Xarici İşlər naziri Ceyhun Bayramovun İsrailə səfəri İranda ciddi narahatlıq yaradıb.
İran XİN rəhbərliyi Azərbaycandan izah tələb etmək cəsarəti göstərib.
Cebhe.info xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb. İran XİN sözçüsü Naser Kənani bildirib ki, İsrail guya Azərbaycan ərazisindən İrana qarşı istifadə etmək niyyəti güdür.
Naser Kənaninin iddiasına görə, İsrail xarici işlər naziri Eli Kohen azərbaycanlı həmkarı ilə İrana qarşı vahid cəbhənin yaradılması ilə bağlı razılığa gəlib.
“Azərbaycan ərazisini İranın milli təhlükəsizliyi üçün təhlükəyə çevirməklə bağlı “sionist” rejimin mənfur niyyətlərinin daha bir sübutu” kimi qiymətləndirik və bunu kəskin qınayırıq”, - deyə Kənani həddini aşıb.
Görünür, İran rəsmiləri Azərbaycana qarşı hədyan səsləndirmək yarışına giriblər. Bu yarışda İran rəsmilərinin məğlub olacağı aydındır, onlara ən tutarlı cavabı dünən Azərbaycan Müdafiə Nazirliyi verib.
Nazirlik bəyanat yayaraq bildirib ki, Azərbaycan ərazisində hər hansı xarici qüvvələrin olması haqqında İran tərəfinin ittihamı əsassızdır və tamamilə qəbuledilməzdir.
Nazirlik K.Heydəriyə xatırladıb ki, Ermənistan 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlamışdı:.
"Bu hərbi təcavüz nəticəsində Azərbaycan-İran dövlət sərhədinin 137 kilometrlik hissəsi də işğal edilmişdi. Lakin, İran tərəfi bir dəfə də olsun Ermənistana münasibətdə ittihamedici açıqlama verməmişdir. Əksinə bu dövr ərzində İran-Ermənistan qardaşlığı daha da güclənmişdir. Bu gün də heç kimə sirr deyil ki, Ermənistanın dünyada iki əsas müttəfiqi varsa, onlardan biri Fransa, ikinci isə İrandır".
İran Azərbaycan Müdafiə Nazirliyinin bu bəyanatında öz əsl simasını görəcək, hərçənd ki, bunu rəsmi Tehrandan daha yaxşı bilən heç kəs yoxdur.
Yunis
Cebhe.info