Azərbaycan Respublikası və İran İslam Respublikası arasında diplomatik-siyasi münasibətlər gərgindir.
Qeyd edək ki, son zamanlar İranın hərbi-siyasi və dini rəhbərliyi Azərbaycana qarşı təxribat xarakterli və təhdidedici bəyanatlar səsləndirir. Qonşu ölkənin hərəkətləri və davranışlarına cavab olaraq Azərbaycan Respublikası Müdafiə və Xarici İşlər Nazirlikləri bəyanat qəbul ediblər. Bununla bərabər, Milli Məclis də bəyanat qəbul edərək İranın son hərkətlərinin qəbuledilməz olduğunu Tehranın diqqətinə çatdırıb. Eyni zamanda, Azərbaycanda İran İslam Respublikasının səfirliyinin dörd əməkdaşı qanunsuz əməllərinə görə "persona non-qranta" (arzuolunmaz şəxs) elan edilərək ölkədən deportasiya edilib.
Bütün bunların fonunda aprelin 7 və 8-də Azərbaycan və İran XİN rəhbərləri arasında ardıcıl telefon danışığı baş tutub. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, nazirlər qarşılıqlı olaraq hər iki ölkənin ərazi bütövlüyü və suverenliyinə hörmətlərini ifadə edib, iki ölkə arasında yaranan narazılıq üzərində fikir mübadiləsi aparıb, fikir ayrılıqlarının aradan qaldırılması üçün danışıqların davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Hər iki tərəfin XİN rəhbərliyi arasında danışıqların və təmasların intensivləşməsi Azərbaycan-İran münasibətlərində gərginliyin aradan qalxması və problemlərin həll edilməsində nə dərəcədə təsiredici rol oynaya bilər?
Məsələ ilə bağlı Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan Cebhe.info-ya açıqlamasında qeyd edib ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan İran qarşısında bir sıra şərtlər irəli sürüb:
“Ən başlıca şərt Tehranın regionda pozuculuq fəaliyyətinə son qoyması ilə bağlı idi. Azərbaycan İran hakimiyyətindən Ermənistana hərbi sahədə yardımların edilməsi, Qarabağ iqtisadi rayonuna terrorçu qrupların göndərilməsi, o cümlədən Qarabağda erməni separatçıları ilə qanunsuz ticarət əlaqələrinin dayandırılmasını tələb edirdi. Bu tip problemli məsələlərin qarşısı Azərbaycan tərəfindən dərhal alındı. Lakin İran tərəfi indiyə qədər pozuculuq fəaliyyətləri ilə bağlı heç bir suala cavab verməyib. Bu ilin yanvarında Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu iki dövlət arasında münasibətləri daha ağırlaşdırdı. Tehran bu günə kimi Azərbaycanı qane edən cavab verməyib.
Ona görə də İrandakı rejimin görməli olduğu işlərdən birincisi Azərbaycana qarşı Ermənistanla birgə pozuculuq fəaliyyətinin dayandırılması, Tehranda Azərbaycan səfirliyinə hücum etmiş terrorçunun mühakimə edilməsində ölkəmizin aidiyyəti orqanlarının rəsmilərinin iştirakının təmin olunması, Tehran və Təbrizdəki Azərbaycan diplomatlarının təhlükəsizliyinin təmini, Azərbaycanda özünəməxsus casus şəbəkəsinin fəaliyyətinə son qoymasıdır. Hesab edirəm ki, ikitərəfli münasibətlərdə bu addımlar atılarsa, münasibətlərin normallaşmasından danışmaq mümkündür”.
Politoloqun sözlərinə görə, SEPAH Azərbaycan-İran münasibətlərinin gərginləşməsində ən başlıca roy oynayır:
“İranda bütün məsələlər, xüsusilə ictimai-siyasi, iqtisadi, hərbi və ticarət məsələlərində, eləcə də dərman istehsalında İslam İnqilabı Keşişçiləri Qvardiyası təsiredici imkanlara malikdir. Ona görə də Azərbaycanla münasibətlərdə problem yaradan elə SEPAH-ın özüdür. Bu hərbi birləşmə terrorçuluq fəaliyyəti ilə məşğuldur və müxtəlif ölkələrdə terrorçu təşkilatları himayə edir. Bir sıra dövlətlər SEPAH-ı terrorçu təşkilatların siyahısına daxil edib. Azərbaycanda terrorçuluq fəaliyyəti ilə məşğul olan şəxslərin bu hərbi birləşmə ilə birbaşa və dolayısı əlaqəsi olduğu istisna edilmir”.
İran XİN rəhbərinin Azərbaycanla münasibətlərin normallaşmasında təşəbbüs göstərməsinə münasibət bildirən Sədrəddin Soltan vurğulayıb ki, İranın xarici siyasət kursunu ali rəhbər və onun nəzarət etdiyi şura müəyyənləşdirir:
“İranda dövlət qurumları – Prezident, ayrı-ayrı nazirliklər, habelə Xarici İşlər Nazirliyi sadəcə olaraq təmsilçilərdir. İranın xarici siyasət kursu ilə bağlı bütün məsələləri Ayətullah Seyid Əli Xameneyinin başçılıq etdiyi ali rəhbərlik müəyyən edir. İran Prezidenti Tehran rejiminin sözçüsüdür. İran parlamenti də “beşinci təkər” rolunu oynayan bir qurumdur. Ölkədə bütün hakimiyyət ali rəhbərə və onun nəzarət etdiyi şuraya, eləcə də Dini Ekspertlər Şurasına məxsusdur.
Son sözü Ayətullah Seyid Əli Xameneyi deyir. Dövlət siyasətində digər qurumlar ikinci dərəcəlidir. Ali rəhbərin arxasında isə SEPAH dayanır. Odur ki, Azərbaycanla münasibətlərin yönləndirilməsində Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi, yaxud digər dövlət qurumları deyil, İranın ali rəhbəri mühüm rol oynayır. Prezident, Parlament və Xarici İşlər Nazirliyi ali rəhbər tərəfindən onlara verilən tapşırıqları yerinə yetirirlər. İran Xarici İşlər Nazirliyinin bu tip məsələlərdə özbaşına təşəbbüs irəli sürməsi qeyri-mümkündür”.
Yunis Abdullayev
Cebhe.info