Bakı ilə danışıqlara tələsən ermənilərin məqsədi nədir? - ŞOK DETALLAR

11-04-2023, 17:35   


“Qarabağdakı azərbaycanlıların məhz Azərbaycan Konstitusiyası ilə vətəndaşlığı qəbul etməsi və s. proseslər qısamüddətli və çətin görünsə də, bütün ssenarilərdə uzunmüddətli hesabda onlar Azərbaycan vətəndaşı olacaqlar. Bu barədə heç kimin fərqli fikri olmayıb”.

Bu fikirləri Musavat.com-a politoloq Yeganə Hacıyeva bildirib. O xatırladıb ki, Qarabağ beynəlxalq hüquqla tanınan Azərbaycan ərazisidir və bu ərazidəki bütün resurslar Azərbaycanın mülkiyyətidir:

editor_599738d5ef1a55da1574451eca66f3f1_3wkubx2gf4jei6l5smt1-1024x754.jpg (102 KB)

“Vətəndaşlıq şərtlərini qəbul edənlər Azərbaycan vətəndaşı olacaqlar. Bunu qəbul etməyənlər qeyri-qanuni miqrantlar olacaqlar. Qarabağda Azərbaycan dövlət qurumlarının razılığı olmadan təşkil edilən biznes fəaliyyəti qeyri-qanuni hesab olunur. 2 il 5 ay müddətində Qarabağda müxtəlif ssenarilərin qurulması üçün cəhdlər oldu. Bu cəhdlərin qarşısı Azərbaycan mərkəzi hakimiyyəti tərəfindən alındı. Bundan sonra da belə olacaq. Bütün ssenarilər bizə məlumdur. Ruben Vardanyan Qarabağa 2022-ci ilin avqust ayında gəlsə də, amma onun fəaliyyəti barədə 2016-cı ildən məlumat var. Bir sözlə, bizim üçün tanış olmayan heç nə yoxdur. Bundan sonrakı mərhələlərin idarə olunması sadəcə zaman məsələsidir. Doğrudur, bu bizim zamanımızı alır. Daxildə hökumətə qarşı müəyyən prosesləri inkişaf etdirməyə çalışan qüvvələr var. Xaricdə də bu mövzuları istifadə edərək Azərbaycandan imtiyazlar almaq istəyənlər var və s. Söhbət İran, Rusiya, Avropa ölkələrindən gedir”.

Politoloq qeyd etdi ki, proses Ermənistan-Azərbaycan danışıqlar mərhələsindən çıxıb. Onun sözlərinə görə, ikitərəfli münasibətlərdə delimitasiya və demarkasiya məsələsi və sülh sazişi məsələləri ön plandadır:

“Etnik ermənilərlə bağlı mövzu arxa plana keçib. Azərbaycan ilk gündən mesaj verib ki, danışıqlarda nə Ermənistanı, nə də etnik ermənilərdən istifadə etməyə çalışan qüvvəni qəbul etməyəcəyik. Proseslərdə biz bunun şahidi olmuşuq. Ermənilər artıq prosesi sabotaj etmək imkanlarını limitlədiyi üçün Ermənistan və havadarları Qarabağda etnik erməniləri mövzusunda buna nail olmağa çalışırlar. Humanitar məsələlərlə bağlı istənilən təklif riyakardır çünki yol açıqdır. Regionun qeyri-qanuni istismarı davam etdiyi üçün mövzunu bu aspektdən dəyərləndirmək lazımdır. Rusiya sülhməramlıları yaxud Rusiyanın özü, habelə Ermənistan etnik erməni vətəndaşları vasitəsilə mərkəzi hakimiyyətdən humanitar mövzularda müəyyən danışıqlarda öz maraqlarını təşviq etməyə, sabotaja əl atmağa çalışırlar. Bir sözlə, birinci səbəb prosesi sabotaj etmək, ikincisi resursları talayan qüvvələrin işini asanlaşdırmaq, üçüncü isə prosesin inkişaf etməli olduğunu anlayan erməni qrupların varlığıdır ki, onlar bu halda Bakı ilə danışıqların mümkün qədər tez başlamalı olduğunu anlayırlar. Bu prosesdə iştirak etmək istəyən, özünü qabartmağa cəhd edən, qazanmaq istəyən daxili qüvvələr də var”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.