İran-Azərbaycan qarşıdurması: Yaşanan gərginliyin kökündə nə dayanır?

1-04-2023, 17:11   


İran-Azərbaycan qarşıdurması: Yaşanan gərginliyin kökündə nə dayanır?


“İran Azərbaycan adlı dövlətin mövcudluğunu, siyasi müstəqilliyini və dünyəvi inkişafını qəbul edə bilmir”.

Bu sözləri politoloq Xəqani Cəfərli Cebhe.info-ya açıqlamasında İran və Azərbaycan arasında yaşanan siyasi və diplomatik böhran barədə söhbət açarkən bildirib.Onun sözlərinə görə, İrandakı rejim hər zaman Azərbaycan Respublikasının dünyəvi və sekular modelini öz təhlükəsizliyinə təhdid hesab edib:

“Azərbaycan və İran arasında münasibətləri dəyərləndirərkən, hökmən bir məqamı nəzərə almaq lazımdır. İran Cənubi Qafqazı, xüsusilə Azərbaycanı özünün torpağı hesab edir.Yalnız bu ərazilər Rusiyanın nəzarəti altında olanda bu faktla barışırdı. Bu ərazilər Rusiyanın nəzarəti altından çıxdıqdan sonra İran bu ərazilərə iddia etməyə başladı. Azərbaycan ilə İran arasında yaşananlar hər hansı hadisəyə, yaxud bir şəxsin fikirlərinə əsaslanmır.

Xatırladım ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarananda, məhz İran da Azərbaycan adlı dövlətin mövcudluğunu tanımaq istəmirdi. Təkid eləyirdi ki, yeni dövlət adı Azərbaycan yox, Aran adlandırılsın. Faktiki olaraq, 105 il ərzində Azərbaycan-İran münasibətlərində yaşanan qalmaqalların kökü buradan gəlir.

İran Qafqaz coğrafiyasında Azərbaycan adlı dövlətin olmasını istəmir. Sadəcə olaraq, bu coğrafiya Rusiyanın nəzarəti altında olanda İran susurdu. Qafqaz növbəti dəfə Rusiyanın nəzarəti altından çıxandan sonra İran yenidən qıcıqlandı. Burada Türkiyə faktoru güclü deyil. Düzdür, Türkiyənin Cənubi Qafqazda güclənməsi əsas faktorlardan biridir, amma Tehranı narahat edən başlıca amil bu coğrafiyada güclü Azərbaycanın olmasıdır. İran istəyir ki, Azərbaycan ya Rusiyanın, ya da öz ərazisinin bir hissəsi olsun”.

Politoloq vurğulayıb ki, İran-Azərbaycan münasibətləri daima gərginləşən xətt üzrə davam edəcək:

“Azərbaycan getdiqcə güclənir, geniş təsir imkanlarına sahib olur. Bu isə Tehranı ən çox narahat edən amildir. Tehran hesab edir ki, İranda dünyəvi dövlət uğrunda mübarizəyə güneydəki azərbaycanlılar təkan verir.İranda yaşayan azərbaycanlıların əksəriyyəti şərəit qanunlarının basqısı altından xilas olmaq istəyirlər. Həmçinin Azərbaycan və İsrail arasında əməkdaşlığın dərinləşməsi də Tehranı qıcıqlandıran əsas amillərdən birinə çevrilib. Məhz ikitərəfli münasibətlərdə gərginliyə səbəb olan İranın özüdür. Azərbaycan heç bir zaman cənub qonşu ilə münasibətlərin gərginləşməsində maraqlı olmayıb.Nəzərə almaq lazımdır ki, Azərbaycan heç bir zaman hər hansı üçüncü dövlətə öz ərazisindən qonşu dövlətə qarşı istifadə olunmasına imkan verməyib və verməyəcəkdir. Müstəqillik tariximizdə belə bir fakt yoxdur. Buna görə də İranın ölkəmizə qarşı iddiaları əsassızdır”. 

Xəqani Cəfərli bildirib ki, Azərbaycan Tehranın təxribat xarakterli bəyanatlarına aludə olmamalıdır:

“Molla rejimin təhdidləri qarşısında susmaq lazım deyil. İstər Müdafiə Nazirliyi, istərsə də Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı son bəyanatları təqdirəlayiqdir. Aidiyyəti qurumlarımızın bu istiqamətdə addımlarını alqışlamaq lazımdır.
Hesab edirəm ki, Azərbaycan rəhbərliyi sərt mövqelərini davam etdirməlidir. İrandakı rejimdən çəkinmək lazım deyil. Əgər biz geri çəkilsək, onlar daha da üstümüzə gələcəklər”. 

Yunis Abdullayev
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.