Çin hakerləri Pentaqonla əməkdaşlıq edən doqquz şirkətə kiberhücum təşkil ediblər.
Axar.az RİA Novosti-yə istinadla bildirir ki, bu barədə ABŞ Konqresinə təqdim olunan illik hesabatda məlumat verilib.
ABŞ Senatının silahlı qüvvələr üzrə komitəsinin Konqresdə açıqlanan məruzəsində yer alan məlumata görə, ÇXR ilə əlaqəli hakerlər il ərzində Birləşmiş Ştatların dövlət sifarişlərini yerinə yetirən şirkətlərinə 20 kiberhücum təşkil ediblər. Həm də minimum doqquz halda hədəf nöqtəsi Pentaqonla müqaviləni yerinə yetirən şirkətlərin kompüter sistemi olub.
Xatırladaq ki, əvvəllər də Amerikanın “Nyu York Tayms” nəşri öz mənbələrinə istinadən məlumat verib ki, Çin hakerləri cari ilin mart ayı ərzində ABŞ-ın dövlət müəssisələrinin on minlərlə əməkdaşı haqqında məlumatın toplandığı şəbəkəsini dağıdıb. Amerikanın “Crowdstrike” kibermüdafiə şirkəti Çin hərbçilərini haker hücumlarrında ittiham edib. Şirkətin qənaətinə görə, bu hücumların məqsədi ABŞ-ın peyk və hava-kosmik proqramlarına nüfuz etmək olub.
ABŞ dəfələrlə Çin və Rusiyanı ən başlıca kibertəhlükə yaradan ölkələr adlandırıb. Çin isə öz növbəsində kiberməkanda hər hansı bir qeyri-qanuni fəaliyyətdə iştirakını təkzib edib.