Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvini qəbul edib. Musavat.com xəbər verir ki, bununla bağlı Seyid Abbas Musəvi özünün Tvitter səhifəsində paylaşım edib.
Səfir paylaşımında aşağıdakıları qeyd edib: “Aparılan konstruktiv danışıqlardan sonra mən də onunla səmimi və konstruktiv söhbət etdim. Ümid edirəm ki, başlanan prosesin yekun nəticəsi hər iki ölkənin və regionun maraqlarının xeyrinə olacaq”.
Qeyd edək ki, ötən həftə Ceyhun Bayramovla İran xarici işlər nazirləri arasında 7-8 aprel tarixlərində telefon danışıqları olub, Tehran bu danışıqların nəticələrini müsbət qiymətləndirib. Azərbaycan XİN də nazirlər arasında baş tutmuş danışıqları müsbət qiymətləndirib və məsləhətləşmələrin davam etdirilməsini vacib hesab edib.
“Dövlətlərin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı əsasda hörmət Azərbaycan Respublikasının xarici siyasətinin dəyişməz prioritetidir. Bu xüsusda Azərbaycan tərəfi ölkəmizin milli mənafeyi və milli təhlükəsizliyinin təmin olunması üçün səylərini davam etdirir. Azərbaycan bütün qonşu ölkələrlə, o cümlədən İranla hər zaman qonşuluq münasibətlərinin inkişafında maraqlı olub”, - deyə XİN-in bəyanatında vurğulanıb.
Son iki ildə İran ordusu və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Azərbaycanla sərhəddə Ermənistanla birgə irimiqyaslı hərbi təlimlər keçirib. Yanvar ayında silahlı şəxsin Azərbaycanın Tehrandakı səfirliyinə hücum etməsi nəticəsində səfirliyin təhlükəsizlik xidmətinin rəisinin qətlə yetirilməsi və iki nəfərin yaralanması vəziyyəti daha da gərginləşdirib. Rəsmi Bakı bunu terror aktı adlandırıb və səfirliyi təxliyə edib, İran rəsmiləri isə hücum edən şəxsin siyasi deyil, şəxsi motivlərinin olmasında israr ediblər. Bundan başqa, martın 28-də tez-tez İran əleyhinə çıxışlar edən azərbaycanlı deputata qarşı sui-qəsd olub. Bundan sonra Azərbaycan İrana işləyən bir qrup şəxsi aşkar edib, həmçinin İranın Bakıdakı səfirliyinin 4 əməkdaşını “persona-non-qrata” elan edib".
Münasibətlərin gərginlik mərhələsindən çıxması, stabillik yaranması üçün ilk addımları Tehran atmalıdır. Qarşı tərəf öncə Azərbaycan səfirliyinə edilən hücumun araşdırılması barədə Bakıya müfəssəl məlumat verməlidir. Eyni zamanda İranın sərhədə qoşun birlikləri toplamaqdan və hərbi təlimlərindən tutmuş, internetdə təxribatçı görüntülər yaymasına qədər məsələlər müzakirə olunmalıdır. Azərbaycana qarşı təxribatçı qərarları məhz İranın güc strukturları və deputatları qəbul edirlər. Güc stukturlarının saytlarında və televiziyalarında Azərbaycan əleyhinə təbliğat heç zaman dayanmayıb. Bu məsələlərə də aydınlıq gətirilməlidir.
Azərbaycan və İran arasında əlaqələrin düzəlməsi iki tərəfə də fayda verər. Lakin İranın sonrakı günlərdə hansı mövqedən çıxış edəcəyi sual altında olduğundan, qonşu ölkələrin barışığa nail olub-olmayacağını demək çətin məsələdir. Proseslərin bundan sonrakı inkişafı necə görünür? İranla münasibətlərdə buzlar əriyir?
Xəyal Bəşirov
Politoloq Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, son zamanlar regionda baş verən proseslər, o cümlədən bu proseslərdə İranın aktiv rol alması regionda ciddi gərginliyin və narahatlıqların artmasına gətirib çıxarıb: "Çox təəssüf ki, İranın problemli mövzuya çevrilməsi münasibətlərimizdə heç zaman olmadığı həddə gərgin müstəviyə çatıb, ona görə bir sıra addımların atılması zərurətini ortaya çıxarıb. Əslində faktiki olaraq bu gün İranla Azərbaycan arasında qarşılıqlı səfərlər həyata keçirilmir, əlaqələr yox səviyyəsinə enib. Ölkə daxilində səfirin dövlət rəsmiləri tərəfindən qəbul edilməsi, nazirlərin telefon danışığı aparması isə yalnız daha ciddi hansısa problemlərin ortaya çıxdığı anlarda reallaşır. İranla Ermənistan arasında isə təmaslar, əlaqələr son zamanlar daha da sıxlaşdırılıb. Bu da təsadüfi deyil. Azərbaycan 30 ilə yaxındır İrana qarşı tətbiq edilən heç bir beynəlxalq sanksiyalara qoşulmayıb. Hətta buna görə zaman-zaman Azərbaycana bir çox güclərin münasibətində soyuqluqlar meydana gəlib. Lakin Azərbaycan hər şeyə rəğmən İrana qarşı sanksiyalara heç bir formada qoşulmayıb. İran tərəfi isə təəssüf ki, bunu dəyərləndirmədi. İran hakimiyyəti Azərbaycanın torpaqlarını işğal edən Ermənistana daim dəstək oldu və bu gün dəstəyini daha da gücləndirir. İran-Azərbaycan münasibətlərini indiki həddə gətirib çatdıran İrandır. Ona görə də İran normal qonşuluq münasibətləri qurmaq istəyirsə, yaxınlaşmaq istiqamətində addımları da o atmalıdır. Ancaq biz görürük ki, bir tərəfdən xarici işlər naziri, səfir Azərbaycanla təmaslardan qaçmır və münasibətlərin yaxşılaşmasını istədiklərini bəyan edir, o biri tərəfdən SEPAH və İranın digər hərbi, siyasi dairələri Azərbaycana qarşı hədələr yağdırır, Ermənistana açıq dəstək verdiklərini bəyan edirlər. Belə vəziyyət isə İran rejiminin əslində münasibətlərin düzəlməsində maraqlı olmadığını göstərir. Çünki İranın Azərbaycanla, bölgə ilə münasibətlərində əsas söz sahibi kimi SEPAH komandanlığı və digər bu kimi hərbi-siyasi strukturlar çıxış edir. Sanki onlar nə xarici işlər nazirlərini, nə də Bakıdakı səfirlərini saya salmırlar”.
Politoloq qeyd etdi ki, bu regionda sülhün, sabitliyin, əməkdaşlığın bərqərar edilməsində birinci növbədə regionda yaşayan dövlətlər maraqlı olmalı, onlar buna çalışmalıdır. Necə ki, Azərbaycan bunda maraqlı olduğunu daim nümayiş etdirir. İran rejimi prosesləri ciddi şəkildə təhlil etməli, bu bölgədə gərginliklərin, qeyri-sabitliyin ən böyük zərbəsinin məhz İrana dəyə biləcəyinin fərqində olmalıdır: “Bir çox beynəlxalq dairələr İranı sarsıtmaq, məhv etmək üçün münbit şərait, fürsət gözləyirlər. Ona görə də İran bu bölgədə sabitlikdə, əməkdaşlıqda bir nömrəli maraqlı ölkə olmalıdır. Hələlik biz bunu Tehranın siyasətində görmürük. İranla Türkiyəni qarşıdurmaya gətirib çıxarmaq istəyən qüvvələr də var. Bunun üçün Ermənistandan alət kimi istifadə edirlər. İranın hazırkı rejimi bütün bu proseslərin haraya aparıb çıxara biləcəyini anlamayacaqsa, yaxud vaxtında anlamayacaqsa, sonda onun özü üçün çox böyük fəlakətlər qaçılmaz olacaq. Azərbaycan qonşusundakı ölkələrlə münasibətlərin yaxşı olmasında həmişə maraqlı olub. İran da belə bir siyasəti ortaya qoyacaqsa, təbii ki, münasibətlərdə gərginliklər tədricən yumşalar. İran Azərbaycan və Türkiyənin proseslərdə ədalətli mövqe ortaya qoyduğunu anlamalıdır və buna uyğun siyasət yürütməlidir. Əgər Tehran bunu edəcəksə, ən düzgün yolu seçmiş olacaq. Ehtimal etmək olar ki, İranda siyasi qanadlardan biri bu mövqeyə yaxındır. Lakin qatı mühafizəkar-radikal xəttə olan qanad vəziyyətin düzəlməsi deyil, daha da pisləşməsi istiqamətində siyasətə üstünlük verirlər. Qeyd olunan telefon danışıqları və görüşlərin nəticələrinin olmamasına məhz mühafizəkar qanad imkan vermək istəmir. Azərbaycan isə səfirlə görüşlər keçirməklə, xarici işlər naziri ilə telefon danışıqları aparmaqla öz niyyətini ortaya qoyur ki, biz gərginlikdə maraqlı deyilik. Krizisin həlli üçün qarşılıqlı addımların atılması, konsensusun əldə edilməsi lazımdır. İranın Azərbaycana qarşı atdığı haqsız addımlara düzəlişlər etmək öhdəliyi var ki, nəhayət bunu edəcək. Nazirlərin telefon danışıqlarının olması, səfirlə görüşlərin keçirilməsi hələ buzların əriməsi deyil. Bu, buzların əriməsi üçün Azərbaycanın ortaya qoyduğu niyyətdir. Buzların əriməsi üçün qarşı tərəfin müsbət istiqamətdə ciddi addımlar atmasına ehtiyac var”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”