ABŞ Konqresinin xarici əlaqələr komitələrində keçirilən dinləmələr zamanı dövlət katibi Entoni Blinken sürpriz açıqlama verib. Onun sözlərinə görə, Azərbaycanın İranla uzun sərhədi olduğundan müdafiəyə ehtiyacı var. Blinken Vaşinqtonun Azərbaycana birbaşa yardımını qadağan edən Azadlığa Dəstək Aktına 907 saylı düzəlişin ləğv edilməsinə də çağırıb. “Yeni Müsavat” bildirir ki, nüfuzlu “Regnum” agentliyi bu mövzuda geniş təhlil yazıb. Nəşr analiz edir ki, Bakı Vaşinqtonun rəsmi müttəfiqi deyil və ABŞ Cənubi Qafqazın bir respublikasını müdafiə etmək üçün rəsmi öhdəlik də götürməyib. Bundan başqa, Azərbaycan NATO üzvlüyünə namizəd belə deyil. Ona görə amerikalıları Azərbaycana yardım etməyə sövq edən səbəblər müəyyən təhlil tələb edir.
Sitat: “İkinci Qarabağ müharibəsində qələbə qazanan Bakı üçün Cənubi Qafqazda ciddi dəyişikliklər başlanıb. Birinci halda Tehranda geosiyasi xarakterli qorxular yaranıb. Cəbrayıl, Füzuli və Zəngilanın Azərbaycanın nəzarətinə qaytarılması ilə Qarabağın cənubunda Araz çayı boyunca İranla sərhəd zolağının 132 kilometri formalaşıb. Eyni zamanda 2020-ci il noyabrın 9-da imzalanmış kommunikasiya dəhlizləri haqqında sülh sazişinin bəndlərindən birinin Azərbaycanın Zəngəzur dəhlizi ilə Naxçıvana çıxışı şərhi ətrafında gərginlik yaranıb. İranda təşviş və narahatlıq bu dəhlizin Ermənistanın Sünik rayonunun cənubundakı Meğri şəhəri yaxınlığından İran-Ermənistan sərhədinə yaxın ərazidən keçə bilməsi ilə bağlıdır. Bunun ardınca İranın cavab tədbirləri iki ölkə arasındakı sərhəd mübahisəsindən kənara çıxdı. Son 30 ildə ilk dəfə olaraq İran ordusu və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bölmələri Azərbaycanla sərhədə doğru irəliləməyə başladı. İrəvan da öz növbəsində iki ölkə arasında sülh müqaviləsinin hazırlanması üçün Bakını Qərb danışıqlar platformasına sürükləməyə və Qərbi Cənubi Qafqazla məşğul olmağa "məcbur etməyə" nail oldu. Eyni zamanda təsadüfi deyil ki, “Azərbaycan məsələsi” Vaşinqton, Brüssel və Ankaranın müxtəlif kombinasiyalarında onun həllində getdikcə daha fəal iştirak etməklə səhnəyə daha fəal şəkildə çıxarılmağa başladı".
“Regnum” yazır ki, Moskva üçün Azərbaycan və İran vasitəsilə Sankt-Peterburqdan Mumbaya gedən Şimal-Cənub nəqliyyat dəhlizi strateji əhəmiyyət kəsb etməyə başlayıb: “Moskva-Pekin-Tehran ittifaqı meydana çıxıb. Amma əsas odur ki, İran Rusiya və Çinlə əlaqələrinin sürətli inkişafı ilə yanaşı, azərbaycanlı analitiklərin fərziyyələrinin əksinə olaraq, Fars körfəzindəki ənənəvi rəqibləri - Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlərini sürətlə dəyişməyə başlayıb. Onlar ABŞ-ın rəhbərlik etdiyi "kollektiv Qərb"in anti-İran hərəkətləri üçün tramplin olmaqdan əl çəkib. Məhz buna görə də Birləşmiş Ştatlar Bakıya daha çox diqqət yetirir və açıq desək, onun Tehranla münasibətlərinin kəskinləşməsi üzərində oynayıb, aralarında “qəfildən” başlayan ideoloji-təbliğat müharibəsini qızışdırıb və İranda azərbaycanlı irredentizmini təşviq edib".
Nəşrin geniş təhlildə yazılır ki, qarşıdurma, hətta ən kiçik də olsa, təkcə Cənubi Qafqazda vəziyyəti dəyişməyəcək: “Bu, Yaxın Şərqdə regional və qlobal güclərin maraqlarını əhatə edən daha bir çox mürəkkəb münaqişə yaradacaq. Ukrayna ssenarisi də təkrarlana bilər. Böhran kəskinləşərsə, hətta vəziyyəti mümkün qədər tez və effektiv şəkildə həll etməkdə maraqlı olan neytral oyunçular belə, bütün tərəfləri qane edə biləcək uyğun həll təklifi etməkdə çətinlik çəkəcəklər". “Regnum”un ermənipərəst mövqeyi bəlli olsa da, hər halda, nəşrin yazısını diqqətə almaq lazım gəlir. Bu mövqeyi Rusiyanın Vaşinqtonun “Azərbaycanı müdafiə edə bilərik” bəyanatından narahatlığı kimi yozmaq olar, yoxsa həqiqətən də ABŞ regionda yeni böhran yaratmaq istəyir?
Qabil Hüseynli
“Yeni Müsavat”a danışan professor Qabil Hüseynli bu cür təhlilləri real saymır. Politoloq İranla mübarizənin Rusiya-Ukrayna müharibəsinə bənzəməyəcəyini düşünür: “İstər əməliyyatların xarakteri, istərsə iştirakçıların sayı baxımdan oxşar olmayacaq. İranın vurulmasında Azərbaycanın mərkəz seçiləcəyi ağlabatan görünmür. Üstəlik, bu məsələdə Türkiyənin varlığı nəzərə alınmalıdır. Azərbaycan İranla müharibə istəmir və öz ərazimizdən ona qarşı əməliyyatın həyata keçirilməsinə razılıq verməyəcəyik. Yetər ki, Tehran terror hərəkətlərini, təxribatlarını dayandırsın. Əgər bu təhdidlər yüksələn xətt üzrə davam edərsə, bölgə dövlətlərinə ciddi risk yaradarsa, Azərbaycan mərkəzli yox, bir neçə dövlətli anti-İran koalisiyasının formalaşmasını gözləmək olar. İndiki halda bizim üzərimizdən anti-İran koalisiyası qurulması şərtləri yox dərəcəsindədir və aydın forması belə yoxdur. Ona görə bu cür şərhlərin, təhlillərin ciddi arqumentlərə söykəndiyini düşünmürəm”.
Ramiyə Məmmədova
Siyasi şərhçi Ramiyə Məmmədova bölgədə yeni cəbhənin açılmasının Rusiya üçün məqbul olmadığı qənaətindədir. Ekspertin fikrincə, İran Rusiyanın müttəfiqidir deyə Kreml Tehranı bu ritorikadan daşındırmağa çalışacaq: “Rusiya bilir ki, İran əleyhinə yeni koalisiya yaranmasının bir zərbəsi də onun özünə dəyəcək. Bölgənin qan çanağına çevrilməsi fəlakət vəd edir. Ona görə bu kataklizmlərdən yayınmaq üçün Tehranla Moskva arasında müəyyən razılaşmalar var”. Siyasi şərhçi ABŞ-ın Azərbaycan üzərindən planları olmadığını fikirləşir: “İndi yaşanan gərginliyə görə Vaşinqton diqqəti Bakıya yönəldə bilər, amma o demək deyil ki, bizi platsdarm edəcəklər. Hətta İsrail də İran mövzusunda qərarlı deyil. Bayden bu səbəbdən Netanyahunu istefaya çağırdı. ABŞ Ukrayna müharibəsi bitməmiş çətin ki, yeni cəbhə açsın. Üstəgəl, İranla savaşın dəhşətləri daha irimiqyaslı olacaq. Bu, Rusiyanın Ukraynadakı hərbi əməliyyatları ilə müqayisə oluna bilməz. Çünki daha çox güclər müharibədə iştirak edəcəklər. Hər halda, Tehran rejimi də Azərbaycana xor baxmaq siyasətindən əl çəkməlidir, bilməlidir ki, bu vəziyyətdən istifadə etməyə hazır olan qüvvələr var”.
Emil SALAMOĞLU
“Yeni Müsavat”