Dünən Ermənistan və Rusiya xarici işlər nazirləri Ararat Mirzoyan ilə Sergey Lavrov arasında görüş keçirilib.
XİN başçılarının görüşü MDB Xarici İşlər Nazirləri Şurasının Özbəkistanın Səmərqənd şəhərində keçirilən iclası çərçivəsində baş tutub.
Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, bu görüşdə Lavrov və Mirzonyan Azərbaycan-Ermənistan sərhədi ətrafında hazırki siyasi vəziyyət, o cümlədən Bakı və İrəvan arasında münasibətlərin normallaşması və təmasların qurulması ilə bağlı məsələlər müzakirə olunub.
Rusiya və Ermənistan XİN rəhbərlərinin ikitərəfli görüşü ilə bağlı fikir bildirən bəzi ekspertlər Lavrov-Mirzonyan görüşündə Azərbaycana qarşı həm sərhəddə, həm də Qarabağda növbəti siyasi təxribatların planlaşdırıldığını iddia edirlər.
Məsələ ilə bağlı politoloq Oqtay Qasımov Cebhe.info-ya açıqlamasında qeyd edib ki, Rusiya və Ermənistan Cənubi Qafqazda sülhün və barışığın bərqərar olunmasında maraqlı deyillər.
“Çox güman ki, Ermənistan və Rusiya XİN rəhbərlərinin görüşündə bir sıra məsələlər müzakirə olunub.
Hesab edirəm ki, görüşdə Moskva və İrəvan arasında son gərgin proseslər əsas müzakirə mövzusu olub. Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı mövqeyi, Avropa İttifaqının müşahidə missiyasının Ermənistanda yerləşməsi, eləcə də Ermənistanın NATO-nun təlimlərində iştirakı iki ölkə arasında münasibətləri xeyli gərginləşdirib.
Rusiya Xarici İşlər Nazirliyinin mətuat katibi Mariya Zaxarova İrəvandan NATO-nun təlimlərində iştirak ilə bağlı izahat tələb etmişdi. Bu, Ermənistan tərəfindən ciddi təpkilərlə qarşılandı. Əlbəttə, Lavrov-Mirzonyan görüşündə son erməni təxribatı ilə bağlı məsələlərin müzakirə olunması da ehtimal oluna bilər.
Lakin nə Moskva, nə də İrəvan regionda sülhün, əmin-amanlığın və sabitliyin bərqərar olunmasında maraqlıdır. Ermənistan hakimiyyəti müxtəlif təxribatlara əl atmaqla sülh prosesini pozmağa və vaxtı uzatmağa çalışır. Bununla düşünür ki, guya nə vaxtsa regionda geosiyasi vəziyyət dəyişəcək və bunun nəticəsində müəyyən məsələlər öz xeyrinə həll edə biləcək.
Kreml də öz geosiyasi məqsədləri üçün bölgədə toqquşmaların və təxribatların müəyyən miqyasda davam etməsində maraqlıdır. Çünki hər hansı gərginlik onun regionda daimi qalmasına münasib şərait yaradır. Ola bilsin ki, görüşdə Lavrov və Mirzonyan ölkəmizə qarşı növbəti təxribatları müzakirə ediblər”.
Oqtay Qasımov may ayında Moskvada Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan rəsmiləri arasında gözlənilən görüş barədə də münasibət bildirib:
“Rusiyanın təklifi ilə gələn ay Moskvada Azərbaycan və Ermənistan rəsmiləri arasında görüşün keçirilməsi diqqətçəkən məsələdir. Xatırladım ki, Moskvadan öncə Vaşinqton belə bir təşəbbüslə çıxış etmişdi. Lakin Laçın istiqamətində təxribatın baş verməsindən sonra Azərbaycan və Ermənistan rəsmilərinin Moskvada növbəti görüşünün keçiriləcəyi ilə bağlı rəsmi məlumat yayıldı.
Hazırda Cənubi Qafqazda Rusiya və ABŞ arasında geosiyasi rəqabət artmaqdadır. Məhz Rusiya bu regionda özündən başqa heç bir siyasi qüvvəni görmək istəmir. Ona görə də Moskva Vaşinqton və Brüsselin regionda siyasi proseslərə müxadiləsinə imkan vermir. Gələn ay Moskvada keçiriləcək görüş də bu qəbildən sayıla bilər”.
Politoloqun fikrincə, may ayında Moskvada keçiriləcək görüşdə heç bir konkret müsbət nəticə əldə olunmayacaq:
“Rusiya Azərbaycan və Ermənistan arasında sülhün və barışığın olmasına qarşıdır. Ən azı üçtərəfli 10 noyabr Bəyanatının təminatçısı kimi Rusiya Ermənistanı öz öhdəliklərini yerinə yetirməyə vadar etməlidir.
Ancaq Moskvanın bu istiqamətdə heç bir addım atdığı görünmür. Ermənistan ordusunun Qarabağın dağlıq ərazilərində tör-töküntüləri hələ də qalmaqdadır, Zəngəzur dəhlizi açılmayıb. Rusiya üzərinə götürdüyü öhdəlikləri kobudcasına pozur".
Yunis Abdullayev
Cebhe.info