Küncə sıxılan molla rejiminin Azərbaycan ehtiyacı - İran XİN-in bəyanatının açması

23-02-2023, 10:55   


Azərbaycanın Tehrandakı səfirliyində törədilən terrorun arxasında İranın dövlət orqanlarının və ya rəsmi şəxslərinin dayandığı gün kimi aydındır. Bunu terrorçunun himayə edilməsi də, Tehranın bu günədək rəsmən üzr istəməməsi də, cinayətin iştirakçılarının dairəsini elan etməməsi, istintaqı qərəzli, gizli aparması və s. də birmənalı olaraq təsdiqləyir.

Azərbaycan Prezidenti İlham Əliyev Münhen Konfransında bununla bağlı çox açıq danışdı və İranın səhvlərini beynəlxalq tribunadan səsləndirdi. Xatırladaq ki, Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransının kuluarlarında jurnalistlərin suallarını cavablandırarkən İran hakimiyyətini Azərbaycanın Tehrandakı səfirliyinə hücumda əli olmaqda ittiham edib: “Biz şəffaf araşdırma tələb edirik. Terrorçunun hücumdan sonra İran KİV-lərinə müsahibələr verməsi onun rəsmi dairələrin nümayəndələri ilə əlaqəli olduğunu göstərir”.

İlham Əliyev İran hakimiyyətinin təhqiqat aparmalı və təkcə terrorçunu yox, həm də onu göndərən həmin rəsmi dairələrin nümayəndələrini cəzalandırmalı olduğunu bildirib. Prezidentin sözlərinə görə, bunsuz İranla münasibətlərimizin normallaşması mümkün deyil.

Bu bəyanatlardan sonra İran Xarici İşlər Nazirliyi özündə həm də peşmanlığı ehtiva edən, geri çəkilmə kimi anlaşılan bəyanatla çıxış edib.

Düzdür, İran XİN-in nümayəndəsi Naser Kənaaninin Bakını “diplomatik missiyaya hücumla bağlı siyasiləşdirilmiş bəyanatlar səsləndirməməyə” çağırması gülməlidir, çünki baş verən terror məhz siyasi xarakterlidir.

Bununla belə, “Turan” agentliyinin yaydığı məlumata görə, nümayəndə əlavə edib ki, “bu acı insidentin bütün aspektlərinə baxılır və xüsusiləşdirilmiş qaydada diqqətlə öyrənilir”. Kənaani bildirib ki, İran bu təhqiqatın nəticələrini Azərbaycan tərəfi ilə bölüşməyə hazırdır.

Bu arada, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan da maraqlı bir açıqlama ilə çıxış edib. O deyib ki, İran Tehranda Rusiya, Azərbaycan, Türkiyə, Ermənistan və Gürcüstan xarici işlər nazirləri ilə “3+3" formatında görüş keçirməyə hazırdır.

Elçin Mirzəbəyli: Azərbaycan döyüş meydanında olduğu kimi hüquq  müstəvisində də Ermənistanı məğlub etdi - AZƏRTAC

Elçin Mirzəbəyli: “İran regionun iki böyük dövlətinin - Türkiyə və Rusiyanın ciddi çağırışlarla qarşı-qarşıya qaldığı bir zamanda təşəbbüsü öz əlinə almaq istəyir”

Qeyd edək ki, bu, İranın indiyə qədər tutduğu siyasi kursdan diametral fərqlidir. Bölgədə 6-lı formatda əməkdaşlıq və işbirliyi təklif edən Azərbaycana qarşı hər cür aqressivlik edən İranın qəflətən bu cür dəyişməsi olduqca diqqət çəkir.

Onu da nəzərə çatdıraq ki, İran üçün yaxın zamanlarda sürpriz qərarlar da gözlənilir. Bunu Avropa İttifaqının üzv ölkələrin vətəndaşlarına İrana səfərdən çəkinməyi tövsiyə etməsindən sezmək mümkündür. Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel bəyan edib ki, şəxsi təhlükəsizlik üçün Aİ ölkələri öz vətəndaşlarına İrana səfərdən çəkinməyi tövsiyə edir.

Ekspertlər hesab edir ki, indiki çıxılmaz vəziyyətində İran Azərbaycan kimi qonşusuna bu cür davranmaqla yanlış etdiyini anlamağa başlayıb. Hazırda dünya miqyasında dalana dirənmiş Tehranın Azərbaycana qarşı etdiyi səhvləri düzəltməkdən, Prezident İlham Əliyevin şərtlərini yerinə yetirməkdən başqa çıxış yolu olmaması, Azərbaycana əşhədü ehtiyacı olması da güman ki, molla rejimi tərəfindən qavranılır.

Bu gedişatda İranın Azərbaycana münasibətdə daha liberal kurs seçəcəyini, səhvlərini təkrarlamayacağını və üzr istəyəcəyini gözləmək olarmı? Yoxsa molla rejimi hələlik manevrlər etməklə özünü sığortalamağa və vaxt qazanmağa çalışır?

Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, ilk növbədə nəzərə almaq lazımdır ki, nazir Hüseyn Əmir Abdullahiyan 3+3 formatı ilə bağlı fikirlərini Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko ilə görüşündə səsləndirib: "Şübhəsiz ki, rəsmi Tehran regionda və dünyada baş verən dəyişikliklər, eləcə də Rusiya-Qərb qarşıdurması fonunda fərqli kontekstdən çıxış edə bilməzdi. Abdullahiyanın 3+3 formatı ilə bağlı mülahizələrində isə ən önəmli məqam prosesin rəsmi Tehranın təşəbbüsü kimi təqdim edilməsidir. İran regionun iki böyük dövlətinin-Türkiyə və Rusiyanın ciddi çağırışlarla qarşı-qarşıya qaldığı bir zamanda təşəbbüsü öz əlinə almaq istəyir. Doğrudur, rəsmi Tehran bundan öncə də 3+3 formatının əleyhinə çıxış etməmişdi, amma bu formatın regionun digər dövlətlərinin, xüsusilə də Azərbaycan və Türkiyənin strateji baxış bucağına uyğun bir şəkildə həyata keçməməsi üçün əlindən gələni əsirgəməmişdi. Hazırda İran, sadəcə, mövcud şəraitdən istifadə etməklə, ən azı əlaqələndirici roluna sahiblənməyə çalışır. İranın baxış bucağına görə, 3+3 əməkdaşlıq formatının mərkəzi Tehran olmalı, həyata keçirilən kommunikasiya layihələri də məhz İran ərazisindən keçməlidir. Molla rejiminin Zəngəzur dəhlizinə qarşı atdığı addımların təməlində də bu amil dayanır. Bizim Tehran rejiminə güvənmək üçün heç bir əsasımız yoxdur. İranın bölgədə təsir imkanlarının genişlənməsi təkcə region dövlətləri üçün yox, bütün Avrasiya üçün təhlükədir. Bu baxımdan, İranın yeni "təşəbbüskar" obrazının hər hansı bir nəticəyə gətirib çıxaracağı inandırıcı görünmür".

Alternativ düşüncəyə sahib liderlərlə fikir mübadiləsi aparılması siyasi  çoxfikirliliyin inkişafını təşviq edir"-İlyas Hüseynov

İlyas Hüseynov: “Molla rejimi bu cür manevrlər etməklə sanki özünü sığortalamağa, pozucu olmadığı rəyini yaratmağa cəhd göstərir”

Sosial Tədqiqatlar Mərkəzinin sektor rəhbəri İlyas Hüseynov də bildirdi ki, İranın xarici işlər naziri məhz Rusiya xarici işlər nazirinin müavini ilə görüşündə ölkəsinin 3+3 əməkdaşlıq formatında iştiraka hazır olduğunu dilə gətirib: "Rusiyada bu formatın reallaşması üçün görüş keçirilmişdi və anons edilmişdi ki, digər bir görüş Tehranda baş tutacaq. İran isə bu müddətdə əməkdaşlıq formatının reallaşmasını deyil, pozulmasını tətikləyən siyasəti Azərbaycana qarşı yürüdüb. Lakin 3+3 formatına ümidlər hələ də qalır. Çünki Cənubi Qafqaz dövlətləri Azərbaycan, Gürcüstan və Ermənistanla yanaşı həm də Rusiya, Türkiyə, İran dövlətlərinin maraqlarının uzlaşdırılması üçün çox yaxşı bir platforma hesab oluna bilər. Hesab edirəm ki, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində dağları aşmaq mövzusunda regional problemlərin hər üç dövlətin lideri ilə müzakirə olunması həm də mövqelərin yaxınlaşdırılması baxımından da mühüm əhəmiyyət kəsb edirdi. Məhz bu xüsusda qeyd etməliyəm ki, 3+3 formatı 2020-ci il Vətən müharibəsindən sonra yaranan yeni geosiyasi reallıqlar kontekstində Bakı və Ankaranın irəli sürdüyü tezisdir və Rusiya da bunu dəstəkləyir. Gürcüstan isə bu platformadan kənarda durmağı özü üçün düzgün hesab edir. Mövqeyini isə belə əsaslandırır ki, ərazisinin müəyyən hissəsi Rusiya tərəfindən hələ də işğal altındadır. İranın isə pozuculuq niyyətləri, addımları uzun müddətdir hamını bezdirib. İndi İranın müsbət tonda bəyanatla çıxış eləməsi maraq doğurur. Molla rejimi bu cür manevrlər etməklə sanki özünü sığortalamağa, pozucu olmadığı rəyini yaratmağa cəhd göstərir. İranın səmimi olduğuna şübhələr kifayət qədərdir. İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zoxurinin bir neçə gün öncə Azərbaycanın üzünə yüngül şillə tutuzdurmaqla bağlı təhdid mesajları da İranın səmimi olmadığını, birlik formatını deyil, düşmənçilik mövqeyindən əl çəkmədiyini göstərir. Məhz bu səbəbdən hesab edirəm ki, xarici işlər nazirinin açıqlamasının səmimi olduğunu sübut etmək və 3+3 formatının baş tutması üçün məhz Tehran çox çalışmalıdır. Lakin hesab edirəm ki, hətta İran xarici işlər nazirinin dediyi Tehran görüşünün belə baş tutması çətindir. Bunun üçün İran ilk növbədə Azərbaycana qarşı təxribatlarına, anti-Azərbaycan siyasətinə son qoymalıdır”.

Etibar SEYİDAĞA,

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.