Qardaş Türkiyədə kritik prezident və parlament seçkilərinə 40 gün qaldı. Son sözü əlbəttə, Türkiyə seçicisi deyəcək. Ancaq 14 mayadək aparılan təbliğat kampaniyası da az önəm kəsb etmir.
Bu arada Rusiyadakı Seqodnya.ru saytı belə bir versiya irəli sürüb ki, Ərdoğan hakimiyyətdən getsə, Azərbaycan böyük müharibəyə cəlb oluna bilər.
Məqalədə deyilir ki, Avropa Rusiya qazını hələ də “Cənub axını” vasitəsilə alır və Türkmənistan və Qazaxıstandan Qafqaz ölkələri vasitəsilə böyük həcmdə kabrohidrogen ehtiyatlarının nəqli perspektivi də göz qabağındadır, ona görə də ABŞ hər vasitə ilə bu marşrutları bağlamağa çalışır: “Məqsəd təkcə Rusiyaya ziyan vurmaq deyil. ABŞ çalışır ki, Avropa "Sem dayı"nın cibində otursun ki, hər fürsət “sıçrayıb ondan qaçmasın”.
Məqalədə daha sonra iddia olunur ki, ABŞ və İsrail Qafqazda yeni müharibə hazırlığındadır və İran-Azərbaycan gərginliyi də təsadüfi deyil: “Qafqazda yeni müharibənin başlanması planlaşdırılır. Amerikalılar üçün müharibəyə hansı ölkələrin cəlb olunacağı o qədər də əhəmiyyətli deyil”.
Yazıda ardınca iddia olunur ki, guya Bakının son aylar əsas müttəfiqi Türkiyədən qismən aralanması müşahidə olunur ki, bu da yeni geopolitik situasiya ilə bağlıdır.
“Müharibənin ABŞ üçün ideal versiyası Azərbaycan, Ermənistan, İran, Rusiya və Gürcüstanın müharibəyə çəkilməsidir. Yeri gəlmişkən, Türkiyədə qarşıdan gələn seçkilərdə maraqlı dövlətlər müxalifətə stavka edir. Əgər müxalifətin prezidentliyə namizədi qalib gəlsə, Qafqazda müharibəyə başlanacağı planlaşdırılır. Ərdoğan bu məsələdə çox təcrübəlidir və heç vaxt Amerikanın məkrli siyasətinin icraçısı olmaz”, - deyə müəllif qeyd edib.
Rusiya KİV-nin R.T.Ərdoğana simpatiyası anlaşılandır. Hər halda, Putin bəlli səbəblərdən Ərdoğanın öz postunda qalmasında maraqlıdır. Azərbaycanda da ictimai rəy Türkiyənin hazırkı liderinin xeyrinədir. Yəni bu bir təbliğati effekt məqsədi güdən, Ərdoğana əlavə səs qazandırmaq və ya Türkiyə elektoratına təsir göstərmək üçün yazılmış PR yazısı da ola bilər. Çünki yeni müharibə, “ikinci cəbhə” Türkiyəyə də gərək deyil.
Bu arada qeyd edək ki, ABŞ-ın Türkiyədəki səfiri Ceff Fleyk Cümhuriyyət Xalq Partiyasının sədri, müxalifətin, yəni Millət İttifaqının prezidentliyə vahid namizədi Kamal Kılıçdıroğlu ilə görüşüb və buna Ərdoğan sərt təpki verib: “Bu seçkilərdə Amerikaya dərs verməliyik. Co Bayden orada danışır. Onun səfiri burada nə iş görür? Kamalı ziyarət edir. Ayıbdır. Bir az başınızı işlədin. Siz səfirsiniz. Müraciət edəcəyiniz şəxs prezident olmalıdır”.
Azərbaycanlı təhlilçilər bu xüsusda nə düşünürlər?
Azər Badamov: “Yenidən müharibənin alovlanması riski çox aşağıdır”
Deputat Azər Badamov “Yeni Müsavat”a bildirdi ki, Türkiyədə seçkilər yaxınlaşdıqca həm ölkədaxili, həm də kənardan müdaxilə etmək həyəcanı artmaqdadır: “Qərb Türkiyənin rəhbərliyində Ərdoğanın olmasını istəmir. Çünki Ərdoğan heç nədən çəkinməyərək öz sözünü deyir və Türkiyəni dünyanın ən güclü ölkələrindən birinə çevirib. Ərdoğanın prezident postuna yenidən seçilmək şansının böyük olması subyektiv fikrimdir. Amma bəzi dairələr Ərdoğanın hakimiyyətdən gedəcəyi və Azərbaycanın yenidən müharibəyə cəlb olunacağı ilə bağlı mülahizələr irəli sürürlər. Bu müharibəni də Amerikanın dəstəyi ilə baş tutacağını bildirirlər. Birinci qeyd etmək istəyirəm ki, bu gün Amerikanın özü Rusiya-Ukrayna müharibəsinin burulğanından xilas ola bilmir. Rusiya-Ukrayna müharibəsinin bu qədər uzanacağını qabaqcadan bilsəydi, Amerika müharibənin iştirakçısı olmayacaqdı. Çünki bu müharibə Amerikanın iqtisadiyyatına da mənfi təsir göstərib. Ona görə də Rusiya-Ukrayna müharibəsi bitməmiş Amerikanın başqa bir müharibə yarada biləcəyi ehtimalı çox aşağı olduğunu hesab edirəm. İkincisi isə 2024-cü ildə ABŞ-da da prezident seçkiləri olacaq. Amerikada da seçki həyəcanı günü-gündən artmaqdadır. Müharibənin Amerika iqtisadiyyatında yaratdığı fəsadlar prezident Baydenin reytinqinə də mənfi təsir göstərib. Ona görə də hesab edirəm ki, prezident seçkiləri bitənə qədər Amerikanın iştirakı ilə yeni müharibə ocağının yaranacağı ilə bağlı ehtimallar çox aşağıdır.
Türkiyədə baş tutacaq seçkilərlə bağlı hesab edirəm ki, prezident Ərdoğanın yenidən seçilmək şansı çox böyükdür. Arzulayardıq ki, Ərdoğan yenidən seçilsin. Amma son sözü Türkiyənin seçiciləri deyəcək və daha çox etibar edə biləcək şəxsə səs verəcəklər. Biz də qardaş ölkəsi olaraq türk xalqının seçiminə çox hörmətlə yanaşacağıq. Əgər Türkiyədə hakimiyyət dəyişikliyi baş verərsə, Azərbaycan-Tükiyə münasibətləri hansı istiqamətdə inkişaf edə biləcəyindən danışanda qeyd etmək istəyirəm ki, biz "bir millət iki dövlətik". Ölkələrimiz arası münasibətlər tarixin sınaqlarından çıxıb və bu qardaşlıq günü-gündən möhkəmlənir. O cümlədən son illər Azərbaycan Türkiyə ilə icra olunmuş beynəlxalq layihələrlə də daha çox bağlanıb. Ona görə də Türkiyədə nə baş verməsindən asıllı olmayaraq qardaşlığımız sarsılmazdır və hər zaman bir-birimizin yanında olacağıq.
Regionda yenidən müharibənin baş verməsi ehtimalı ilə bağlı qeyd etmək istəyirəm ki, belə bir ehtimal çox aşağıdır. Bu gün Azərbaycan, Ermənistan və İran arasında ara-sıra təxribatlar baş versə də yenidən müharibənin baş verməsi heç bir tərəf üçün xeyir gətirmir. Birincisi, İran Qərbin sanksiyalarına məruzdur və o cümlədən demək olar ki, Ermənistan istisna olmaqla, bütün qonşuları ilə gərgin münasibətdədir. O cümlədən İranın daxili ictimai-siyasi durumu da çox gərgindir. Əgər İran Azərbaycanla müharibəyə başlasa, bu müharibəyə cəlb olunacaq dairələr də çox olacaq. İran bu məsələni yaxşı bilir və heç vaxt müharibəyə getməz. İkincisi isə Ermənistanın yenidən müharibəyə başlamaq ehtimalı ilə bağlı qeyd etmək istəyirəm ki, Fransa başda olmaqla, Ermənistana dəstək verəcəyini bildirənlər bu dəstəyi ancaq sözdə verirlər. Çünki bu ölkələrin özlərinin böyük iqtisadi problemləri ölkə vətəndaşlarının kəskin etirazına gətirib çıxarıb. Əgər Azərbaycan Ermənistan müharibəsi yenidən alovlanarsa Qərbin ermənilərə heç bir dəstəyi olmayacaq. Rusiya Ermənistanda təlimlər keçirsə də başları əsasən Ukraynadakı müharibəyə qarışıb. Təlimlərin keçirməsində Rusiyanın məqsədi isə Ermənistanı əlində saxlamaqdır. Rusiyanın Cənubi Qafqazda yeni müharibəyə cəlb olunmaq imkanları da çox məhduddur. Ermənistanın da Azərbaycanla yenidən müharibə etməyi nə hərbi, nə iqtisadi, nə də mənəvi gücü yoxdur.
Yuxarıda sadaladıqlarımı nəzərə alaraq ümumi şəkildə qeyd etmək istəyirəm ki, Cənubi Qafqazda ümumi mənzərə kənardan gərgin görünsə də yenidən müharibə alovlanmaq riski çox aşağıdır".
Əhəd Məmmədli: “Ərdoğan Türkiyəni ABŞ başda olmaqla, Qərbin caynağından birdəfəlik qoparmaq istəyir”
AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli çox diqqətçəkən faktlar açıqladı: “Düşünmürəm ki, Rusiyanın seqodnya.ru saytını Türkiyədə oxuyurlar. Ona görə də bu nəşrin hər hansı bir yazısının türkiyəli seçiciyə mənfi və ya müsbət mənada təsiri ola bilməz. Amma əgər bu yazı və ya buna oxşar yazılar, planlar qardaş ölkə ictimaiyyətinə çatdırılsa, bunun seçkilərdəki nəticəyə hansısa təsiri ola bilər. Bu ilin yanvar ayında "Qərb Ərdoğanın prezident olmasını niyə istəmir" sualı ilə ABŞ-ın “The Washington Post” qəzetində məqalə dərc edilib. Məqalənin çox maraqlı başlığı da var.
“2023-cü ildə dünyanın ən mühüm seçkisi Türkiyədə olacaq”. 2023-cü ilin 9 yanvarında çap olunan yazı siyasi təhlilçi Bobby Ghosh tərəfindən qələmə alınıb. O yazır ki, Türkiyədəki seçkinin nəticəsi “Vaşinqton və Moskvada, eləcə də Avropa, Yaxın Şərq, Mərkəzi Asiya və Afrikadakı paytaxtlarda geosiyasi və iqtisadi hesablamaları formalaşdıracaq.
Gördüyünüz kimi, birmənalı şəkildə Türkiyədəki seçkinin istənilən nəticəsi, dünyanın siyasi, iqtisadi və hərbi mənzərəsinə yeni nizam verəcək, amma fərqli istiqamətlərdə. Çünki Ərdoğan seçiləcəyi təqdirdə başqa geostrateji mənzərə yaranacaq. Kılıçdaroğlunun qalib gəldiyi təqdirdə isə proseslər əks istiqamətdə cərəyan edəcək. Türkiyədəki seçkilərin dünyaya təsir miqyası qardaş ölkənin Ərdoğan dönəmində nə qədər böyüdüyünün göstəricisidir. Məqalədə yazılır ki, “Qərb liderləri Ərdoğanın iqtidardan getməsinə çox sevinəcəklər”. Ankaranın Vaşinqtonla münasibətləri o həddə qədər gərginləşib ki, yüksək səviyyəli türk rəsmiləri ABŞ-ı Ərdoğana qarşı dövlət çevrilişini dəstəkləməkdə və terrorçu qruplarla əməkdaşlıqda suçlayırlar. ABŞ Yunanıstanı Türkiyəyə qarşı silahlandırır. Həmçinin Ermənistana da siyasi dəstək verməyi unutmurlar. Nensi Pelosinin Ermənistana səfəri əsasən Türkiyə və Azərbaycana qarşı hesablanmış de-marş idi. Qayıdaq məlum məqaləyə. Orada deyilir ki, “ABŞ və Avropa Ərdoğanın dünyadakı proseslərə pozucu təsirindən narahatdır, xüsusən Qərbin Vladimir Putinlə qarşıdurması gücləndiyi bir vaxtda bu, heç arzulanan deyil”.
Türkiyənin qonşu, region və hətta dünya ölkələrinə getdikcə daha çox nüfuz etməsi ABŞ və Avropanı çox narahat edir. Onlar istəyirlər ki, Türkiyə özünün yox, Qərbin maraqlarından çıxış etsin, Qərbin maraqlarının təmsilçisi qismində yer alsın. Türkiyə isə nəinki bunu etmir, tam əksinə, Qərbin maraqlarına qarşı çıxır və öz maraqlarını daha kəskin şəkildə müdafiə edir. Biz bunu Türkiyənin Cənubi Qafqaz, Yaxın Şərq, Şimali Afrika, Şərqi Avropa, Mərkəzi Asiya ilə bağlı yeritdiyi siyasətdə aydın görürük. Ərdoğan Türkiyəni ABŞ başda olmaqla, Qərbin caynağından birdəfəlik qoparmaq istəyir. Böyük siyasət ustası Ərdoğan bu dəfə də prezident seçilsə, Türkiyə Qərbin əsarətindən birdəfəlik qurtulacaq. Qərb Türkiyənin Osmanlı əzəmətinə dönüşünün qarşısını almaq üçün Ərdoğan iqtidarını 2023-cü ildə bitirmək istəyir. Bitirə bilməsə, Türkiyənin inkişafının qarşısını almaq mümkün olmayacaq. Vəziyyət çox aydındır, Türkiyə qüdrətli dövlət olmaq istəyirsə, Ərdoğanı və Cümhur İttifaqı seçməlidir. Yox, əgər Türkiyə Qərbin əlaltısı qismində mövcud olmaq istəyirsə, onda “altılı masa+PKK”nı seçsin".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”