İran ermənipərəst mövqeyini nümayiş etdirməyə davam edir.
Belə ki, İran 44 günlük müharibədə əlil olan Ermənistan vətəndaşlarını müalicə edəcək. Bununla bağlı İranın kooperasiya, əmək və sosial təminat naziri Seyid Soulat Mortazavi açıqlama verib:
“Tehran 44 günlük müharibə zamanı əlil olmuş Ermənistan vətəndaşlarının reabilitasiyasına yardım etməyə hazırdır”.
Qeyd edək ki, tarix boyu Ermənistana dəstək olaraq Azərbaycanın qarşısında olan İran öz çirkin əməllərinə davam edir. Xüsusilə 44 günlük Vətən müharibəsində və Azərbaycanın şanlı qələbəsindən sonra rəsmi Tehran ermənipərəst mövqeyini açıq şəkildə ortaya qoydu.
Molla rejiminin uçurama apardığı İran yenə də Ermənistanın yanında yer alaraq Azərbaycana qarşı siyasət aparır. İranın bu addımı Azərbaycana qarşı konkret olaraq xəyanət kimi dəyərləndirilir.
Mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən politoloq Qabil Hüseynli bildirib ki, bu, İranın Azərbaycana birinci xəyanəti deyil:
“Azərbaycan istiqlalını qazanandan bəri İran ölkəmizə qarşı ardıcıl xəyanətlər edib. Çünki İran istiqlalımızı həzm edə bilməyib.
Ölkəmizin ərazisinə özləri tərəfindən təlim keçmiş müxtəlif agentura şəbəkəsi yerləşdirməyə çalışıb. Amma biz onun böyük hissəsini ifşa etmişik.
Ümumiyyətlə, İranın çirkin hərəkətləri ilə bağlı kifayət qədər nümunələr gətirmək olar. Məhz onların Xocalı soyqırımına münasibətini misal çəkmək olar. Orada yaşayan azərbaycanlılar Xocalı soyqırımı ilə bağlı hüzr məclisləri təşkil etmək istəyərkən, Tehran hakimiyyətinin amansız rəftara məruz qalıblar.
Hətta İran mətbuatında Xocalı soyqırımı haqqında bir kəlimə belə yazılmayıb. Lakin onlar saxta “erməni soyqırımı” haqqında ən azı 2 şəhərdə böyük abidələr ucaldıblar. Hər il o abidələrin yanında erməni azlığı farslarla birlikdə tədbirlər keçirirlər”.
Politoloq vurğulayıb ki, İranın belə addımları təəccüblü deyil:
“Yəqin ki, 44 günlük Vətən müharibəsində yaralanan ermənilər İran dövlətinin hesabına müalicə olunacaq. Müharibə iştirakçıların müalicəyə qəbul olunması isə İranın növbəti xəyanətkar addımıdır. Çünki onlar heç bir zaman belə məsələlərlə bağlı Azərbaycana hər hansısa dəstək vermək fikrində olmayıblar.
Hazırda İranda faşist bir rejimi var. Onlar, şiə dünyasının və islamın dəyərlərinə sığınaraq açıq şəkildə fars şovinizmini həyata keçirirlər. Üstəlik, bu molla-fars rejimi ilə, erməni faşist rejimi əməkdaşlıq edir. Artıq bu əməkdaşlıq kifayət qədər irəli gedib. Ona görə də bunlara təəccüblənmək lazım deyil”.
Elmir Mustafa
Cebhe.info