Fazil Mustafaya sui-qəsdin pərdəarxasında nələr var - RƏYLƏR

29-03-2023, 21:24   


Rauf Arifoğlu: “Biz dostumuzu və düşmənimizi tanıyan xalqıq”

Hikmət Babaoğlu: “İctimaiyyət təhdidlərin istiqamətini düzgün müəyyənləşdirməyi bacardı”

Ərəstun Oruclu: “Bu təhdidlər sivil normalardan kənara çıxır”

Milli Məclisin deputatı Fazil Mustafa Bakıda yaşadığı evinin qarşısında güllələnməsi ciddi rezonans yaradıb. Sui-qəsdin səbəbləri arasında ilk sırada deputatın İran siyasətinə qarşı  çıxışlar dayanır. Sözsüz ki, son nəticə hüquq-mühafizə orqanlarının araşdırmasından sonra bəlli olacaq.

373e29991065bd942a1d1f81e96e9bf4.jpg (269 KB)

“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu öz müəllif yazısında hesab edir ki, Fazil Mustafa çoxdan İran mənşəli terrorun əsas hədəflərindən biri idi.

Yazıdan sitat:  

“Yenə İran, yenə “Kalaşnikov”...

Cəmi 20 dəqiqə sonra imiş...

Hüquq mühafizə orqanlarında yüksək vəzifə tutan ortaq dostumuz aradı. Səsi təlaşlı idi: “Qardaş, Fazil Mustafadan xəbərin var? Evinin qarşısında güllələyiblər. Bir az əvvəl həyat yoldaşı məni aradı. Gedirəm evlərinə...

“Sağdırmı?” - verdiyim ilk sual bu idi.

“Sağdır, iki yerdən yaralanıb. Çiynindən və ayağından...”

Sonradan zəng saatlarına baxıb, tutuşdururam. Ortaq dostumuzun mənə zəngi terror hadisəsindən cəmi 20 dəqiqə sonraya təsadüf edir.

İstanbuldan Bakıya dönmək üzrə hava limanında idim. Uçuşa az qalmışdı. Bu müddət yetdi ki, ölkə mediasında ilk xəbərin Musavat.com-da duyurulmasını, əməkdaşlarımızın terrorun baş verdiyi Zabrata göndərilməsini təmin edək. Facebookda ilk açıqlamanı yazdım...

Hər kəsin bir saylı şübhəlisi İrandır. Çünki biz dostumuzu və düşmənimizi yaxşı bilən xalqıq.

Bir terror dövləti olan İrandan bu və bundan daha dəhşətli addımlar isə tamamilə gözləniləndir. Fazil Mustafanı tanıyan, ona dəyər verən hər kəs hər zaman deputata “özünü İrandan qoru” deyirdi. Elə biz özümüz də, dəyərli millət vəkili ilə bu məsələni dəfələrlə ikilikdə müzakirə etmişik. İranın Azərbaycan üçün necə bir təhdid olduğunu öz aramızda da, açıq şəkildə efirlərdə də söyləmişik.

Onsuz da Fazil Mustafaya qarşı İran dövləti tərəfindən ideoloji müharibə aparılırdı. Elə bir gün olmazdı ki, İrana bağlı hansısa media quruluşlarında, internet resurslarında, sosial media platformalarında təhqir və təhdid dolu materiallar getməsin. Fazil Mustafa çoxdan İran mənşəli terrorun əsas hədəflərindən biri idi. Düyməyə basılmışdı, qərar verilmişdi. Azərbaycana qarşı total informasiya müharibəsində deputat Fazil Mustafa ölkəmizdəki iranoidlərə hədəf göstərilmişdi. Sadəcə, tətiyi çəkmək qalırdı. Onu da 28 mart 2023-cü ildə icra etdilər...

Fazil Mustafanı düzünə qəsdlə, “Kalaşnikov” avtomatı ilə öldürmək istəyiblər. Terrorist avtomat darağını onun idarə etdiyi maşına doğru boşaldıb. Millət vəkili iki güllə yarası alıb – çiynindən və ayağından. Amma bədəninə isabət edən həmin güllələrdən biri başqa nayihəyə də toxuna bilərdi və o zaman deputat heç şübhəsiz, şəhid olacaqdı.

Avtomatdan bir maqazin güllə atıb, adam qorxutmurlar, mesaj vermirlər. Avtomat silah ona görə seçilir ki, qısa müddət ərzində daha çox atəş açma imkanı olsun və qarşıdakı hədəf mütləq sıradan çıxarılsın”.

R.Arifoğlu məqaləsində qeyd edib ki, bu hadisə Tehranda səfirliyimizə “Kalaşnikov” la edilən terror hərəkətinin davamı kimi görünür: “İran öz paytaxtında bu cür açıq terrora gedirsə, səfirliyimizi gülləbaran edirsə, bunun Bakıda da ola biləcəyini proqnozlaşdırmaq mümkün idi. "İran Bakıda terrora başlasa, Fazil Mustafa ilk hədəflərdən olacaq", deyə, iddialar da hər zaman ortalıqda uçuşurdu. Bir sözlə, Fazil Mustafanın İranın hədəfində olduğunu rəsmi Tehran da öz efirlərindən bar-bar bağırırdı, yazırdı, elan edirdi. Fazil Mustafaya hər gün güllə atılırdı - söz, təhdid və təhqir güllələri. Gerçək mərmilərin də məhz İran mənşəli olduğuna məndə şübhə yoxdur. O cümlədən, geniş ictimaiyyət, tanınmış simalar da bu cür düşünür və hər kəs də düşüncəsini açıq şəkildə ifadə edir.  Bunu edən İrandırsa, bu güllələr, eyni ilə Tehrandakı epizodda olduğu kimi, Azərbaycan dövlətinə, onun xalqına atılan güllələrdir. Bunu edən İrandırsa, İslam respublikası adlanan bir ölkənin rəhbərliyi bir müsəlman dövlətinin ərazisində bir müsəlmanın, inanclının qətlinə fətva verib. İranın terror siyahısında başqa tanınmışların da ola biləcəyi şiddətlə ehtimal edilir və bu barədə hazırlıqların olduğu DTX-nın həbs etdiyi agentlərin verdikləri açıqlamalarda aydın şəkildə mənzərə yaradır. Bu qrupları təsadüfən saxlamayıblar - İran ölkəmizi qarışdırmaq üçün serial terror hazırlayırmış. Əcaba, starta Fazil Mustafa iləmi başladılar...

Bakı Tehran deyil və heç şübhəsiz ki, deputata mərmi atan şəxs saxlanılacaq və kimliyi bəlli olacaq. Tehrandakı səfirliyimizi basıb, əməkdaşların birini qətlə yetirən, digərini yaralayan Yasin Hüseyzadəni dəlixanada gizlədən Tehran rejimi Zabrat terrorunun üstünü basdıra bilməyəcək...”

R.Arifoğlunun fikrincə, İranla bütün diplomatik əlaqələr kəsilməlidir:

“İran bunu edibsə, niyə edib? Gözlənilən bu terrorla kimə hansı mesajı verir? İlk öncə Azərbaycan dövlətinə mesaj verilir. İranın casus şəbəkəsini ard-arda ifşa edən DTX -nın quruluş günündə deputata mərmi atılmasının özü bir XÜSUSİ mesajdır...

Üstəlik, İsraildə tarixdə ilk dəfə səfirliyimiz açılır və Xarici işlər nazirimiz o ölkədə səfərdədir. Baş verən terrordan bu prosesə də mesajlar yollanır.

Digər tərəfdən, Tehran öz tərəfdarlarına öz ağlı ilə ruh verir. İfşa olunan, həbslərə atılan, küncə sıxışdırılan tərəfdar topluluğu bu cür ruhlandırmaq məhz İranın dəsti - xəttinə uyğundur...

Ən sonda - bu işin arxasında İranın olduğuna adım kimi əminəm. Bu iddia rəsmi qaydada da öz təsdiqini tapsa, biz İranla bütün diplomatik əlaqələri kəsməli, bu ölkənin Bakıdakı səfirliyini qapatmalı və dünyaya çağırış etməliyik. Azərbaycan dövlət olaraq, hazırkı İran rejiminin təhdidi altındadır və bu təhdidə qarşı dost ölkələrin blokunu yaratmaq haqqını daşıyır.

Türkiyə, Pakistan, Türk Dövlətləri və İsrail... Həm də yalnız bunlar deyil...

Terrorçu İrana və İran təhdidinə qarşı hansı dövlətlər varsa, onlarla bir olub, Güney Azərbaycan hədəfini bütün gücümüzlə böyütməliyik! İranın heç bitməyən teroruna qarşı Güney Azərbaycanın milli hərəkatını qoymalı və bu molla rejimini iqtidardan düşürmək üçün əlimizdən gələni etməliyik.

İran 1 saylı təhdid və 1 saylı erməni dostudur!”

1aea3ade-4839-34a5-893c-dd8642231b51_850.jpg (93 KB)

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu Musavat.com-a bildirdi ki, Azərbaycan ictimai fikri bütün təzyiqlərə baxmayaraq, sağlam əsaslarla formalaşıb.

Millət vəkili bunun yaxşı göstərici olduğunu qeyd etdi: “Bu hadisənin doğurduğu əks-səda bir növ ictimai rəyin imtahanı oldu, ictimaiyyət təhdidlərin istiqamətini düzgün müəyyənləşdirməyi bacardı. Siyasi, dini şüurumuzun obyektiv əsaslarla formalaşmasında  Fazil Mustafanın böyük rolu olub. O, təbliğatını bu istiqamətdə qurmuşdu”.

H.Babaoğlu hesab edir ki, Azərbaycanın Tehrandakı səfirliyində törədilən terror aktında və Fazil Mustafaya qarşı törədilən sui-qəsddə eyni silahdan-“Kalaşnikov” dan istifadə edilməsini gözardı etmək olmaz. O, qeyd etdi ki, məhz bu silahın vasitə kimi seçilməsi təsadüfi deyil: “Məqsəd millət vəkilini aradan götürmək olub. Bu qəddar terror aktının üslubunun kimə aid olduğu bəllidir. Mən də  bir neçə dəfə təhdid olunmuşam. Bununla bağlı müvafiq qurumları məlumatlandırmışam. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) iki gün öncə yaydığı məlumatdan bəlli olur ki, Azərbaycanda terror hədəfi olacaq insanlar çoxdur. Bəzi ölkələr Azərbaycanda şpionaj şəbəkəsini formalaşdıra biliblər. Biz əməliyyat sayəsində onları tanımağa başlamışıq”.

dd7e64a6188a402f1258ba346696cf6b.jpg (189 KB)

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu mövzunu  Musavat.com-a şərh edərkən bildirdi ki, ictimai fikrin İrana doğru yönəlməsinin bir neçə səbəbi var:

“Birincisi,  Fazil Mustafa İranın Azərbaycana qarşı siyasətini sərt tənqid edib. Azərbaycanın daxilində İran təmayüllü, İrana bağlı İranın mövqeyini müdafiə edən şəxslərlə bağlı ağır polemikaları olub.  Digər tərəfdən Azərbaycan mövcud şəraitdə müntəzəm olaraq İran tərəfindən təhdidlərə məruz qalır. Bu təhdidlər sivil normalardan kənara çıxır. Bu səbəbdən Azərbaycan-İran münasibətlərində yaşanan gərginlikləri də əlavə etdikdə təbii ki, ilk növbədə şübhə İranın üzərinə düşür. Digər millət vəkillərinə qarşı da sui-qəsd cəhdləri ola bilər. Biz böyük geosiyasətin həll olunduğu mərhələdəyik və həlledici nöqtələrdən birində yerləşirik. Qarşı-qarşıya duran güclər öz maraqlarını reallaşdırmaq baxımından əllərində olan bütün arsenallara, o cümlədən terrora əl atacaqlar. Terror ölkədə daxili vəziyyəti gərginləşdirməyə yönəlmiş aksiyadır. Terror ya kütləvilik olan məkanlarda törədilir, ya da tanınmış şəxslər hədəfə alınır. Biz hər ehtimala hazır olmalı, istənilən cəhdin qarşısını almalıyıq. Mən İran, Rusiya, ABŞ, Avropanın əli olduğunu iddia etmək istəmirəm. Amma ümumi mənada terror aktı ictimai asayişi pozmaqdır. Ən ağır fəsad ölkədə vahimə yaratmaq, ictimai-siyasi gərginliyi artırmaq, siyasi hakimiyyəti hədəfə alaraq onları bu və ya digər ölkənin iradəsinə tabe etməkdir. Bu hadisədə bütün əlamətlər var: xəbərdarlıq, cəmiyyətdə qorxu yaratmaq, siyasi hakimiyyətə mesajlar və s. Parlament üzvünün hədəf seçilməsi də bununla əlaqədardır”. 

Nigar HƏSƏNLİ,
Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.