Britaniya nəşrinin “Rusiya erməninin əli ilə neft-qaz kəmərlərinə hücum hazırlayır” iddiasının pərdəarxası

28-02-2023, 09:32   


“Rusiya Ermənistanın əli ilə Azərbaycan boru kəmərlərinə hücum hazırlayır”.  Belə bir sensasiyalı iddia ilə İngiltərənin “The Express” nəşri çıxış edib.

Nəşrin iddiasına görə, Vladimir Putin Azərbaycandan qazın nəql olunduğu boru kəmərlərini sıradan çıxarmaq üçün erməni hərbçilərinə təlim keçməyə icazə verməklə Avropaya qarşı yeni hücum planlaşdırır.

“Çarəsiz Rusiya Avropaya qaz axınını pozmaq üçün yeni hücum planlaşdırır. Bu barədə kəşfiyyat mənbələri xəbərdarlıq edir. Putin Azərbaycandan təbii qaz nəql edən boru kəmərlərinə zərbələr endirmək üçün Ermənistan qoşunlarının təliminə icazə verib”, - deyə jurnal qeyd edib.

“Ekspress”in yazdığına əsasən, NATO-nun ələ keçirdiyi elektron yazışmalardan aydın olur ki, Putin Ermənistan qoşunlarının Azərbaycandan təbii qaz nəql edən boru kəmərlərinə zərbələr endirmək üçün hazırlanmasına icazə verib: “Plan həm də onun nəticələrini müzakirə etmək üçün son Münhen Təhlükəsizlik Konfransına toplaşan NATO-nun yüksək səviyyəli nazirləri və hərbi komandirləri arasında narahatlıq yaradıb”.

Nəşrin vurğuladığı kimi, Avropa İttifaqının Rusiyadan qaz tədarükündən uzaqlaşmaq haqda qərarından sonra Azərbaycanın alternativ mənbə kimi Avropa üçün əhəmiyyəti getdikcə artır. Mənbələrin dediyinə görə, bunun qarşısını almaq üçün Moskva öz xüsusi təyinatlılarına Ermənistanda nəzarət edilən qüvvələr yaratmağa izn verib: “Plan Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz yatağından təbii qazı Türkiyəyə və onun hüdudlarından kənara nəql edən Cənubi Qafqaz boru kəmərinə hücumu nəzərdə tutur. Moskva Azərbaycanın getdikcə daha çox Qərb mövqeyi tutmasından narazıdır".

Belə bir təxribat mümkündürmü, yoxsa hədəf Azərbaycan-Rusiya münasibətlərində gərginlik yaradıb Bakını Moskvadan daha da uzaqlaşdırmaqdır?

Xatırladaq ki, Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı qüvvələri son illər strateji neft-qaz kəmərlərinin mühafizəsi ilə bağlı dəfələrlə birgə təlimlər keçirib. Kəmərlərimiz nə dərəcədə etibarlı qorunur?

Qeyd edək ki, Rusiyanın qazdan Avropaya təzyiq üçün istifadə imkanı minimuma enib. Alternativ mənbələrdən - Norveç, ABŞ, Əlcəzair, Azərbaycan və sair qaz alışını artırması, həmçinin istehlakı azaltması sayəsində qış mövsümü arxada qalmaqda olduğu bir vaxtda, Avropanın qaz anbarlarında 67,88 milyard kubmetr qaz var. Anbarlardan götürülən həcmlər uzun illərin orta göstəricisindən 30 faizə qədər aşağıdır. Məsələn, fevralın 25-də anbarlardan 284 milyon kubmetr qaz götürülüb, 47 milyon kubmetr isə vurulub. Ümumilikdə, istilik mövsümü başlanandan indiyədək Avropanın ehtiyatlardan istehlakı 41,12 milyard kubmetrə bərabər olub ki, bu da son 5 ildəki orta göstəricidən 12,38 faiz aşağıdır. Ötən mövsümdə Avropa anbarlardan istehlakı martın 19-da dayandırmışdı. Bu il havaların daha mülayim keçməsi anbarlardan istifadənin daha tez dayandırılmasını şərtləndirə bilər. Bu isə onlarda 55 milyard kubmetrdən çox qazın qalmasına gətirib çıxaracaq. Nəticədə Avropa qaz tələbatın kəskin azaldığı yaz və yay mövsümündə Rusiya qazı olmadan da anbarlarındakı ehtiyatları maksimum həddə çatdırmaq imkanı qazanacaq.

Məlumat üçün bildirək ki, hazırda Ukrayna üzərindən 40 milyon kubmetr, Türkiyə üzərindən isə 33 milyon kubmetr olmaqla, Avropaya gündə 72-73 milyon kubmetr Rusiya qazı nəql olunur. Ukrayna üzərindən Rusiya qazı alan İtaliya, həmçinin Türkiyə üzərindən bu məhsulu əldə edən Cənubi Avropa ölkələri - Bolqarıstan, Rumıniya, Macarıstan, hətta Rusiyanın yaxın müttəfiqi olan Serbiya Azərbaycandan qaz almaqla, Moskvanın asılılığından qurtulmağa can atırlar...

Xatırladaq ki, fevralın 27-də keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 540 ABŞ dollarından aşağı düşüb.

“APA-Economics” xəbər verir ki, 27 fevral tarixində mart fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 537 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (559,1 dollar) ilə müqayisədə 4% azdır.

Azərbaycan Avropa İttifaqı ilə imzalanan enerji memorandumuna sadiqlik nümayiş etdirərək qaz ixracını stabil olaraq artırır. Belə ki, 2023-cü ilin yanvarında Azərbaycandan qaz ixracı ötən ilin eyni dövrünə nisbətən 12 faiz artıb. Energetika naziri Pərviz Şahbazovun “Twitter” səhifəsində yazdığına görə, ay ərzində Avropaya 1 milyard kubmetr qaz tədarük edilib. Bu müddətdə Türkiyəyə 0,9 milyard kubmetr, Gürcüstana isə 0,3 milyard kubmetr qaz ixrac olunub.

Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb. 2022-ci ilin oktyabrında işə salınan Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) IGB Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən  daha çox “mavi yanacağın” Bolqarıstana nəqlini nəzərdə tutur. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2" yatağından 1 milyard kubmetr qazın tədarükü üçün ”Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycanın təbii qazı Bolqarıstanın tələbatının 25-30 faizini ödəyə biləcək. IGB ilə həmçinin Rumıniya və digər ölkələr də qaz almağa hazırlaşırlar. İtaliya da TAP-la alacağı Azərbaycan qazının artması hesabına Rusiyadan qaz alışını 2024-cü ildə tamamilə dayandırmağa hazırlaşır.

Göründüyü kimi, Azərbaycanın Avropaya qaz ixracı Rusiyanı narahat edəcək sürətlə artır. Bu baxımdan, Rusiyanın son çarə kimi ermənilərdən Azərbaycanın ixrac kəmərlərinə zərbə endirmək üçün istifadəyə əl atması ehtimalı hamını düşündürür. Nəzərə alsaq ki, Cənubi Qafqaz Qaz Kəməri Qazaxıstan neftinin dünya bazarına çatdırılması üçün Rusiya ərazisindən keçən kəmərə əsas alternativ rolu oynamağa başlayan Bakı-Tiflis-Ceyhan neft kəməri ilə eyni ərazidə yerləşir, o zaman Moskvanın həmin əraziyə “marağı”nın səbəbini anlamaq çətin olmaz. Üstəlik, hər iki kəmər məhz Azərbaycanın Qərbində - Gəncə-Tovuz-Qazax bölgəsində Rusiyadan kənar ərazilərlə Asiyadan Avropaya yükdaşımaların əsas marşrutu sayılan Orta dəhlizlə paralelləşir. Bu ərazilərdə sabitliyin pozulması daşımaçıların Orta dəhlizə ehtiyatla yanaşmasına gətirib çıxara bilər.

Türkiyədə törədilən terrorda ERMƏNİ izi ola bilərmi? İlham İsmayıldan  FƏRQLİ BAXIŞ

İlham İsmayıl: “Həm fiziki, həm elektron vasitələrlə mühafizə sistemləri yaradılıb, kəmərlər ciddi qorunur”

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayılın “Yeni Müsavat”a dediyinə görə, Rusiya Ukraynaya hücum edərkən Avropanın ondan olan enerji asılılığını özünə qarşı təzyiqləri yumşaldan əsas faktor kimi hesablamışdı: “Ötən bir il ərzində Avropa bu asılılıqdan çox böyük ölçüdə qurtuldu, Ukraynaya yardımını isə əksinə, artırdı. Avropaya bu imkanı qazandıran ölkələrdən biri də Azərbaycandır - buradan qaz ixracının artması Avropanın Rusiya asılılığından qurtarmasında xeyli rol oynayır, bu rol daha da artır. Bu baxımdan, Rusiyanın Azərbaycanın ixrac kəmərlərini sıradan çıxarmaq istəyinin olması kifayət qədər realdır.

Azərbaycanın ixrac kəmərləri Ermənistan ərazisinə ən yaxın məsafədən Tovuz rayonunda keçir. Hələ 2020-ci ilin Tovuz hadisələri zamanı da əsas hədəf boru kəmərləri idi. Kəmərləri vurmaq üçün ciddi hərbi əməliyyatların başlanmasına ehtiyac qalmır: sərhəddə təxribat törədib, dağıdıcı gücə malik raketlərlə kəmərin keçdiyi ərazini vurmaq, onları müəyyən müddətə də olsa, sıradan çıxarmaq mümkündür.

Kəmərləri vurmağın digər yolu diversiya qrupunun əraziyə sızması ilə baş tuta bilər ki, bu yolda uğursuzluq ehtimalı çox yüksəkdir. Lakin hər bir halda, bunu da istisna etmək mümkün deyil".

Ekspert bildirir ki, hər iki boru kəməri ilk günlərdən ən yüksək təhlükəsizlik tədbirləri ilə qorunur: “Həm fiziki, həm elektron vasitələrlə mühafizə sistemləri yaradılıb. Yəni kəmərlər qorunur, özü də ciddi qorunur. Buna baxmayaraq, Böyük Britaniya nəşrinin bu məlumatı effektiv profilaktikadır. Həm Böyük Britaniya, həm Avropa İttifaqı Ermənistana xəbərdarlıq etməlidir ki, kəmərlərə qarşı hər hansı təhlükə doğuran fəaliyyət onun üçün ciddi nəticələrə səbəb olacaq. Eyni zamanda kəmərlərin mühafizəsini bu aralarda daha da gücləndirməkdə fayda var”.

interview.az - Neft-Qaz sahəsi üzrə ekspert İlham Şaban: "Azərbaycan  müddəti 2050-ci ilədək nəzərdə tutulan yeni neft müqavilələri imzalamağa  hazırlaşır"

İlham Şaban: “Ermənistan Qərbə üz tutub, onun marağında olan kəmərlərə açıq zərbə endirmək bu yola uyğun deyil, amma təxribat qrupunun göndərilməsi mümkündür”

Enerji məsələləri üzrə ekspert İlham Şabanın fikrincə, Ermənistan Rusiyanın təhriki ilə Azərbaycanla dövlət sərhədində hərbi qarşıdurmaya getməyə cəsarət etməz: “Ermənistan Qərbə üz tutub, onun marağında olan kəmərlərə açıq zərbə endirmək bu yola uyğun deyil. Amma təxribat qrupunun göndərilməsi mümkündür. Buna görə də boru kəmərləri istismara verilmədən öncə onların mühafizəsi Gürcüstan və Azərbaycanda prezident fərmanları ilə xüsusi mühafizə qurumlarına həvalə edilib. Bundan əlavə, bp-nin özünün boru kəmərləri boyu gündəlik daimi müşahidə sistemi yaradılıb, hətta kəmərboyu ərazilərdə yaşayan vətəndaşların vizual müşahidələrindən də istifadə olunur. Ukraynada müharibə başlayandan sonra kəmərlərin mühafizəsi qat-qat gücləndirilib”.

Ekspertin sözlərinə görə, təcrübə göstərir ki, qaz kəmərlərindəki təxribatların nəticələrini qısa müddətə aradan qaldırmaq mümkündur: “Elə uzağa getməyək, İrandan, İraqdan Türkiyəyə gələn kəmərləri PKK terrorçuları dəfələrlə partladıb. Həmin hallarda zədələnən hissələri yenisi ilə əvəz etmək 3-4 gündən artıq çəkməyib. Buna görə də bütün dünyada boru kəməri ilə nəqletmə digər nəql üsullarından daha təhlükəsiz hesab olunur. Məsələn, bir maye qaz tankeri partladılanda, minlərlə ton məhsul məhv olur, tankerin yenisi isə 2 ilə tikilir. Yaxud bir maye qaz terminalı, zavodu vurulsa, onların bərpası aylarla vaxt aparır. Bizdə nəql boru kəmərilə həyata keçirilir deyə,  belə diversiyalarla Azərbaycandan Avropaya qaz ixracını kəskin azaltmaq mümkün deyil”.

Dünya SAKİT,
“Yeni Müsavat”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.