LAVROVUN BAKIYA SƏFƏRİNİN PƏRDƏARXASI – “O zaman Vardanyanın da səs tonu artacaq...”

25-02-2023, 22:34   



“Bakının Vardanyan tələbinin yerinə yetirilməsinin üstünlüyü ondadır ki, Kreml emissarını xilaskar simada qəbul edən Qarabağ ermənilərinin xəyalları suya düşdü və Azərbaycanın öz mövqeyindən geri çəkilməyəcəyi bir daha onlara sübut olundu. Amma bu uğur, Laçın yolunda qoyulacaq sərhəd nəzarət-buraxılış postunun strateji əhəmiyyəti ilə müqayisə oluna bilməz. Sərhədə nəzarətimiz avtomatik olaraq həm Xankəndi ilə, həm də Ermənistanla əlaqədar çox problemlərin sürətlə öz həllini tapacağına şərait yaradır”.



“AzPolitika.info” xəbər verir ki, təhlükəsizlik məsələləri üzər ekspert İlham İsmayıl Qarabağ ətrafında yaranmış hazırkı vəziyyəti dəyərləndirərkən belə deyib.

“Müharibə bitəndən bəri erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması məsələsinin dalana dirənməsi də bu nəzarətin yaranması ilə həll edilmiş olacaq. Gediş-gəliş isə müəyyən edilmiş çərçivələrə uyğunlaşdırılacaq. Azərbaycanın dövlət nəzarəti tədricən Rusiya sülhməramlıların nəzarət etdiyi ərazilərə yeridiləcək”, - o əlavə edib.

Ekspert vurğulayr ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı səfəri yalnız keçən il imzalanmış müttəfiqlik müqaviləsinin bir illiyini qeyd etməklə bitməyəcək: “Bu səfərin dörd aydır Ermənistanla Azərbaycan arasında dayandırılmış danışıqların Moskvanın təşəbbüsü ilə davam etdirilməsinə hesablandığı inandırıcıdır və səfərin yaxın günlərə nəzərdə tutulmuş Brüssel görüşündən əvvəl baş tutması təsadüfi deyil. Bu görüş o vaxt məhsuldar hesab ediləcək ki, bütün beynəlxalq standartlara uyğun olaraq sərhəd nəzarət-buraxılış postu yaradılacaq və sülhməramlılarla birgə həyata keçirilməsinə qərar veriləcək. Əks halda, Ermənistanın zaman uzatması, sülh müqaviləsini yubatması davam edəcək, növbəti görüşlərin Brüsseldə və Moskvada keçirilməsindən asılı olmayaraq əvvəlkilər kimi konkret nəticələri olmayacaq. O zaman Araikin də, Qarabağda qalıb perspektiv planların layihələrini irəli sürən Vardanyanın da səs tonu artacaq və Münhen konfransında səsləndirilmiş sərhəd nəzarət postuna mane olduqlarını fəxrlə qələbələri kimi təqdim edəcəklər. Buna imkan vermək olmaz”.

İ.İsmayıl hesab edirki, Azərbaycan parlamentində səsləndirildiyi kimi, Rusiya ilə bu işi həll etmək əsas vəzifəmiz olmalıdır. “Rusiya razı olmaya bilər? Mümkündür. O zaman açıq şəkildə Rusiyaya bildirilməlidir ki, Azərbaycan Laçın yolunun təhlükəsizliyini təmin etmək məqsədilə yaxın “X” günündə sərhəd nəzarət-buraxılış məntəqəsini yaradacaq! Dövlət sərhədinə nəzarət etmək Azərbaycanın suveren hüququdur və heç kim buna mane ola bilməz”, - ekspert əlavə edib.

“AzPolitika.info”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.