Rusiyanın Ukraynaya hücumundan sonra bu ölkədə yaşayan bir çox azərbaycanlı qonşu dövlətə atılan raketlərin od-alovundan uzaq olsa da, bir müddət əvvəl aparılmış qismən hərbi səfərbərlik bir çoxunda həyəcan, qorxu yaratmışdı. Hətta evini satıb Rusiyadan köçənlər də olub, burda yaşayan azərbaycanlılar BBC Azərbaycanca ilə müşahidələrini bölüşərkən deyiblər.
Rusiyanın Ukraynaya müharibə başlatmasının bir ili tamam olur. Bu müharibə nəticəsində Ukraynada minlərlə insan həlak olub, milyonlarla insan qaçqın olub. Bəzi iqtisadi təhlilçilər deyirlər ki, Ukraynaya hücumun ildönümü ərəfəsində Rusiya iqtisadiyyatı Qərbin sanksiyalarının ağırlığını hiss etməyə başlayır.
Moskvanın mərkəzində və ona yaxın ərazilərdə yaşayan azərbaycanlılar BBC-yə deyir ki, müharibənin təsirlərini daha çox bahalaşmada, Azərbaycana gedərkən təyyarə biletlərinin qiymətlərində və səfərbərlik elanına görə Rusiyanı tərk edən tanışlarının yoxluğunda hiss edə bilirlər.
2022-ci ilin sentyabrın 21-də Rusiyada qismən hərbi səfərbərlik elan ediləndən sonra Moskva-Bakı təyyarə reyslərində adi vaxtlarda 240-300 manat olan biletin qiyməti 3000-3600 manat kimi bahalaşıb.
Həm Rusiyada, həm də Ukraynada milyonlarla azərbaycanlı məskunlaşıb, amma müharibəyə başlayan Rusiyada qeyri-rəsmi rəqəmlərə görə, təqribən 2 milyondan çox azərbaycanlının yaşadığı hesab edilir.
Artıq yeddi ildirki Rusiyada, Moskva ətrafında yaşayan Nigar Salayeva (BBC-yə danışan azərbaycanlıların bəziləri təhlükəsizliyinə görə ad və soyadlarının dəyişməsini istəyiblər) deyir ki, müharibə ilk başlayanda və hərbi səfərbərlik elan ediləndə azərbaycanlılar arasında narahatlıq, həyəcan artıb, amma bu gün bu təlaşdan əsər-əlamət qalmayıb:
“Burada yaşayan azərbaycanlıların əksəriyyəti ailəli, uşaqlıdır, gənc ailələrdirlər və hamı narahat idi ki, Rusiya vətənadaşı olduqlarına görə, onları müharibəyə apara bilərlər”.
Rusiyada qismən hərbi səfərbərlik başa çatdığından təşviş nisbətən azalıb, amma işsizlik artıb, iş tapmaq çətinləşib və hətta işlərin itirənlər də olub, Nigar Salayeva əlavə edib.
Onun sözlərinə görə, işini itirənlər təkcə azərbaycanlılar deyil.
Nigar Salayeva xatırlayır ki, bir il əvvəl başlayan müharibəyə görə, qorxudan, təşvişdən bəzi azərbaycanılar evlərini satıb Azərbaycana qayıdıblar, müvəqqəti Türkiyəyə gedənlər də olub:
“Evini-eşiyini, hər şeyini satıb Azərbaycana gedənlər oldu burda. Rəfiqəmgilin ailəsi neçə il burada yaşasalar da köçüb qayıtdılar Lənkərana. Elə adamlar oldu ki, səfərbərliyə görə gizlənməli oldu. Həyat yoldaşım atasının təkidi ilə Azərbaycana getdi, amma 10-15 gün qalıb, qayıdıb gəldi Moskvaya. Biz çoxuşaqlı ailəyik deyə, yoldaşımı [müharibəyə] aparmayacaqlarını bilirəm, amma yenə də narahatıydıq ki, qanunsuz apara bilərlər”.
Onun sözlərinə görə, Moskvadakı bazarların birində ticarətlə məşğul olan həyat yoldaşının işində bir az problem yaranıb, işləri zəifləyib:
“Müharibənin əvvəlində çox problemlər yarandı, amma sonradan hər şey normallaşdı. İndi hətta ruslar arasında da təşviş, narahatlıq yoxdur, sanki heç müharibə yoxdur”.
Müharibə başlayandan sonra Rusiyadakı azərbaycanlıların üzləşdikləri çətinliklərdən biri də Azərbaycana gedib-gəlməkdə üzləşdikləri “hədsiz baha təyyarə biletləri” olub.
“6-7 ay əvvəl atam rəhmətə getdi və biz ailəvi getmək üçün təyyarə biletinə 300 min rubl pul ödədik. Bu, Azərbaycan manatı ilə 7 min manata yaxın puldur. Normal halda bu məbləğ 60 min rubl ətrafında olurdu, yəni 1300-1500 manat ətrafında. Bəzən bayram ərəfələrində də bahalaşma olurdu, amma bu dəfə elə olmadı. Hazırda qiymətlər enib, amma müharibədən əvvəlki kimi deyil”, - Nigar Salayeva BBC Azərbaycancaya deyib.
Artıq dörd ildir Moskvada yaşayan Mübariz Qasiminin sözlərinə görə, Rusiyada müharibənin ilk altı ayı çətinliyi gözlə görüləcək dərəcədə olmayıb:
“Ancaq sentyabrda səfərbərlik qərarı veriləndə bu, həm azərbaycanlılara və eləcə də Rusiyada yaşayan hamıya təsir etdi. Tanıdığımız azərbaycanlılara da çağırış gəldi, fərqi yoxdur, onlar bir aydır alıblar vətəndaşlığı, ya beş ildir. Rusiya vətəndaşlığını almış bəzi azərbaycanlılar ölkəni təcili tərk elədilər”.
Mübariz Qasimi restoran biznesində çalışır və daha çox turistlərin yoxa çıxması onun işinə təsir edib.
“Müştərilərimizin sayı azalıb, məcbur qalıb işçilərin də sayını bir-iki nəfər azaltdıq. Qiymətlər bahalaşıb, əsasən də ərzaq, gigiyenik vasitələr, ölkəyə gəlməsinə qadağalar qoyulan tanınmış markaların elektron-texnika məhsulları”.
Onun sözlərinə görə, Moskvada və digər Rusiya şəhərlərində Qərbin brend geyim dükanları bağlanıb.
Mübariz Qasimi deyib ki, ümumi iş yerləri ilə bağlı elə də narahatlıq yoxdur, çünki iş yerlərini tərk edənləri başqaları əvəzləyib.
“Həyat davam etsə də ölkə daxilində əvvəllər görmədiyimiz qədər yoxlamalar var, insanların iş icazəsini yoxlayırlar, hər addımbaşı yoxlayırlar, metrolarda daha çox yoxlamalar aparılır”, - o bildirib.
Mübariz Qasiminin sözlərinə görə, BMW, Audi, Mercedes, Porche və başqa Avropa avtomobil şirkətləri yeni modellər göndərmir və ona görə də Rusiyada Çin istehsallı avtomobillər daha geniş yayılmağa başlayıb və qiymətlər də bahadır:
“Ümumiyyətlə, buradakı azərbaycanlıların əsas qayəsi müharibəyə gedib hədər yerə məhv olmamaqdır. Rusiya vətəndaşlığı alan azərbaycanlıların çoxu ölkəni tərk elədilər, amma son vaxtlar bəziləri qayıdır. Ancaq yeni səfərbərlik elan ediləcəyi ilə bağlı şayiələr də yayılır”.
Onun fikrincə, müharibənin təsiri Qərb dövlətləriylə böyük biznesi olan azərbaycanlılara olub və sanksiyalar onların işlərində ləngimələr, geriləmələr yaradıb, sifarişlər, çatdırılmalar problemlə üzləşib:
“Ancaq Rusiya, demək olar, hər sahədə alternativlər tapıb. …Ən çox bəyəndiyimiz odur ki, nə qədər avtoritar idarəetmə olsa da, Rusiya ehtiyatlar baxımından, özünü vəziyyətdən çıxarmaq baxımından müsbət nəticələr əldə edə bilir”.
Müharibə yeddi ildir Moskvada yaşayan Bahar Hüseynovanın ailəsinə birbaşa təsir etməyib, çünki həyat yoldaşı “dövlət işində” çalışır və iş yerindən ona hərbi xidmətə aparılmayacağı ilə bağlı arayış verilib.
Ona görə də ərinin səfərbərlik və işini itirməklə bağlı problemi olmayıb.
Elə Rusiyadakı bahalaşmadan da yayınmağa çalışırlar:
“Hər kəs ayağını yorğanına görə uzadıb alış-verişini edir. Geyimdə bahalaşma yoxdur, düzdü bizim aldığımız ərzaqlarda artım oldu, amma endirimlər də tez-tez olur. Çalışıram ki, aldığım hər şeyi endirim vaxtı alım ki, bahalaşmanı hiss etməyək”, - Bahar Hüseynova bildirib.
Azərbaycana təyyarə biletlərinin baha olması onlar üçün müharibənin özünü göstərdiyi ən ciddi amildir:
"Bahalaşma yeni deyil. Azərbaycana gediş-gəliş elə korona dövründə çətinləşmişdi. Onda biletlər də baha idi, birbaşa reys də tapmaq olmurdu, ancaq bir neçə reys dəyişməklə getmək olurdu. Ondan sonra bircə dəfə getmişəm vətənə. İndi deyirlər düzəlib" , - Bahar Hüseynova deyib.
BBCcom