İran hökumətinin rəsmi xəbər orqanı olan “İran” qəzeti bugünkü sayında “Hüseyniyyun” terror qruplaşmasının üzvlərindən müsahibə alıb.
Musavat.com “Araz News”a istinadən xəbər verir ki, terrorçuların lideri Tovhid İbrahimbəyli ilə aparılan müsahibədə bu terror qruplaşmasının yaradılmasının yeni məqamları üzə çıxıb. Hüseyniyyun terror qruplaşmasının qurucusu Tovhid İbrahimbəyli Qasım Süleymaninin bu qrupun yaranmasındakı rolu haqqında deyir: “Hacı Qasım bir gün Suriyada müharibənin bitəcəyinə inanırdı, lakin müqavimətin İsraillə savaşı Cənubi Qafqazda davam edəcək. Bu səbəbdən o, bəzi qanunları yan keçərək “Hüseyniyyun” nizamnaməsini imzaladı".
Bu müsahibədə iştirak edən terror qruplaşmasının digər üzvləri arasında Orxan Məhəmmədov, Musa Əsədzadə, Əkrəm Hacızadə də var.
Müsahibədə “Hüseyniyyun” terror qruplaşmasının üzvləri 2018-ci ildə Gəncədə Elmar Vəliyevin terroruna görə məsuliyyəti dolayısı ilə öz üzərilərinə götürürlər.