Rusiya Federasiyası Hökuməti Dövlət Dumasına beynəlxalq sülhməramlı əməliyyatlarda iştirak edən hərbi qulluqçuların statusu ilə bağlı düzəlişlər göndərib.
Hazırda sülhməramlı misiyada müqaviləli əsgərlər olmalıdır. Sənədin yeni redaksiyasında hazırlıqlı könüllü olmaq kifayətdir. Təklif olunan dəyişikliklərin birbaşa mənası onu göstərir ki, həm çağırışçıları, həm də könüllüləri xüsusi sülhməramlı əməliyyatlara göndərmək mümkün olacaq. Xatırladaq ki, indi onlar statusuna görə müqaviləli hərbçilərə bərabər tutulurlar. Söhbət 1995-ci ildə qəbul olunmuş qanuna düzəlişlər etmək üçün hökumətin Dövlət Dumasına Vətən Müdafiəçisi Günü ərəfəsində təqdim etdiyi təşəbbüsdən gedir.
Sənəd “Beynəlxalq sülhün, təhlükəsizliyin qorunması və ya bərpası üzrə fəaliyyətlərdə iştirak etmək üçün Rusiya Federasiyasının hərbi və mülki heyətlə təmin edilməsi qaydası haqqında” adlanır. Bu sənədə 2011-ci və 2014-cü illərdə iki dəfə əlavə və dəyişikliklər edilib. Hazırkı qanunun 8-ci maddəsində deyilir:
“Sülhməramlı fəaliyyətlərdə iştirak etmək üçün göndərilən hərbi qulluqçular könüllülük əsasında ilkin xüsusi hazırlıq keçmiş hərbi qulluqçular tərəfindən cəlb edilir”.
Qanun layihəsinə verilən izahatda bununla bağlı heç nə yoxdur. Sadəcə qeyd edilir ki, düzəlişlərin qəbulu Rusiya Federasiyasına sülhməramlı fəaliyyətlərdə iştirak üçün göndərilmiş hərbi heyəti cəlb etmək imkanlarını genişləndirməyə imkan verəcək. Lakin hökumətin qanun layihəsinin əsas sirri onun geriyə şamil olunmasıdır, yəni qanunun geriyə qüvvəsinin olmaması prinsipi burada pozulur. Yəni avqustun 15-dən tənzimləməsi nəzərdə tutulan hüquqi münasibətlərin qüvvədə olduğu deyilir. Bunun hansı hüquq münasibətlərə və ya normativ akta əsasən yaranması barədə bir kəlmə də deyilmir. Rusiya mediasının yazdığına görə, müdafiə nazirinin müavini Nikolay Pankov çox güman ki, bu məsələyə Dövlət Dumasında bağlı qapılar arxasında aydınlıq gətirəcək.
“Əlbəttə, mümkündür ki, bunlar “Donetsk Xalq Respublikası”, “Luqansk Xalq Respublikası”, Zaporojye və Xerson vilayətlərinin Rusiya Federasiyasına birləşdirilməsi ilə bağlı sentyabr referendumları ilə əlaqədar artıq köhnəlmiş planın bəzi qalıqlarıdır. Bu səsvermələrdən əvvəl rus qoşunları rəsmi olaraq xaricdə fəaliyyət göstərirdi, ona görə də nəzəri olaraq bəlkə də onları bir növ sülhməramlılar kimi təqdim etməyə ehtiyac var idi. Məsələn, istisna etmək olmaz ki, Müdafiə Nazirliyinin müəyyən planları var. Yəni Ukraynanın digər regionları ilə bağlı bu mümkündür. Daha çox hərbi qulluqçuların sülhməramlılar kimi qeydiyyata alınması imkanının genişləndirilməsinə gəlincə, burada da idarənin maraqları prinsipcə aydındır. Doğrudan da, dəfələrlə qəti şəkildə bəyan edilib ki, yeni qismən səfərbərlik olmayacaq”,-deyə “Nezavisimaya Qazeta” yazır.
Qeyd edək ki, sözügedən qanun layihəsi qəbul edildikdən sonra geriyə tətbiqi çox güman ki, Azərbaycandakı Rusiya sülhməramlıların statusundan da yan keçməyəcək. Rusiya Azərbaycandakı sülhməramlı kontingentin tərkibini könüllü hərbçilər və ya çağırışçılarla əvəz edəcək.
Azərbaycandakı sülhməramlıların isə Ukraynadakı müharibəyə aparılması mümkündür. Qanun layihəsinin daha çox Ukraynanın ilhaq edilmiş ərazilərindəki Rusiya silahlı qüvvələri üçün nəzərdə tutulduğunu söyləmək olar. Çünki Pitinin bir il öncə müharibəni başlayarkən elan etdiyi “xüsusi hərbi əməliyyat”ın müddəti başa çatır. Ona görə də Moskva Ukraynadakı müharibəyə yeni ad verməlidir. Görünür, Kreml 2022-ci ilin yanvarında Qazaxıstanda törədilən qırğınlarda olduğu kimi, bu dəfə də Donetsk, Luqansk, Zaporoje və Xerson vilayətinin şərq hissəsindəki qoşunlarının fəaliyyətinə “sülhməramlı əməliyyat” adı vermək istəyir.
Müşfiq Abdulla
Cebhe.info