“Ermənistanla sülh müqaviləsi üzərində iş başlanıb, amma bizim istədiyimiz kimi rəvan getmir”.
Bu barədə Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata bəyanatında söyləyib.
Prezident vurğulayıb ki, biz normallaşma əzmindəyik və İkinci Qarabağ müharibəsi başa çatandan sonra məhz Azərbaycan sülh müqaviləsi üzərində işə başlamağı təklif etdi:
“Praktiki olaraq bu iş başlanıb, amma bizim istədiyimiz kimi rəvan getmir. Lakin bunun alternativi yoxdur”.
İlham Əliyev qeyd edib ki, hətta 30 illik işğala və Azərbaycan xalqının məruz qaldığı məhrumiyyətlərə, hazırda bərpa etməli olduğumuz dağıntılara baxmayaraq, qonşular arasında münasibətlər normal olmalıdır:
“Bununla belə, biz gələcəyə baxırıq və hesab edirik ki, suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, BMT-nin Nizamnaməsi, beynəlxalq hüququn bütün əsas normaları və prinsipləri əsasında sülh müqaviləsinə nail olmaq mümkündür, bu müqavilə çoxillik düşmənçilik səhifəsini çevirəcək”.
Qeyd edək ki, Azərbaycan 44 günlük Vətən müharibəsində böyük zəfər qazanmasına baxmayaraq, Ermənistana qarşı sülh əlini uzatdı.
Rəsmi Bakı bir daha öz humanistliyini nümayiş etdirsə də, qarşı tərəf bunu fürsətə çevirərək vaxt qazanmağa cəhd göstərdi. Lakin İrəvan hakimiyyəti unutmamalıdır ki, Azərbaycanın səbri sonsuz deyil və Vətən müharibəsində olduğu kimi yenə də Ermənistana “Dəmir yumruq” zərbəsi endirməyə hazırdır.
Proseslərin gedişatı və bölgədə yaranan yeni geosiyasi reallıq isə Ermənistanın bütün cəhdlərinə rəğmən, sülh müqaviləsi imzalamağa məcbur olduğunu göstərir.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə Cebhe.info-ya açıqlamasında bildirib ki, 10 noyabr Bəyanatı imzalanandan sonra Azərbaycanın mövqeyi iki dövlət arasında sülh müqaviləsi imzalanmasından ibarət olub:
“Delimitasiya və demarkasiya prosesi aparılaraq sərhədlər müəyyənləşməsi yekunlaşandan sonra sülh müqaviləsinin imzalanması gözlənilir. Bununla əlaqədar da Azərbaycan 5 şərt irəli sürüb. Əslində bu şərtləri heç bir halda qəbul etməmək mümkün deyil. Təəssüflər olsun ki, Ermənistan sözdə sülh prinsiplərinə sadiq olduğunu iddia etsə də, bundan kənarlaşıb. Konkret olaraq, Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamaq istiqamətində yetərli addımları atmayıb. Baxmayaraq ki, tərəflər arasında Avropa İttifaqı və Rusiyanın vasitəçiliyi ilə görüşlər keçirilib və bir sıra razılaşmalar əldə olunub.
Ermənistanla yanaşı, Avropa İttifaqı və Rusiya da sülh müqaviləsinin imzalanması ilə bağlı öz üzərinə öhdəliklər götürüblər. Amma təkcə ermənilər deyil, vasitəçilik missiyasını üzərinə götürənlər də ötən dövr ərzində öhdəliklərini yerinə yetirməyiblər. Yəni sülh müqaviləsinə doğru lazımi addımlar atılmayıb”.
Partiya sədri vurğulayıb ki, sülh müqaviləsinin hələ də imzalanmaması Ermənistanın yürütdüyü siyasətin nəticəsidir:
“Buna görə də sülh müqaviləsi hələ də imzalanmayıb. Hərçənd ki, ötən ilin sonunda imzalanması ilə bağlı anons verilmişdi. Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam olaraq qəbul etməyəcəyi və Qarabağla bağlı mövqeyini dəyişməyəcəyi təqdirdə, heç bir halda sülh müqaviləsi imzalanmayacaq. Amma istənilən halda, Ermənistan sülh müqaviləsi imzalamağa məcbur olacaq.
Biz 30 ilə yaxın müddət ərzində torpaqlarımızın işğal olunması üçün beynəlxalq müstəvidə danışıqlarda iştirak etdik. Amma nəticə etibarilə öz gücümüzə torpaqlarımızı işğaldan azad etdik. İndi də danışıqların davam etməsi ilə yanaşı, Azərbaycan öz gücünü ortaya qoymaqla həm sərhədlərin müəyyənləşməsi, həm də irəli sürdüyümüz şərtlərin qəbul edilməsi fonunda tərəflər arasında sülh müqaviləsi və ya ona uyğun başqa müqavilələr imzalana bilər”.
Elmir Mustafa
Cebhe.info