ERMƏNİSTAN NİYƏ İNDİ TƏXRİBATA ƏL ATDI? - Ekspert 3 əsas səbəbi açıqladı

11-04-2023, 21:54   



“Proseslər hədəfin daha genişmiqyaslı olduğunu göstərir”.

"AzPolitika.infoxəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı qeyd edib.

Siyasi şərhçi İrəvanın məqsədini bir neçə kontekstdə dəyərləndirib:

“Birincisi, sərhədin delimitasiyasının qarşısını almaq;

Yeni Laçın yolunun istifadəyə verilməsindən sonra bu istiqamətdə sərhədin bərpası başlandı. Bu, işğal dövründə Ermənistanın irəli çəkdiyi dövlət sərhədinin bərpasıdır və proses konkret xəritələrə əsasən aparılır. Əsas diqqətçəkən məqamlardan biri də rəsmi İrəvanın Azərbaycan Ordusu tərəfindən sərhədin bərpası prosesinə əvvəlcə etiraz etməməsi, hər şeyin razılaşma əsasında həyata keçirildiyini deməsi, etirazın mühəndis işlərinin aparıldığı vaxt etməyə başlaması idi.

Paşinyan bəyan etdi ki, Laçın istiqamətində sərhədin 12 kilometrlik hissəsinin 7 kilometrində yerləşmə məntəqələri dəqiqləşdirilib, 5 kilometr hissəsi mübahisəlidir. Əgər 7 kilometr hissə xəritə üzərindən dəqiqləşdirilirsə, İrəvanın 5 kilometr hissədə etiraz etməsi şübhələr yaradır və istisna deyil ki, burada məqsəd bu gün baş verən hərbi eskalasiyaya əsas yaratmaq üçün səbəbin formalaşdırılmasıdır.

İkincisi, masadakı razılaşmaları dağıtmaq və yeni şərtlər formalaşdırmaq;

Hərbi eskalasiya İrəvana siyasi baxımdan lazımdır:

- 44 günlük müharibədən sonra danışıqlar masasında gündəmdə olan məsələləri sıfırlayır, yeni gündəm formalaşdırır, yaxud ən pis halda prosesi uzadır;

- Üçtərəfli razılaşmalarda üzərinə götürdüyü öhdəliklərdən imtinaya əsas əldə edir;

- Sərhədə gətirdiyi Avropa İttifaqı missiyasının hesabatının “Azərbaycan təcavüzkardır” kontekstində hazırlanmasında zəmin yaradır: Laçın yolu məsələsində Bakıya qarşı beynəlxalq təzyiq kampaniyasına nail ola bilməyən İrəvanın bunu daha effektli olacağını düşündüyü sərhəd üzərindən edəcəyi gözlənilirdi;

Üçüncüsü, Rusiyanın yerini yeni iştirakçılarla doldurmaq;

İstisna deyil ki, Ermənistan bu döyüşlərlə KTMT-dən dəstək tələbini yenidən aktuallaşdıracaq və bu dəstəyin alınmamasını əsas gətirərək, təhlükəsizliyin təmin edilməsində yeni iştirakçıların vacibliyini önə sürəcək. Bu iştirakçılardan biri Avropa İttifaqı və ittifaqın missiyası altında çıxış edən Fransadır.

Digəri hansı ölkə ola bilər? Böyük ehtimalla İran. Təxribat hücumunun məhz indi edilməsinin səbəbini burada axtarmaq zərurəti var, xüsusilə Bakı-İrəvan münasibətlərinin normallaşması prosesində yeni addımların atılacağı gözləntisi fonunda.

1. Qərb masasında danışıqlar konkret nəticə verməsə də, növbəti görüşün Vaşinqtonda keçiriləcəyi gözlənilir;

2. Rusiya bölgədə təşəbbüsü yenidən ələ almaq məqsədilə aktivləşir: Lavrovun Ankarada Qarabağı müzakirə etməsi, eyni gündə Putinin Paşinyanla telefon danışığında üçtərəfli razılaşmaların icrası və sülh sazişinin hazırlığından danışması bundan xəbər verir;

Qərb və Rusiya bölgədə bir-birinə qarşı olsa da, hansısa tərəfin təşəbbüsü ələ alması Ermənistanın götürdüyü öhdəliklərin icrasını aktuallaşdırır və bu, həm də İranı oyundan kənar vəziyyətə salır. Bu baxımdan, təxribat hücumunun Ermənistanla İranın birgə planı olması ehtimalı böyükdür.

Tehranın 3 mümkün hədəfi görünür:

1. Danışıqlarda mövcud gündəliyi pozmaq, özünün də hansısa formada iştirak imkanlarını yaradacaq yeni gündəliyi formalaşdırmaq;

2. Azərbaycana qarşı hücumu Ermənistan üzərindən davam etdirmək və “sərhədlərin dəyişməsi” perspektivinin qarşısını almaq;

3. Ermənistanın təhlükəsizliyinin qorunmasında Rusiyanın zəifləyən yerini tutmaq, ən azı iştirakçıya çevrilmək;
Ermənistan Təhlükəsizlik şurasının katibi Armen Qriqoryanın hücumdan öncə Tehranda iranlı həmkarı Şamxani ilə görüşü də bu kontekstdə diqqət çəkir”.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.