Paşinyan, Qriqoryan və Mirzoyan Laçın yolu ilə bağlı Azərbaycan və Rusiya ilə danışıqlar aparmaq niyyətində deyil. Rusiya isə üçtərəfli müzakirələrdə ona görə maraqlıdır ki, o, tərəflərin bir-birini ittiham etməsi ilə yaxasını məsuliyyətdən qurtarmaq istəyir. Nəticə etibarilə danışıqlarda Azərbaycan və Rusiya qalır. Yəni Ermənistan özünü kənara çəkməkdə Bakı və Moskva arasında münasibətləri pozmaq məqsədi güdür.
Bu sözləri Axar.az-a açıqlamasında BMT Baş katibi Antonio Quttereş və Nikol Paşinyan arasında aparılan telefon danışığını şərh edən politoloq Elşən Məcidov deyib.
Politoloq Paşinyanın faktaraşdırıcı missiya istəməklə növbəti dəfə Rusiyanın quyusunu qazdığını vurğulayıb:
“Digər tərəfdən, Paşinyan Laçın yolu məsələsinin beynəlxalq xarakter daşımasına, eyni zamanda hazırda orada baş verən prosesləri Rusiya ilə Azərbaycanın sövdələşməsinin nəticəsi kimi təqdim etməyə çalışır. Yəni guya Azərbaycan və Rusiya Zəngəzur dəhlizini açmaq üçün Laçın yolunu bağlayıb. İndi Paşinyan Quttereşə zəng edib faktaraşdırıcı missiyanın göndərilməsini istəməklə əslində Rusiyanın quyusunu qazır. Çünki bölgəyə faktaraşdırıcı missiyanın çağırılması rus sülhməramlıların öz vəzifəsini yerinə yetirə bilmədiyini, Rusiyanın tərəf olduğunu göstərmək məqsədi güdür. Lakin Ermənistanın bu həmlələri heç bir nəticə verməyəcək. Ona görə ki, Azərbaycanın icazəsi olmadan heç bir ölkə və təşkilat oraya missiya göndərə bilməz”.