Xəbər verdiyimiz kimi, aprelin 14-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İran XİN rəhbəri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub. Telefon danışığı zamanı nazirlər Azərbaycan və İran arasında ikitərəfli münasibətlərdə mövcud vəziyyəti müzakirə ediblər. Tərəflər danışıqların davam etdirilməsi və zərurət olacağı təqdirdə ikitərəfli səfərlərin həyata keçirilməsinin mümkün olduğunu bildiriblər.
Finlandiyada yaşayan Güney Azərbaycandan olan siyasi şərhçi Çingiz Göytürk Musavat.com-a açıqlamasında bildirib ki, ilk dəfə deyil İran xarici siyasət nümayəndələri gərginləşdirdikləri Azərbaycan-İran münasibətlərini müzakirə etmək üçün Azərbaycana müraciət edirlər.
Siyasi şərhçi xatırladıb ki, Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror aktını gerçəkləşdirmədən öncə belə danışıqlar cərəyan etməkdə idi:
“Yəni İranın danışıqlara cəhd etməsi heç də gərginliyin azaldılmasında meylli olması anlamına gəlmir. Böyük ehtimalla Azərbaycana qarşı nümayiş etdirdikləri əzələ nümayişlərinin təsirlərini ölçməyə çalışırlar. Digər tərəfdən, İran xarici siyasət nümayəndələri bu müzakirələrdə səmimi olsalar belə, unudulmamalıdır ki, İranda xarici siyasət də daxil, artıq bütün sahələr tamamilə silahlı qüvvələrin (SEPAH-ın) əlinə keçib. SEPAH xarici siyasət bürokratiyasının iradəsinə 180 dərəcə zidd mövqelər də sərgiləyə bilir. Dolayısı ilə bu görüşlərdə İran tərəfinin səsləndirdiyi fikirlərə və verdiyi sözlərə etibar olunmayacağını Azərbaycan Respublikasının rəsmiləri çox yaxşı bilir.
İran öz cəmiyyətinin etnik quruluşundan dolayı Azərbaycan Respublikasının varlığını, inkişafını, güclənməsini öz varlığının davamına qarşı təhlükə olaraq görür. Hər vasitə ilə onun inkişafının və güclənməsinin qarşısını almaq istəyir. Bu baxımdan İranın Azərbaycana qarşı düşmənçilik münasibətinin bitəcəyini düşünmək sadəlövhlükdən başqa bir şey deyil. Zaman-zaman Azərbaycan cəmiyyətində “İran böyük dövlətdir, onu qıcıqlandırmamaq lazımdır” kimi fikirlərin səsləndirildiyinə də şahid olmuşuq. Birmənalı olaraq bilinməlidir ki, İran 30 ildən artıqdır Azərbaycanın çağdaş, insani dəyərlərə söykənən bir dövlət olmasından, demokratik inkişafından, müstəqil siyasət aparma iradəsindən, dini-məzhəbi, etnik qruplara qarşı tolerant bir cəmiyyət olmasından, dünya dövlətləri içərisində sayğılı yer tutmasından qıcıqlanmaqdadır. İranı qıcıqlandırmamaq üçün bunların hansından vaz keçə bilərik? Bunlardan vaz keçə bilməyəcəyimizə görə geriyə yeganə yol qalır – 40 milyonluq Güney Azərbaycan da daxil olmaqla, bütün imkanlarımızı, potensialımızı hərəkətə keçirərək, səfərbər edərək İranın müstəqilliyimizə, demokratiyamıza, çağdaş, insani dəyərlərə sayğılı cəmiyyətimizə qarşı hücumlarını dəf etmək. Bu halda İran öz çomağını gizlədəcək”.
Musavat.com