“118 din xadimi işindən uzaqlaşdırılıb”
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iddia edir ki, İran Azərbaycandakı məscidlərə öz adamlarını yerləşdirməyə çalışıb.
M.Qurbanlı rəhbərlik etdiyi komitənin bunun qarşısını almaq üçün kifayət qədər səbrlə, məqsədyönlü şəkildə iş apardığını qeyd edib.
Bu barədə Mübariz Qurbanlı aprelin 6-da jurnalistlərin suallarına cavab verərkən deyib.
Onun sözlərinə görə, Tehran rejimi Azərbaycana dini ideologiya ilə təzyiqlər göstərməyə çalışır:
“Azərbaycan və digər ətraf ölkələrə özünün dövlət-din modelini yaymaq istəyir. Azərbaycanda da bu təbliğatı aparmaq üçün sosial şəbəkələr üzərindən kampaniyalar aparıb. Dini Komitə bu kimi halların qarşısını almaq üçün geniş işlər görüb və görməkdədir”.
O, məscidlərə təyinatla bağlı da danışıb:
“Bu səlahiyyət komitəyə keçəndən sonra təhsil almış, dövlətin maraqlarını ifadə etməyə qadir olan 120-yə yaxın şəxs təyinat alıb. 118 din xadimi isə işindən uzaqlaşdırılıb”.
M.Qurbanlı keçmiş Əbu Bəkir məscidində təmir işlərinin başa çatdırıldığını deyib. Bildirib ki, yaxın zamanlarda məscidin açılacağı gözlənilir.
Son vaxtlar ölkədə 400-ə yaxın dini inanclı şəxsin həbs olunduğu bildirilir. Bu barədə ictimai fəallar, hüquq müdafiəçiləri məlumat yayıb.
Həbs olunanların əksəriyyətinə qarşı narkotik ittihamı irəli sürülüb.
Onların yaxınları və vəkilləri bu ittihamların saxta olduğunu bildirir.
Ancaq Daxili İşlər Nazirliyi 400 nəfərin həbsindən xəbərsiz olduğunu deyir.
Aprelin 5-də Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq Azərbaycanda şəriət qanunları ilə idarə olunan “Kərimə” dövlətinin qurulması məqsədilə dəstə yaradıldığını iddia edən açıqlama yayıb.
Məlumatda deyilir ki, İranın xüsusi xidmət orqanları maddiyyat və dini təbliğatla bir qrup adamı ələ alıb, Azərbaycanda sabitliyin pozulması istiqamətində cinayətlər hazırlanıb.
Martın 31-də Azərbaycan Xarici İşlər Nazirliyi deputat Fazil Mustafaya qarşı terror aktının ilkin izlərinin İrana bağlı olduğu haqda açıqlama yaymışdı. Ardınca DİN və DTX silahlı hücumla bağlı 6 nəfərin saxlanıldığı haqda məlumat yaydı.
Ancaq aprelin 5-də Meydan TV-nin reportajından sonra həbs edilənlərdən İlkin Sleymanovun maddəsinin dəyişdirildiyi bildirildi.
2023-cü il yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub.
Hadisə nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi həlak olub, iki nəfər yaralanıb.
Bundan sonra Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları Bakıya təxliyə edilib.
Martın 28-də saat 21:51-də isə Milli Məclisinin deputatı Fazil Mustafanın yaşadığı evin qarşısında güllələndiyi açıqlandı.
Bildirilirdi ki, deputat sağ çiyinindən və sağ ayağından yaralanıb.
Elə həmin gün Baş Prokurorluq deputata siyahlı hücumla bağlı cinayət işi açıb.
Bir gün sonra Dövlət Təhlükəsizliyi Xidməti (DTX) deputat Fazil Mustafaya silahlı hücumla bağlı cinayət işi açıb.
Bildirilib ki, qurumun İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.