Prosesin əvvəlindən Azərbaycanın Vardanyan məsələsindəki mövqeyi haqlı olaraq çox sərt və kəskin idi. Dövlətimiz sözügedən şəxsin oradan uzaqlaşdırılması üçün Rusiya ilə Ermənistana açıq şəkildə böyük təzyiq göstərdi. Hətta Soçi və Moskvada birbaşa Putindən, daha sonra isə Lavrovdan izahat tələb edildi. Moskva isə nə qədər Vardanyanla heç bir əlaqəsinin olmadığını iddia etsə də, məsuliyyətdən yaxasını qurtara bilmədi. Cənab Prezident isə həm AB nümayəndələri ilə görüşdə, həm beynəlxalq tədbirlərdə, həm ictimaiyyətə müraciətlərində, ən son Münhen Təhlükəsizlik Konfransında Moskvanın vassalı olan bu adamla görüşməyəcəyini bildirdi.
Bu sözləri Axar.az-a Ruben Vardanyanın “vəzifədən” uzaqlaşdırılmasının səbəbləri haqqında danışan siyasi şərhçi Turab Rzayev deyib.
Siyasi şərhçi Qərbin də Vardanyanın Moskvanın köləsi olduğunu bildiyini vurğulayıb:
“Digər tərəfdən Qərb özü də Vardanyanı qəbul etmək istəmirdi. Çünki onlar da bu adamın Rusiyanın layihəsi olduğunu dəqiq bilirdilər. Məsələn, AB və ABŞ-ın hadisələrə rəsmi münasibətlərində, eyni zamanda istər BBC-nin məşhur “Hard Talk” verilişində, istər “Faynənşl Tayms”da, istərsə də Avropanın digər mətbuat orqanlarında gedən yazılarda biz Vardanyanın Rusiyanın vassalı kimi qəbul olunduğunu gördük. Hətta Qarabağda Krım ssenarisinin həyata keçirilməsi təhlükəsi ilə bağlı xarici dövlətlərin yüksək səviyyəli rəsmilərinin xəbərdarlıqları da var idi. Bütün bunlar Avropanın Rusiyanın daha bir oliqarxı ilə nə Qarabağda, nə də Ermənistanda çalışmaq istəmədiyini göstərdi. Paşinyan da Vardanyanı özünə potensial rəqib və təhlükə kimi görürdü. Ona görə də separatçı tör-töküntülərin “baş prokuror” elan etdikləri Qurgen Nersisyanın “vəzifə”yə gətirilməsini Paşinyan da müsbət qarşıladı. Bununla yanaşı, Arutyunyan da Qərblə münasibətlərini pozmaq istəmir. Lakin Moskvanın Vardanyanı kölgəyə çəkib başqa layihələrdə istifadə etmək niyyəti ilə bağlı da iddialar var”.
Turab Rzayev Vardanyanın göndərilməsini Qərbin Rusiyanı Cənubi Qafqazdan çıxarılması planının reallaşdırılmasının ilkin mərhələsi kimi qiymətləndirib:
“AB-nin missiyasının Ermənistana göndərilməsində iki rəsmi məqsəd var. Bunlardan birincisi sərhəddə təxribatların qarşısını almaq, ikincisi isə Ermənistan əhalisini xarici təhlükələrdən qorumaqdır. Yəqin ki, hazırda rus qoşunlarının Ermənistandan çıxarılması planı üzərində iş gedir və biz yaxın gələcəkdə orada kütləvi mitinqləri də görəcəyik. Fikrimcə, Paşinyan da rus qoşunlarının çıxarılması qərarını dəstəkləyəcək və onlar yerli əhaliyə atəş açsa, yaxud hakimiyyət çevrilişi cəhdi olsa, “mülki missiya” prosesə müdaxilə edəcək. Missiyaya hərbçilərin cəlb edilməsi Ukraynada başlayan geosiyasi qarşıdurmanın Cənubi Qafqaza gətirilməsi və növbəti mərhələdə Rusiyanın bölgədən sıxışdırılıb çıxarılma planının başlanğıcıdır. Paşinyanın yerinə gəlməyə hazırlaşan Vardanyanın isə meydandan kənara çıxarılması bəhs etdiyimiz sıxışdırma planının artıq addım-addım reallaşdırılmağa başlanmasının ilk təzahürü də ola bilər. Yəni AB missiyasının qarşısındakı maneələrdən birini də aradan götürülmüş oldu”.
Siyasi şərhçi Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana ortaq təhlükəsizlik maraqları çərçivəsində fəaliyyət göstərməyi təklif edəcəyini bildirib:
“Lavrovun Azərbaycana gözlənilən səfəri isə AB planının qarşısını almağa yönəlib. Çünki burada ortaq maraqlarımız da var. Əlbəttə ki, Azərbaycan rus sülhməramlıların vaxtı çatanda Azərbaycandan çıxmasını istəməklə yanaşı, başqa xarici güc mərkəzlərinin də müxtəlif adlar altında Cənubi Qafqaza daxil olmasına qətiyyən razı deyil. Rusiya vəziyyətdən istifadə edərək Azərbaycana eyni mövqedən çıxış etmək müqabilində müəyyən təkliflər verə bilər. Azərbaycan da öz növbəsində şərt və təklifləri Lavrovun qarşısına qoyacaq. Səfər zamanı Vardanyanın uzaqlaşdırılmasını Rusiyanın ölkəmizə bir jesti kimi təqdim olunacağını düşünürəm”.