Lavrov Bakıdan İrəvana niyə getmədi - sülh sənədinin yalnız bir variantı olacaq!

1-03-2023, 09:58   


2023-ün son şans ili olduğunu unudan Ermənistan Avropa Birliyini müharibəyə çəkir; rusiyalı politoloqlar: “Erməni elitası ”miatsum" hayında deyil, “artsax qatarı” da gedib..."

“Ümidvaram ki, 2023-cü il Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında irəliləyiş ili olacaq. Hər halda, biz buna ümid edirik”.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev srağagün Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə deyib.

İlham Əliyev qeyd edib ki, keçən il bu istiqamətdə mühüm səy göstərilib və gələcək sülh müqaviləsinin konseptual xarakterini, iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı tanınmasını müəyyən edən sənədlər qəbul olunub.

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey  Lavrovu qəbul edib YENİLƏNİB -2 VİDEO - AZƏRTAC

“Bu, ötən ilin oktyabrında Praqada və Soçidə qəbul edilmiş sənədlərlə təsdiqlənib. Bu sənədlər sülh müqaviləsinə nail olmaq üçün istifadə edilə bilən təməldir. Hər halda, biz bu düşmənçilik səhifəsini tezliklə çevirmək və Cənubi Qafqaza sülhü qaytarmaq üçün Ermənistan tərəfi ilə, bizim dostumuz və qonşumuz Rusiya tərəfi ilə müsbət və konstruktiv iş aparmaq əzmindəyik”, - Prezident vurğulayıb.

*****

Necə deyərlər, bu “daş”, bu da “tərəzi”. Hər şey ortada. Sülh müqaviləsinin əsasını təşkil edəcək və sırf beynəlxalq hüquqa söykənən təməl prinsiplər də çoxdan bəlli və anlaşıqlı.

Amma nə baş verir? Ermənistan Azərbaycanla sülh sənədini imzalamaq üçün, sərhədlərin delimitasiya və demarkasiyasınə sürətləndirmək üçün gərəkən addımlar atmaq, konstruktiv mövqe tutmaq əvəzinə, hələ də “nala-mıxa” vurur, beynəlxalq birliyi çaşdırmaqla, gündəmdən yayınmaqla məşğuldur. Bu da daha bir fakt.

“Avropa Birliyinin mülki missiyası da Ermənistanın suveren ərazilərinin Azərbaycanın silahlı qüvvələri tərəfindən işğalını qeydə alıb. Bu, Ermənistanın xarici diplomatiyasının ən mühüm məsələlərindən biri olaraq qalır”.

Interview with Artur Hovhannisyan - Public Television of Armenia

Belə bir iddia ilə dünən Ermənistanın hakim “Mülki Müqavilə” partiyasının parlamentdəki fraksiyasının katibi, Paşinyan komandasının üzvü Artur Ovannisyan çıxış edib.

Bunlar hələ guya kapitulyant ölkədəki mötədil qüvvəni - hakimiyyəti təmsil edirlər.

Sual yaranır: hansı işğal? Avropa Birliyi missiyası sərhədlərin haradan keçdiyini nə tez və necə müəyyən elədi, hansı xəritələr əsasında dəqiqləşdirdi? Azərbaycan tərəfdən bu prosesdə kimsə iştirak elədimi?! Əlbəttə, yox.

*****

Beləcə, erməni tərəfi 30 il illik işğal dövründəki avantürist ritorikadan əl çəkmək istəmir. O vaxt da İrəvan rəsmiləri Ermənistan işğalçı ola-ola, heyrətamiz bir riyakarlıqla Azərbaycanı işğalçılıqda suçlayır, özlərini regionda az qala, sülhün qarantı kimi təqdim edirdilər. “İki erməni” dövlətindən və onların mifik “sərhədləri”nədən dəm vururdular. O sərhədləri əlbəttə ki, özləri müəyyən eləmişdilər - uydurma erməni tarixi əsasında.

İndi də köhnə xülyalarla yaşayır, xəyali “sərhədləri” gerçək kimi gözə soxmağa cəhd edirlər. Azərbaycanla sülh sənədinin mətninə hansısa şəkildə “Dağlıq Qarabağ” sözlərini salıb əlverişli bir məqamda ərazi iddialarını təzədən qaldırmaq üçün əl yeri qoyulmasına çalışırlar. Öz avantüralarına AB-ni də qoşmağa səy edirlər.

Keçməyəcək. Azərbaycan rəhbərliyi, Prezident İlham Əliyev dəfələrlə, son olaraq Münxen Təhlükəsizlik Konfransı çərçivəsində bəyan edib ki, belə şey mümkün deyil, olmayacaq. Odur ki, kapitulyant ölkə, nəhayət, öz yerini bilməli, reallığı olduğu kimi qəbul eləməlidir. Unutmamalıdır ki, 2023 gerçəkdən də onun üçün son şans ilidir.

*****

Əcnəbi analitiklər də bu xüsusda Ermənistandan ötrü geriyə yolun olmadığı haqda xəbərdarlıq eləməkədirlər.

“Mən sülh müqaviləsinin yalnız bir variantını görürəm. O da Azərbaycanı və ola bilsin ki, Ermənistanda da kimisə qane edir. Fakt budur ki, bu layihədə "artsax" yoxdur. Yəni bu, Ermənistanla Azərbaycan arasında Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanındığı və Qarabağa dair heç bir qeydin olmadığı, buna görə də İrəvanın heç bir məsuliyyət daşımadığı ilə bağlı sülh müqaviləsidir".

“Yeni Müsavat”ın məlumatına görə, bunu Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktor müavini, tanınmış politoloq Aleksandr Skakov erməni mediasına açıqlamasında bildirib.

Skakovun fikrincə, belə bir sülh müqaviləsinin kifayət qədər yaxın gələcəkdə bağlanması mümkündür: “Bundan ötrü Bakı hətta müəyyən güzəştlərə də gedə bilər - Ermənistan hesabına öz ərazisini genişləndirməkdə israrlı olmamaq və ya Zəngəzur dəhlizinin ekstra-territoriallığı ilə bağlı ritorikasını bir qədər yumşaltmaqla”.

Politoloq Ruben Vardanyanın “vəzifə”dən qovulmasını isə zamanın Ermənistana və separatçılara işləmədiyinin növbəti dəlili sayır. “Çətin vəziyyətdir. Məncə, bu zaman məsələsidir. Belə bir zaman varmı? İndi Vardanyanın "artsax"dakı perspektivləri haqqında yox, "artsax"ın özünün perspektivləri haqqında sual vermək lazımdır. Yəni "artsax" erməni əhalisinin yaşadığı və idarə etdiyi bir subyekt kimi qarşıdakı ildə, yaxud iki-üç ildə mövcud ola biləcəkmi?”, - deyə o sonda ermənilərə ritorik sual edib.

Doğrudan da, uzağı 2025-ci ildə Qarabağdakı anklav, bu anklavı Ermənistanla birləşdirən yeganə yol - “nəfəslik” də Azərbaycanın tam nəzarətinə keçəcək. Buna kim etiraz edəcək ki, əgər söhbət beynəlxalq hüququn tələbindən gedir və gedəcəksə...

*****

Q&A with Sergey Markedonov on Russia and Karabakh – USC Institute of  Armenian Studies

Sergey Markedonov 

Digər rusiyalı tanınmış politoloq Sergey Markedonov da erməniləri məyus edən fikirlər söyləyib.

“Stepanakert (Xankəndi - red.) ilə İrəvanı birləşdirən magistralın bağlanması fonunda dünya ictimaiyyətinin tanınmış iş adamını (Vardanyanı - red.) dəstəkləyəcəyi gözləntisi özünü doğrultmadı. Bəlkə də 2022-ci ilə qədər, yəni Qərb və Rusiya Qarabağ məsələsində bir-biri ilə qarşılıqlı əlaqələrə girəndə DQR-in sürüşkən statusunu gücləndirmək cəhdləri alına bilərdi. Amma bu gün Moskva, Vaşinqton, Paris və Brüsselin həmrəylik dəstəyinə ümid etməyə dəyməz. Əksinə, Rusiya və Qərb indi təkcə Ukrayna istiqamətində deyil, Qafqaz meydanında qızğın rəqabət aparır!”, - Markedonov deyib.

Onun sözlərinə görə, “miatsum” dönəminə qayıdış artıq mümkün görünmür. “Həmçinin Qarabağda (Vardanyan tərəfindən) təşkil edilən etiraz mitinqlərinin İrəvanı və bütün SSRİ-ni "ayıldan" 1988-ci ildəki vəziyyətin təkrarı baxımından nəticə vermədi. Erməni elitası 2020-ci ilin “payız müharibəsi”ndəki məğlubiyyətdən sonra indi çox xırda şey haqqında düşünür və açıq-aydın “miatsum” hayında deyil", - deyə politoloq əlavə edib.

O zaman haylar zəhmət çəkib güzgüdə özlərinə bir də baxsınlar və yeganə düzgün qərarı versinlər. Zaman gerçəkdən də az qalıb. Əgər erməni kökənli Lavrov simvolik balans naminə Bakıdan İrəvana getməyi özünə rəva bilmirsə (təbii ki, Putinin təlimatı ilə), nəticəni çıxarsınlar. Əks halda, bu dəfə döyüş əməliyyatları həqiqətən Ermənistan ərazisində gedə bilər.

Bütün bunlardan yayınmağın tək yolu AB-nin hansısa missiyasını çağırmaq yox, sülh müqaviləsini imzalamaqdır. Həm də gecikmədən...

Siyasət şöbəsi,
“Yeni Müsavat” 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.