Sülh müqaviləsində Ermənistan ictimaiyyəti üçün ən gözlənilməz bənd Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyinə dair məsələ oldu. Bu faktorlar birbaşa Azərbaycan konstitusiyası ilə bağlı olacaq.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan Feysbuk səhifəsində “Sülh danışıqlarının başlanmasının elementləri” adlı sənəd paylaşıb.
“Paşinyan Qarabağı tam şəkildə təslim etmək istəyir. Sülh mətnində iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanıması, Azərbaycanın konstitusiyasına, beynəlxalq öhdəliklərinə uyğun olaraq Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyinə dair bənd var. İrəvan açıq bəyanatla çıxış edəcək ki, Qarabağ ermənilərinin təhlükəsizliyini və hüquqlarını təmin etmək üçün lazım olan hər şey danışıqlar başa çatana qədər edilməlidir. Bakı Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi ilə bağlı qarşılıqlı anlaşmanın təmin edilməsi üçün onlarla (Bakı - red.) danışıqlara başlayacaq”, - o bildirib.
Aşotyan qeyd edib ki, mətndə əsas diqqət edilməli məqam Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi məsələsinin Azərbaycanın konstitusiyasına və onun beynəlxalq öhdəliklərinə uyğun olmasıdır:
“Azərbaycan və AB Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi ilə bağlı məsləhətləşmələr aparacaq. Bakı bu işə ATƏT-in milli azlıqlar üzrə komissarını cəlb edəcək. AB Qarabağ erməniləri ilə əlaqə saxlayacaq”.