Azərbaycanlılar ermənilərin əkin yerində səngər qazdı: Nə baş verir?

3-04-2023, 15:04   


“Azərbaycan ordusunun Laçın yolu istiqamətdə yerləşən sərhədyanı əraziləri nəzarətə götürməsindən sonra ermənilərin bu məsələ ilə bağlı necə düşünməsindən asılı olmayaraq, proses qanunauyğun şəkildə həyata keçirilməlidir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəddəki Tex-Kornidzor yaşayış məntəqələri yaxınlığında Azərbaycan nümayəndələri ilə keçirilən görüşün nəticələrinə, habelə Azərbaycan əsgərlərinin guya ermənilərə məxsus əkin sahələrində səngər qazmaları ilə bağlı ittihamlara münasibət bildiri:.

"Sovet dövründə inzibati sərhədlər necə müəyyənləşmişdisə, indiki şəraitdə də ona uyğun delimitasiya aparılacaq. Bu, Azərbaycanın problemi deyil. Əksinə, bu, 30 illik işğal dövründə Azərbaycan torpaqlarından qeyri-qanuni istifadə etmiş ermənilərin, buna imkan yaradan Ermənistanın siyasi hakimiyyətinin problemidir.

Həmin şəxslərin əkin sahələri ilə təmin olunması, onlara kompensasiya ödənilməsi və s. artıq birbaşa Ermənistan hakimiyyətinin üzərinə düşür”.

E. Mirzəbəylinin fikrincə, bu məsələ prosesi tormozlayacaqsa, Azərbaycan delimitasiya prosesini birtərəfli qaydada aparacaq: 

"Sərhədlər müəyyənləşməlidir, çünki dövlətin təhlükəsizliyi bilavasitə onun sərhədlərindən başlayır. Bu, suverenlik məsələsidir. Azərbaycan hakimiyyəti, Azərbaycan sərhəd qoşunları Konstitusiyasının tələblərini yerinə yetirirlər. Atılan addımların beynəlxalq hüququn norma və prinsipləri ilə hər hansı bir ziddiyəti yoxdur.

Əgər rəsmi Bakının ünvanına hansısa ittihamın səsləndirildikdən sonra məsələ beynəlxalq müstəviyə çıxarılarsa, bu, Azərbaycanın ziyanına olmayacaq. Dövlət üzərinə düşən missiyanı yerinə yetirməlidir. Söhbət səngərlərin qazılması və istehkamların qurulmasından gedirsə, bu, konkret demarkasiyadır.

Proses isə delimitasiyadan başlamalıdır. Ermənistan isə prosesin sürətləndirilməsi istiqamətində addımlar atmalıdır. Əgər onlar belə addımlar atmayacaqsa və silahlı müqavimət göstərəcəksə, adekvat cavablar veriləcək. Hər şey prosesin içərisində yer alan Ermənistanın hansı mövqe sərgiləməsindən asılıdır”.

Rafi MÜSLÜMOV

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.