ERMƏNİ TƏXRİBATI: İRAN PUA-si, RUSİYA MARAĞI, AVROPA RİYAKARLIĞI... - Sərhəddəki növbəti təxribatın arxasında nələr durur?

13-04-2023, 09:11   



Azərbaycanın, yəni başqa bir ölkənin ərazisini 30 il işğal altında saxlamaq, bu gün də Qarabağda işğalçı hərbi birləşmələrə malik olmaq və eyni zamanda, sərhəddə təxribat törədib Azərbaycanı işğalçılıqda ittiham etmək, tumanını başına çəkib bütün dünyaya səs-küy salmaq – bunlar qarşımızda duran düşmənin həyasızlıq, şərəfsizlik səviyyəsini göstərən əməllərin sadəcə bir qismidir. 

Belələrinin arxa-dayağnın da İran, Rusiya və Fransa kimi şovinist, imperiyaçı, işğalçı, hətta şərəf yoxsulu dövlətlərin olması tam təbiidir...

Azərbaycan-Ermənistan sərhədində baş verən və üç hərbçimizin şəhid olduğu təxribatla bağlı artıq ermənilər tərəfindən bir-birilə ziddiyyət təşkil edən bir neçə versiya irəli sürülüb.

Bu təxribatla bağlı sırf informasiya təqdimatı sarıdan Ermənistan tərəfi daha qabağa düşərək videogörüntülər yayımladı və hadisəni öz maraqlarına uyğun şəkildə təqdim etməyə çalışdı. Təəssüf ki, Azərbaycan tərəfi hələlik bu hadisənin gedişini real şəkildə əks etdirən videogörüntülər təqdim etməyib və yəqin ki, hər an hansısa təxribatın ola biləcəyini nəzərə alaraq, sərhəddəki mövqelərimizin texniki müşahidə avadanlıqları ilə daha yüksək səviyyədə təminatı məsələsini mütləq nəzərdən keçirmək lazımdır...

Ancaq hər necə olsa, elə ermənilərin hətta montaj etdikdən sonra yayımladığı görüntülərdən də məlum olur ki, Azərbaycan hərbçiləri ermənilərin razılaşdırılmamış ərazidə istehkam tikintisi aparmasının qarşısını almaq üçün hadisə yerinə yaxınlaşırlar. Ancaq sayca xeyli üstün olan ermənilər aranı qatır və silahlı qarşıdurma baş verir.



Burada adi məntiq deyir ki, Azərbaycan tərəfinin məqsədi oradakı erməniləri məhv etmək və güc yolu ilə qovmaq olsaydı, cəmi bir avtomobildə, bir neçə əsgəri sayı xeyli artıq olan düşmənin qarşısına göndərməzdi. Bir neçə hərbi texnika və dəfələrlə artıq sayda hərbçi ilə gedərək, erməniləri iti qovan kimi qovmağa hər cür imkanımız vardı. Təkcə bu fakt Azərbaycan tərəfinin qarşıdurmada maraqlı olmadığını, təxribatın ermənilər tərəfindən hazırlandığını və törədildiyini təsdiqləyir.

Erməni tərəfinin yaydığı məlumatlara gəlincə, bunlar yenə də 44 günlük müharibə dövründə olduğu kimi ziddiyyətli və təzadlıdır. Onlar əvvəlcə Azərbaycan hərbçilərinin istehkam tikən ermənilərə yaxınlaşaraq, guya təxribat törətdiklərini bildirdilər. Sonra eyni mənbələr dedilər ki, bəs guya ermənilərin korpus komandiri başının dətəsi ilə Azərbaycan mövqelərinə gələrək, nəyisə aydınlaşdırmaq istəyib və bizim hərbçilərimiz onlara atəş açdığı üçün qarşıdurma yaranıb və hər iki tərəf itki verib. 

Daha sonra isə ermənilər məlum videogörüntüləri istədikləri yerlərini kəsəndən sonra yayımladılar. Ancaq bu görüntülərdən də aydın olur ki, bizim əsgərlərin sayı azdır və onlar atəş açmadan, sadəcə, ermənilərlə nə baş verdiyini, nədən onların öz mövqelərini irəli çəkdiklərini aydınlaşdırmaq üçün hadisə yerinə gəlirlər və bu zaman silahlı qarşıdurmaya, təxribata cəlb olunurlar.

Təbii ki, bu, ilk və yəqin ki, heç də son belə təxribat deyil. Amerikada keçiriləcəyi gözlənilən danışıqlar fonunda belə təxribatların Rusiya və İrana sərf etdiyi heç bir şübhə doğurmur. Hər dəfə sülh prosesi istiqamətində hansısa hipotetik də olsa müsbət addım atılacağı gözlənilən zamanda bu cür təxribatlara yol verilir.



Bu arada qarşıdurma zamanı Ermənistana verilmiş İran PUA-larından istifadə edildiyinə dair məlumatlar yayılıb. Bu, hələlik rəsmən təsdiqlənməsə də, kifayət qədər inandırıcı və gözləniləndir. Azərbaycana “əzələ nümayiş etdirmək” istəyən İranın bu cür təxribatlarda maraqlı olması və orada onun sınıq-salxaq silahının istifadə edilməsi Tehran rejimi üçün simvolik xarakter daşıyır. Eyni zamanda da öz miskin mahiyyətinə görə heç də İrandan geri qalmayan və xeyli müddətdir ermənilərin qonağı olan avropalı müşahidəçilərin hadisə yerinə gəlməməsi də çox şeydən xəbər verir. 

Rusiya barədə isə ümumiyyətlə danışmağa dəymir. Belə təxribatlardan ən böyük mənfəəti Rusiya götürür. Çünki bu, Moskvanın təqdim etdiyinə görə, Rusiya olmadan bölgədə sülhün mümkünsüz olduğunu göstərən növbəti “faktdır”. Çünki bu, Avropa İttifaqı və Amerikanın bölgədə heç zaman Rusiyanı əvəz edə bilməyəcəyi təsəvvürünü yaratmağa xidmət edən hadisədir.

Beləliklə də bu təxribatın təşəbbüskarları və ondan xeyir götürənlərin dairəsi cizilmiş olur. Bəs Paşinyan hökuməti? Ona bu təxribat lazım idimi? 

Əlbəttə ki, Paşinyan hər nə qədər avantürist biri olsa da, ağlını tam itirməyib və Azərbaycanla birbaşa hərbi qarşıdurmanın nəyə gətirib çıxaracağını yaxşı anlayır. Ona görə də bu təxribatın daha çox orduda və siyasi rəhbərlikdə Rusiya və İrana xidmət edən qüvvələrin əl işi olması ehtimalı bir çox ekspertlər tərəfindən kifayət qədər yüksək qiymətləndirilir.

Ancaq hər necə olsa, yəqin ki, Azərbaycan tərəfi də bu cür təxribatlara daha sərt qarşılıq verməlidir. Özü də bunun Qarabağda, yoxsa Ermənistanla sərhəddə baş verməsindən asılı olmayaraq. Onlara bizə verdiyi itkilərdən qat-qat artıq itki verdirməyincə, belə təxribatlara əl atmaları ehtimalı da artacaq. Ən yeni tarix isə göstərir ki, nə ermənilər, nə də onların havadarları güc dilindən başqa dil tanımırlar...

C.Məmmmədov

“AzPolitika.info”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.