Kişinyova qarşı hibrid müharibə aparmaqda ittiham edib.
AZƏRTAC xəbər verir ki, Nikolay Popesku bu barədə “Financial Times” qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, Ukraynanın müqaviməti və əzmkarlığı səbəbindən Moldova sərhədində hərbi ssenari riski yoxdur, lakin dağıdıcı hibrid fəaliyyətlər və dövlət çevrilişinə cəhd riskləri var.
Bir müddət öncə Moldova Prezidenti Mayya Sandu Rusiyanı etirazlar yolu ilə ölkədə hakimiyyət çevrilişi etmək və növbədənkənar seçkilər keçirmək məqsədilə hibrid müharibə aparmaqda ittiham etmişdi.
2022-ci ilin yayında Moldovada Mayya Sandunun və hökumətin istefası tələbi ilə kütləvi etiraz aksiyaları başlayıb. Etirazçılar hakimiyyəti iqtisadi böhranda və münasib qiymətə qaz almaq üçün Rusiya ilə danışıqdan yayınmaqda günahlandırır.
Rusiya Ukrayna məsələsində məğlub edilməzsə, ardınca belə xülyalara düşə bilərmi? Dünyanın - kollektiv Qərbin əsas narahatlığı da məhz bundadırmı?
Əhəd Məmmədli: “Bjezinskinin ”Şahmat taxtası" kitabını oxuyanlar..."
AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli Rusiyanın qələbə qazanarsa, ondan sonra hansı dövlətləri ram etmək üçün hərəkətə keçə biləcəyinə işarə etdi: “Çox yaxın tarixə nəzər salsaq görərik ki, Rusiya-Belarus ittifaqının ilk kərpicləri hələ Yeltsinin vaxtında qurulub. Bu Şərqi Slavyan birliyinə Ukraynanı da qoşmaq planları var idi. Ukraynanın o vaxtıkı prezidenti Kuçmanın dönəminin sonlarında Kiyevlə Moskva kifayət qədər yaxınlaşmışdılar. Hətta Lukaşenko bunu qısqanclıqla qarşılamışdı. Sonra məlum 2004-cü il seçkiləri, "Narıncı inqilab" bu planın baş tutmasına imkan vermədi. Növbəti dəfə Ukraynanı bu prosesə qoşmaq Yanukoviçin prezidentliyində oldu. Bunun da sonu bildiyiniz kimi, Ukraynada növbəti inqilab və Rusiyanın hərbi müdaxiləsi ilə nəticələndi. Bir neçə il ərzində Rusiya addım-addım Ukraynanın 20% ərazisini işğal etdi. Slavyan birliyi çətiri altında növbəti SSRİ-ni qurmaq hədəfi iflasa uğradı, Rusiya-Ukrayna müharibəsi ən qızğın mərhələsinə keçid etdi. Rəsmi Kiyev Rusiyaya qarşı Qərbin yanında yer aldı. Ukrayna və eləcə də Rusiya dövlətinin gələcəyinin həll olunduğu dövrü yaşayırıq. ABŞ Prezidenti Kiyevə səfər edir və Ukraynanı Rusiyaya qarşı tək qoymayacağıq söyləyir. Putinin cavabı özünü gecikdirmir və o, yenə tarixə ekskursiya etdi. Ukraynanı ölkə olaraq proje, Qərbin maşası adlandırdı. Bayden Kiyevdə ruslara qarşı, Putin də Moskvadan ukraynalılara qarşı vuruşmadıqlarını söylədi. Təbii ki, ikisi də yalan söylədi. Öldürənlər də, ölənlər də ukraynalılarla rusiyalılardır. Bayden bir onu düz dedi ki, müharibəni Putin başladı. Lakin Rusiyanı bunu təhrik edən də Qərb oldu. Və bu proses nə keçən il, nə də heç 2014-cü ildən başlamamışdı. Amerika müasir siyasətinin beyinlərindən sayılan Bzejinskinin “Şahmat taxtası” kitabını oxuyanlar nə dediyimi anlayarlar. İndi keçək, yenidən bu günlərimizə və ola biləcək sabahımıza. Əgər Rusiya Ukrayna üzərində qələbə qazana bilsə, postsovet məkanının zəif və Kremldən daha çox asılı vəziyyətdə olan Belarus, Moldova, Ermənistan, Tacikistan və hətta türk respublikası olan Qırğızıstanı öz ətrafında vahid dövlət olmasa da, yeni ittifaq altında birləşdirməsi mümkündür. Lakin MDB, sonra da Avrasiya İttifaqı və KTMT-yə baxsaq görərik ki, Moskvanın SSRİ-nin davamı olaraq qurduğu birliklər uğurlu olmadı. “Rus NATO-su” sayılan KTMT-də Qırğızıstanla Tacikistan arasında qanlı sərhədyanı toqquşmalar baş verdi. Ermənistan KTMT-nin iclasını özündə qəbul etməkdən imtina etdi və Qərblə isti münasibətlər qurmaq istəyir. Qazaxıstan Moskvadan maksimum müstəqil siyasət aparmaq cəhdlərindədir. Ukrayna ilə müharibədə Rusiyanı Belarusdan başqa heç bir müttəfiqi dəstəkləmədi. Belə bir mənzərə görəndə nəinki SSRİ-nin, onu xatırladan azacıq nəyinsə qaytarılması belə real görünmür. Amma yenə təkrarlayıram ki, Rusiya Ukrayna üzərində qələbə qazansa, yuxarıda qeyd etdiyim zəif xalqları öz çətiri altında birləşdirə bilər".
Əli Orucov: “ABŞ Rusiya təhlükəsini Ukraynada dəfn etməkdə israrlıdır”
AMİP liderinin köməkçisi, politoloq Əli Orucov hesab edir ki, Putin Rusiyasının imperiyanı yenidən bərpa etmək iddiaları əvvəlcədən mövcud idi: “İmperiya arzularını açıq şəkildə deməkdən heç vaxt çəkinməyiblər. Hətta prezident bir neçə dəfə SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçovu imperiyanı dağıtmaqda suçlamış, bununla kifayətlənməyərək Belarusiya, Ukrayna və Rusiya arasında 1991-ci il 8 dekabrda SSRİ-nin ləğvi barədə Belojev razılaşmasını qanunsuz və əsassız adlandırmışdı. Putinin planında Baltikyanı respublikaları çıxmaqla yenidən bir çətir altına yığmaq idi. Lakin Putinin bu ambisiyaları Qərbi ciddi təşvişə salırdı. Qərb yenidən dünyanın qütbləşməsini və yeni bir vahid imperiyanın qurulmasına çox həssas və ehtiyatla yanaşırdı. Odur ki, təhlükənin reallığını dərk etdiyindən hər şeyi gözaltına almaq məcburiyyətində qaldı. Rusiya ilk addımı Ukraynada atmaqla əsas maneəni aradan qaldırmağı düşünürdü. Və planın həyata keçirilməsi üçün rusiyapərəst Viktor Yanukoviç 2010-cu ildə hakimiyyətə gətirildi. Ancaq Maydan hərəkatının sonucu olaraq onun 2014-cü ildə Rusiyaya qaçması Kremlin dinc yolla ilhaq prosesini iflas etdi. Və nəhayət, hazırkı Ukrayna-Rusiya müharibəsi vəziyyətinədəki proseslərin axarı gəldi çıxdı. Bu müharibə Kremlin nəinki hansısa ad altında keçmiş imperiyanı bərpa etmək iddialarının üzərindən xətt çəkdi, hətta bir qlobal güc mərkəzi kimi də ortadan sildi. Hətta regional təsirlərini də itirməkdədir. Rusiyanın indiki durumu o qədər acınacaqlıdır ki, forpostu olan Ermənistan onun maraqlarına əks addımlar atmağa, Qərbi Rusiyanın cənub sərhədlərinə gətirməyə təşəbbüsə cəsarət edir. Bu gün Putinin Belarusla olan yaxın münasibətləri də iki avtoritar rejimin xarakterinə əsaslanır. Hər ikisi ölkəsini eyni üsul və metodlarla idarə edir. Onlar bir-birilərindən çox asılıdır. Hələ ki əsas hədəf Putinin hakimiyyətini daha da zəiflətmək yaxud tamamilə uzaqlaşdırmaqdır. Ona görə də Lukaşenkoya daha ciddi təzyiqlər göstərilmir. Putin problemi həllini tapandan sonra Belarus məsələsi aktuallaşacaq. Bunu Lukaşenko anladığından Rusiya və Qərb arasındakı qarşıdurmaya Kremlin davamlı basqılarına rəğmən qarışmaqdan yayınmağa çalışır. Kreml çalışır ki, münaqişəni Ukraynadan kənara çıxarsın və cəbhə xəttini genişləndirsin, ABŞ və müttəfiqlərinin fikrini Ukraynadan bir qədər yayındırsın. Moldovanın rus işğalı altındakı Dnestryanı bölgəsində hərbi fəallığı da bununla bağlıdır”.
Politoloq Azərbaycanla bağlı həyəcan təbili çaldı: “Eyni təhlükəli variant sülhməramlı pərdəsi altında rus silahlı qüvvələrinin Azərbaycan ərazisində təkrarlana bilər. Bu cür təxribata Azərbaycan hazır olmalıdır. ABŞ Prezidentinin Münhendəki çıxışından belə məlum oldu ki, ABŞ, Avropa, NATO Rusiya təhlükəsini Ukraynada dəfn etməkdə israrlıdır. Müharibə daha şiddətli hal alacaq. O zaman Azərbaycan dövləti bu qlobal postmüharibə dövrünə hazır olmalıdır. Çünki dünya düzəni tam dəyişir. Rejimlər yıxılır. Təkcə Qərbin enerji təhlükəsizliyi faktoruna bel bağlamaq kifayət etməz. Biz SSRİ dağılarkən bunun bədəlini ağır ödədik. Mən zənn etmirəm ki, Putin Rusiyası Ukrayna müharibəsindən qalib ayrılacaq. Lap bu qələbə Pirr qələbəsi olsa belə onun imperiyapərəst iddialarının gerçəkləşməsinə imkan verməyəcək. Lakin müəyyən təxribatlar edə bilər. Rusiyanın və prezident Putinin Ukraynada ehtimal qələbəsi Qərb demokratiyasının və NATO-nun intiharı demək olardı. Putinin son çıxışında da inamsız və özünümüdafiə və bəraətverici notlara üstünlük verməsi onu deməyə əsas verir ki, qarşıdan gələn seçkilərdə hansısa uğur qazanacağı müşkül olacaq. Hələ ki Rusiya ilə açıq konfliktə getmək, onun maraqlarını tam çevirmək əlavə risklər yarada bildiyindən bundan çəkinməyi məqsədə müvafiq hesab edərdim”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”