Son zamanlar Cənubi Qafqaz regionunda mürəkkəb və müəmmalı siyasi proseslər yaşanmaqdadır.
Son müşahidələr onu göstərir ki, bu proseslər müəyyən siyasi qüvvələr tərəfindən Azərbaycanın ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı yönəlib.
Rusiya və İranın Ermənistanda, eləcə də suveren ərazimiz Qarabağda son davranışları və hərəkətləri hər iki tərəfin regionda mərkli siyasi oyunlar oynadığını və məxfi planlar qurduğunu açıq şəkildə büruzə verir. Burada əsas məqsəd Azərbaycanı tələyə salmaq, ölkəmizin suverenliyinə və təhlükəsizliyinə təhlükə törətməkdir.
Hazırki siyasi proseslərdə İran və Ermənistan arasında əlaqələrin və təmasların intensivləşdiyinə müşahidə edirik.
Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan aprelin 9-da Tehrana səfər gedəcək və İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Şamxani ilə görüşəcək.
Böyük ehtimalla Armen Qriqonyanın həmkarı ilə görüşündə əsas müzakirə mövzusu Qarabağ və Zəngəzurdə mövcud vəziyyət olacaq. Eləcə də bu səfərin arxasında İrəvan və Tehranın Azərbaycana qarşı növbəti təxribatların planlaşdırılması dayana bilər.
Məsələ ilə bağlı politoloq Əlimusa İbrahimov Cebhe.info-ya açıqlamasında qeyd edib ki, Ermənistan və İrandakı molla rejimi Azərbaycanın müstəqilliyinə və təhlükəsizliyinə ən böyük təhlükədir.
Onun sözlərinə görə, Armen Qriqonyan və Əli Şamxani ikitərəfli görüşdə Azərbaycana qarşı təxribatları müzakirə edəcəklər:
“Ermənistan və İranın yüksək rütbəli dövlət rəsmilərinin istənilən görüşü Azərbaycana və Türkiyəyə qarşı çevrilib və şübhəsiz ki, bizə qarşı təxribatlar müzakirə olunacaq. Bu baxımdan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Tehrana səfəri və orada İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Şamxani ilə görüşünün mahiyyəti bizim üçün çox önəmlidir. Hər iki düşmən ölkənin nümayindəsi Azərbaycana qarşı atılacaq addımları koordinasiya etmək üçün müzakirələr aparacaqlar.Təbii ki, Ermənistanın nümayindəsi İrəvanın son hadisələrdən təhlükəsiz qurtulması və Azərbaycanın getdikcə artırdığı təzyiqlər qarşısında davam gətirməsi üçün İrandan yardım istəyəcək”.
Politoloq İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Ermənistanın Azərbaycanla sərhəd ərazilərində hərbi baza qurması ilə bağlı iddialara da cavab verib:
“SEPAH-ın hazırda İranda baza qurması məsələsi öz təsdiqini tapmır və Ermənistan Avropa və Amerikaya görə bu avantüraya gedə bilməz”.
Əlimusa İbrahimov Rusiya və İranın regionda birgə siyasi oyunlarının həm Azərbaycana, həm də Ermənistana qarşı yönəldiyini bildirib:
“Rusiya və İranın siyasi manevrləri həm də Ermənistanı əhatə edir. Onlar Avropa və Amerikanın Ermənistanda möhkəmlənməməsi üçün təzyiqləri artıracaqlar və bu məqsədlə Azərbaycandan istifadə etməyə təşəbbüs göstərəcəklər. Bununla bərabər, Azərbaycan ilə Ermənistan arasında münaqişəni qızışdırmaq və bundan Azərbaycana qarşı istifadə etmək təhlükəsi olduqca ciddidir”.
Moskva və Tehranın siyasi oyunları məsələsinə münasibət bildirən Əlimusa İbrahimovun fikrincə, hər iki tərəf siyasi oyunlardan daha çox terror və təxribat hərəkətləri törədə bilər:
“Onların və xüsusən də İranın iddia etməsinə baxmayaraq, Azərbaycana qarşı siyası oyunlar qurmaq imkanı yoxdur. Çünki İran da, Rusiya da dünya siyasi səhnəsində ən sonuncu yeri tutur və onları ciddi beynəlxalq aktorlar kimi qəbul etmirlər”.
Burada digər önəmli məqamı da nəzərə almalıyıq. Deməli, İranda və Ermənistanda bir çoxları iddia edir ki, Türkiyədə keçiriləcək seçkilərin nəticələri Cənubi Qafqazda siyasi vəziyyəti dəyişəcək. Nəticədə regionda siyasi mühit Azərbaycanın əlehinə işləyəcək.
Əlimusa İbrahimov məsələyə fərqli münasibət bildirib:
“Onlar hesab edirlər ki, Ədalət və İnkişaf Partiyasının (AKP) hakimiyyətdən getməsi baş verərsə, bu, vəziyyəti dəyişəcək və Azərbaycan ilə Türkiyə arasında münasibətlərin soyuyacağına ümid edirlər. Amma onlar yanılırlar. Ərdoğan və onun komandası hakimiyyətdə daha da möhkəmlənmək üçün mübarizə aparırlar. Onların iqtidardan getməsi ehtimalı olsa da, bu, Azərbaycanla münasibətlərə ciddi təsir etməyəcək”.
Yunis Abdullayev
Cebhe.info