İRƏVAN NİYƏ QANLI TƏXRİBATLARA ƏL ATIR? – “Ermənistanın İranı prosesə qoşmaq istəyir, “Suriya variantı”na hazırlaşır...”

12-04-2023, 17:09   



Xəbər verildiyi kimi, ötən gün emənilərin təxribatı nəticəsində Azərbaycan-Ermənistan şərti sərhədində növbəti dəfə silahlı insident baş verib.

Bu barədə Müdafiə Nazirliyindən verilən məlumata görə, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini minaatanlar da daxil olmaqla müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribatın qarşısı qətiyyətlə alınıb, atəş nöqtələri susdurulub və qarşı tərəf xeyli sayda itki verib.

Qeyd edək ki, ötən gün Ermənistan Müdafiə Nazirliyi baş verən təxribatla bağlı video paylaşıb.

Paylaşılan videoda erməni hərbçilərin Azərbaycanın döyüş mövqelərinə yaxın ərazidə mühəndis-istehkam işləri aparmağa çalışdığı görünür. Videonun davamında bir qrup hərbçimiz avtomobillə ermənilərin yanına gələrək, işlərin dayandırılmasını tələb edirlər. Daha sonra isə ermənilərin təxribatçı hərəkətləri nəticəsində tərəflər arasında qarşıdurma baş verir.

İlkin ehtimallara görə, əlbəyaxa qarşıdumra fonunda başlayan hadisələr sonda silahlı insidentlə yekunlaşıb. Ermənistanın təxribatı nəticəsində 3 hərbi qulluqçumuzun şəhid olduğu, 4 hərbçimizin isə yaralandığı bildirilir.

Silahlı insident zamanı rəsmi məlumata görə, 4 erməni hərbçisi məhv edilib, 6-sı isə yaralanıb. Ancaq onları sayının daha artıq olduğu istisna deyil.

Bəs Ermənistan niyə növbəti dəfə belə bir təxribata əl atdı?


Bu mövzuyla bağlı hərbi ekspert Elxan Şıxəliyev “AzPolitika.info”-ya şərhində bildirib ki, ötən gün Ermənistanla şərti dövlət sərhədində baş verən münaqişə təsadüfi deyil: “Ermənistan 44 günlük Vətən müharibəsindən sonra dəfələrlə bu cür təxribatlara əl atıb. Bu da onlardan biridir. Laçın rayonunun Gorus istiqaməti ilə kəsişən hissəsində atəşkəsin pozulması nəticəsində baş verən hadisələr tamamilə provokasiya xarakterlidir. Azərbaycanı təhrik ediblər və verdiyimiz adekvat cavab nəticəsində qarşı tərəfin 10 hərbçisi zərərsizləşdirilib”.

Ekspert qeyd edir ki, Ermənistan şərti dövlət sərhəddində təxribat törədərək, Avropa İttifaqına, Rusiyaya və İrana mesaj verir: “Ermənilər Avropa İttifaqının missiyasını demək istəyirlər ki, “sülh sazişinə getmək üçün şərait yoxdur”. Çünki atəşkəs pozulur, hərbçilər yararlanırlar, ölürlər və s. Digər tərəfdən, bildiyiniz kimi, Rusiya KTMT-nin qüvvələrini bura cəlb etmək üçün böyük səy göstərir. İrana isə mesaj verilir ki, “təhlükəsizliyimizin təminatında problemlər var”. Ermənsitan istəyir ki, İran hərbi və ya digər formada onlara kömək etsin”.

“Ermənistan sırf sülh sazişini imzalamamaq üçün bu cür provokativ addımlar atır. Çünki sülh sazişi imzalanarsa, sərhədlər tanınmalı, demarkasiya-delimitasiya işləri başa çatdırılmalı, həmçinin Ermənistan Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanımalıdır. Təbii ki, biz birtərəfli qaydada da olsa, sərhədlərimizi müəyyənləşdirəcəyik. Adətən demarkasiya-delimitasiya məsələləri siyasi yolla müəyyən olunmadıqda hərbi yolla həll edilir. Ermənistanın bizimlə müharibə edəcək qədər gücü yoxdur. Ona görə də İranı bu prosesə qoşmaq istəyirlər. İran da istəyir ki, öz hərbi qüvvələrini fiziki və ya proksi formada Ermənistana göndərsin, erməniləri silahlandırsın və onlardan diversiya qrupları yaratsın”,-ekspert bildirib.



E. Şıxəliyevin sözlərinə görə, Ermənistanda bu ölkənin hərbi formasını geyinən İran hərbçiləri, Avropa İttifaqının missiyası, Rusiyanın FSB-si və 102-ci hərbi bazasından ibarət qarışıq güclər var: “Hər halda Ermənsitan bu qədər fərqli gücü öz ərazisində formalaşdıraraq “Suriya variantı”na hazırlaşır. Çünki müxtəlif siyasi istəkləri olan hərbi güclərin bir respublika ərazisində cəmləşdirilməsi anlaşılan deyil.

Hesab edirəm ki, bu tip lokal xarakterli qarşıdurmalar gələcəkdə də gözləniləndir. Biz çalışmalıyıq ki, maksimum səviyyədə az itki verək. Ermənistan tərəfi də artıq konstruktiv davranmalı, sülh sazişi ilə bağlı mesajlar verməli və Qarabağdakı qeyri-qanuni hərbi birləşmələri ərazilərimizdən çıxarmalıdır” .

E. Bəyməmmədli

“AzPolitika.info”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.