LAVROVUN ÜSTÜMÜZƏ UZANAN “DİLİ”... - Rusiya XİN başçısı ilə rus dilində danışmağa borcluyuqmu?

1-03-2023, 15:50   



Hər dəfə Rusiya siyasi rəhbərliyindən kimsə ölkəmizə səfərə gələndə, onun qarşısında “öyündüyümüz” əsas məsələlərdən biri Azərbaycandakı rus məktəblərinin sayı və rus dilinin ölkəmizdəki yayılma və istifadə arealı ilə bağlı olur. Hansı ki, bu yanaşma bir çoxları tərəfindən hər nə qədər ölkəmizin guya siyasi maraqlarına uyğun addım, yəni, bir növ “işinin xatirinə ayıya dayı de” gedişi kimi təqdim olunsa da, əslində, öz tarixinə, müstəqilliyinə, milli kimliyinə hörmət edən bir toplum və siyasi elita bunu özünə yaraşdırmamalı, belə şeylərlə öyünməməlidir…

Rusiya XİN başçısı Sergey Lavrovun Hindistana səfərinin Bakıya yolüstü dönüşü və Azərbaycan XİN başçısı ilə birgə brifinqi təkcə onun əvvəlki imperiyaçı, ermənipərəst ritorikası, “Laçın yolunda nəzarət buraxılış məntəqələrinin qurulması müzakirə olunmur” kimi Azərbaycanın suverenliyinə zidd açıqlamaları və canişin ədalarıyla yadda qalmadı.

Məsələnin üzücü tərəfi həm də odur ki, bütün sivil dünya Rusiyanı Ukraynadakı işğalçı müharibəsinə, ümumilikdə işğalçı, imperiyaçı mahiyyətinə və siyasətinə görə haqlı olaraq “izqoy” vəziyyətinə saldığı, rus dilindən imtina etdiyi halda, biz bu ölkənin XİN başçısı ilə öz dilimizi qoyub, rus dilində danışırıq. Hansı ki, buna qətiyyən borclu deyilik!

Nazirimiz onunla birgə brifinqdə rus dilində çıxış edir, jurnalistlərimiz ona rus dilində suallar verirlər. Niyə?



Görəsən, rus dilini bilən bütün XİN başçıları Lavrovla brifinqləri rus dilindəmi keçirirlər? Bildiyimizə görə, bəzi MDB ölkələrini çıxmaq şərtilə heç bir dövlətin XİN rəhbəri Lavrovla birgə brifinqlərdə rus dilində danışmırlar. Niyə də danışmalıdırlar axı?

Məsələn, Mövlud Çavuşoğlu rus dilini bilsəydi (bəlkə də bilir-C.M.), Lavrovla brifinqi rus dilindəmi keçirərdi?

Ötən il Moskvada keçirilən mətbuat konfranslarının birində gürcü jurnalist Lavrova ingilis dilində sual vermişdi. Lavrovun məlum keyfiyyətlərinə görə “qadın variantı” olan Mariya Zaxarova rus dilini çox yaxşı bilən həmin gürcü jurnalistə nədən rus dilində soruşmaması ilə bağlı irad bildirəndə, jurnalist buna əhəmiyyət vermədi və sualını ingilis dilində davam etdirdi.


Bizim jurnalistlər isə belə tədbirlərdə sanki rus dili biliklərini göstərmək üçün imtahan verirlər, hətta yarışa çıxırlar.Bu zaman kənardan nə qədər zavallı göründüklərinin fərqinə belə varmırlar…

Yəni, biz nazirindən jurnalistinə qədər Lavrov kimisinə komfortlu mühit yaratmağa borcluyuqmu? Olmazmı ki, çıxışımızı da, sözümüzü də öz dilimizdə deyək, o isə zəhmət çəkib qulaqcıq taxsın və rus dilinə tərcüməsini eşitsin?

Dövlət dilimiz Azərbaycan dili olduğu halda, əgər Lavrovun hüzurunda özümüzü rus dilində danışmağa borclu biliriksə, eyni məntiqlə Çinin XİN başçısı gələndə Çin dilində, Mozambikinki gələndə Mozambik dilindəmi danışmalıyıq?

Buna cəmiyyət və elita adına milli kimlik defisiti, zəiflik, yarımçıqlıq, mütilik, özünə inamsızlıq, özünü bəyənməmək və s. kimi müxtəlif adlar verə bilərik. Ancaq bir şeyi bilməliyik ki, bu ciddi çatışmazlığımız bizə olduqca baha başa gələ bilər və gəlir də. Başa düşməliyik ki, biz lavrovların dili ilə danışdıqca, onların dili üstümüzə daha da uzun olacaq…

Rus dilini heç də bizim məmurlardan, nazirlərdən və s. pis bilməyən Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenkonun isə çox məşhur bir ifadəsi var - Rusiya rus dili bitən yerdə qurtarır!

Cəlal Məmmədov

“AzPolitika.info”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.