"Azərbaycana təsir göstərmək mümkün deyil" -Əli Əhmədov

19-09-2014, 16:03   
"Azərbaycana təsir göstərmək mümkün deyil" -Əli ƏhmədovBaş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov Avropa Parlamentinin Azərbaycanda insan hüquqlarına dair qəbul etdiyi qətnaməyə münasibət bildirib. “Media forum” saytın YAP-ın rəsmi internet səhifəsinə istinadla xəbər verir ki, Əli Əhmədov qətnaməni qərəzli və qeyri-obyektiv sənəd adlandırıb: “Avropanın bu nüfuzlu orqanı qurumun bəzi deputatlarının dar məqsədlər güdən təşəbbüsünü dəstəkləmək kimi səhv yol tutub. Son illərdə Azərbaycanın sürətli inkişafı, insanların rifahının yaxşılaşması, fundamental hüquq və azadlıqların qorunması Avropa Parlamentinin hər bir üzvünə yaxşı məlumdur. Onların böyük bir hissəsi dəfələrlə Azərbaycanda olublar.


Avropa parlamentarilərinə yaxşı məlum olan digər həqiqət isə Ermənistanın təcavüzü nəticəsində yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün kütləvi surətdə pozulan hüquqlarıdır. Təəssüf ki, onların hüquqlarının qorunması, öz doğma yurd-yuvalarına qayıtması barədə qətnamə müəllifləri hər hansı tələb irəli sürmür. 20 ildən yuxarı bir milyona yaxın insanın kütləvi surətdə pozulmuş hüquqlarına biganə qalan təşkilatın həqiqətə uyğun olmayan, mahiyyəti təhrif edilmiş faktlar əsasında Azərbaycana qarşı ittihamlar irəli sürməsini ədalətsizlik hesab edirəm. Hüquqi anlayışlar heç zaman siyasi anlayışlara, ələlxüsus siyasi konyunkturaya qurban verilməməlidir.

Azərbaycan müxtəlif layihələr üzrə Avropa İttifaqı ilə əməkdaşlıq edir. Lakin bu əməkdaşlıq Avropa Parlamentinə əsassız olaraq Azərbaycana ittihamlar irəli sürməyə mənəvi haqq vermir. Azərbaycan müstəqil dövlətdir və öz taleyini özü həll etmək haqqına sahibdir. Avropa Parlamentinin bəzi üzvlərinin düşündüyü formada Azərbaycana təsir göstərmək, onun daxili işlərinə qarışmaq mümkün deyil”.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.